Huquqaz.com

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir

02.07.2022
1.618
Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir

Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir.  Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Əlbəttə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Bildiyiniz kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik gərgin əmək nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Bu günə kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırlıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün böyük töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.

Vəfa Xəlilli
Gəncliyə Dəstək İctimai Birliyin sədri

Şərhlər

Şərh yazılmayıb.