Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir
Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış etmişdir. Bir çox mövzular haqqında çıxış edən cənab Prezidentin toxunduğu məsələlərdən biri də müharibədən sonra Ermənistanın hərbi cinayətləri haqqında olmuşdur. O qeyd etmişdir ki, “kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”.
Ermənistan müharibənin gedişində istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı da ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərinidavam etdirirdi. İşğalçı tərəfindən Gəncə şəhərinə ballistik raketlərin atılması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqların da olması erməni faşizminin beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərir, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verirdi. Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən erməni terrorçularını döyüş meydanında layiqincə cəzalandırdı. Cəbhə bölgəsindən kənar yaşayış məntəqələrində törədilən cinayətlərin qisası artıqlaması ilə alındı.
İkinci Qarabağ savaşı başa çatsa da, torpaqlarımız erməni işğalından azad olunsa da, lakin erməni faşistləri yenə müxtəlif vasitələrlə insanların qətlə yetirilməsinə cəhd edir və bəzi hallarda buna nail olurlar. Bu gün müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb. Düşmən 30 il ərzində minaların bütün növlərindən istifadə edib. Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi cinayətlər saysızdır və zamanla onların qanlı təzahürləri meydana çıxır. Qarabağda və Şərqi Zəngəzurda bu illər ərzində xalqımıza məxsus tarixin silinməsi üçün Ermənistan dünyada analoqu olmayan amansız müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunmuş, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanmış, bu əməllərdə xarici şirkətlərin də iştirakı faktlarla sübuta yetirilmişdir. Azad olunmuş şəhər və kəndlərimizin hər qarışı özündə erməni vandallığını və vəhşiliyini əks etdirir. Ermənistan dövlətinin təcavüzkar siyasəti məhz mülki əhaliyə qarşı yönəlib və hərbi cinayətlər çoxlu sayda insanın öldürülməsi məqsədilə sistematik olaraq törədilib. Eyni kriminal əməllər müharibə dönəmində Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirilib. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Ümid edirik ki, bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən dəqiq qiymət veriləcək və cinayətkarlar öz layiqli cəzalarına çatacaqlar.
Elvin Məmmədov – Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.