Huquqaz.com

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək

01.02.2023
2.453
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.

Prezident cənab İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı. Azərbaycanın uğurlarının fonunda tərəfdaşlarının çoxluğunu böyük səmimiyyətlə bildirən Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, iki dövlət arasında dərin əməkdaşlığı yüksək dəyərləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini

 

Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı

2023-cü ilin yanvarın 29-da Macarıstana rəsmi səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın imzaladığı “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə yönəldərək bildirib ki, əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bu günədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir. Hazırda günümüzün əsas çağırışları sırasında yaşıl enerji sahəsində əlaqələrin qurulması xüsusi yer tutur.

Macarıstanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verib. Belə ki, Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Təkcə ötən il enerji sektorunda imzalanan iki sənədi qeyd etmək kifayətdir. 2022-ci ilin iyulunda ölkə Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Həmçinin ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

Önəmli perspektiv

Ötən il Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Azərbaycan dövləti ilə Avropa Komissiyası ilə sənəd imzalandı. Azərbaycan dövləti olaraq 5 il ərzində bu hədəfə nail olacağdır. Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür. Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik. Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır. Çətinlik doğuran digər bir vəziyyət isə yanacaq-enerji sərvətlərinin coğrafi yerləşməsindəki qeyri-bərabərliklə bağlıdır. Bu isə öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə bu resurslar uğrunda müxtəlif siyasi çəkişmələrin formalaşmasını stimullaşdırır.

Avropa Komissiyası enerji təhlükəsizliyi konsepsiyasını “strateji ehtiyatların qorunması və ya iqtisadi tələblər üçün yetərli olmayan milli mənbələrin çatışmazlığı səbəbiylə gələcəkdə əhəmiyyətli problem yaradan enerji ehtiyaclarına qarşı əlçatan və sabit xarici mənbələr təmin etmək qabiliyyəti” olaraq təyin edir. Ümumi bir qiymətləndirmə etsək, enerji təhlükəsizliyi konsepsiyasının enerji ixrac edən və enerji idxal edən dövlətlər üçün fərqli məna daşıdığını görürük. Enerji ehtiyatlarına sahib olan və istehsal edən ölkələr iqtisadi inkişafını təmin etmək üçün tələb müxtəlifliyini axtararkən, daha çox enerji istehlakçısı olan idxalçı ölkələr tədarük müxtəlifliyini izləyirlər. Bu tətbiq olunan enerji siyasəti sayəsində dövlətlər enerji təhlükəsizliyini təmin etməyə çalışırlar. Yarana biləcək hər hansı bir siyasi və iqtisadi böhranda, əsasən idxal edən dövlətlər enerji qıtlığı ilə qarşılaşmırlar; ixrac edən dövlətlər isə bir istehlakçıdan asılı olmayaraq enerjidən gəlir əldə etməyə davam edə bilərlər. Enerji idxal edən dövlətlər baxımından enerji təchizatı təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu, idxal edə biləcəkləri enerji mənbələri və bölgələrinin müxtəlifliyini təmin etməkdir. Enerji tədarükünün müxtəlifliyini təmin etmək bu dövlətlərin enerji strategiyalarının mərkəzindədir. Enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində əsas olan amillər vardır ki, bunlar istifadə olunan enerji ehtiyatlarının, digəri isə qeyd olunan enerji ehtiyatlarının təmin edildiyi bölgələrin şaxələndirilməsidir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər

Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.  Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq.  Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tam şəkildə istifadəyə veriləndən sonra kompleksin ümumi yükdaşıma həcmi ildə 25 milyon tona çatdırılacaq. Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan və Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi də respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi daha yüksəkdir. Bu dəmir yolu xətti Avropa və Asiya qitələrini birləşdirən yeni nəqliyyat dəhlizidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol kimi Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlərini zaman keçdikcə daha da artıracaq.

Postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması əsas hədəflərdən biridir. Nəticə etibarilə nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması göstərir ki, beynəlxalq yükdaşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, respublikamıza iri məbləğdə əlavə valyuta daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artmasının da samballı göstəricisidir. Azərbaycanın reallaşdırdığı bir sıra qlobal layihələr, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Azərbaycan bu nəqliyyat dəhlizlərinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Bunlarla bərabər, beynəlxalq logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir. Bu yöndə gerçəkləşdirilən kompleks layihələr regional tranzit yüklərin Azərbaycan nəqliyyat dəhlizinə cəlb edilməsi ilə əlavə dəyər yaradılmasına nail olmağı, regionda bu sahə üzrə daha cəlbedici ölkəyə və beynəlxalq qovşağa çevrilməyi nəzərdə tutur. Reallıq ölkəmizin bu hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır

Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hal-hazırda beynəlxalq enerji şirkətləri ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbatın bərpa olunan enerji mənbələri hesabına tam ödənilməsi və yaşıl texnologiyalardan geniş istifadə olunacaq “Yaşıl enerji zonası”nın yaradılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanda növbəti illərdə əhəmiyyətli həcmdə yaşıl elektrik enerjisinin ixracına imkan yaradacaq layihələrin həyata keçirilməsi üzrə işlərə artıq başlanılıb. ”Masdar” şirkəti ilə birlikdə biz 2027-ci ilə qədər ümumi gücü 4 GVt olan külək və günəş enerjisi istehsal olunacaq. Avropa İttifaqı bu həcmlər üçün ən böyük potensial ixrac bazarıdır. 18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” nda nəzərdə tutulan enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığımız davamlı və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və hidrogen istehsalı sahəsində işlər davam etdirilir.

Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması baş verir ki, bu layihə “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Beləliklə, ölkəmizin Avropanın enerji təminatını bu dəfə “yaşıl enerji” vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür. Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində dördtərəfli əməkdaşlığın əsasını qoyur. Bu gün dünyada enerji və geosiyasi vəziyyətlə bağlı müasir reallıqlarda Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var. Bu baxımdan Avropa İttifaqı ilə də imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər “yaşıl” enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi və “yaşıl” hidrogenin istehsalı-ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə də əməkdaşlığı əhatə edir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.