Huquqaz.com

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib

23.06.2022
1.720
Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib.

 

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır Ulu öndər keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi.

XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Ulu öndər Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Ulu öndər Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan və sosial-iqtisadi təlatümlərdən xilas etdi. Ötən əsrin sonunda ulu öndərin siyasi uzaqgörənliyi, yorulmaz fədakarlığı və əzmkarlığı Azərbaycanda hökm sürən hərc-mərcliyə, tənəzzülə, vətəndaş qarşıdurmasına son qoydu. Həyatımızı əhatə edən tarixi gerçəkliyin qərarlaşması birbaşa Ulu öndər Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur. Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır. Doğma Azərbaycanımızın son illərdə əldə etdiyi nailiyyətlər, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən qoyulmuş ölkənin inkişaf strategiyasının yeni mərhələdə, dövrün çağırışlarına uyğun onun layiqli varisi cənab prezident İlham Əliyev tərəfindən inamlı davamının nəticəsidir. Ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Ulu öndər Heydər Əliyevin bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan öz uğurları ilə hələ uzun illər dünyanı heyrətləndirməkdə davam edəcək.

 

Nağıyev Abbas –Zərdab rayonu Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.