Huquqaz.com

Doğma Vətənə qayıdış

01.09.2023
2.164
Doğma Vətənə qayıdış

Doğma Vətənə qayıdış

XX əsrin 80-ci illərinin sonunda ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsi qısa müddət sonra ermənilərin illərdir, Azərbaycan torpaqlarına qarşı iddialarının yenidən baş qaldırmasına şərait yaratmış, nəticədə Naxçıvan Muxtar Respublikasının sərhədyanı yaşayış məntəqələri davamlı erməni təcavüzünə məruz qalmışdır. Havadarlarının dəstəyi ilə edilən silahlı hücumlar əhalinin dincliyini əlindən almış, muxtar respublika blokada vəziyyətində yaşamağa məcbur edilmişdir. Məhz belə bir çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş etmişdir. Eyni zamanda Vətənə bu qayıdış xalqımızda Azərbaycanın bütün bəlalardan xilas olacağına da ümidləri artırmışdır. Xalq Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bu çətin vəziyyətdən çıxmasının yalnız ulu öndər Heydər Əliyevin sayəsində mümkün olacağını bilirdi. Təsadüfi deyil ki, zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara gəlişi əhali üçün əsl bayrama çevrilmişdir. Sonralar ümummilli liderimiz bu barədə demişdir: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

Naxçıvana gəldikdən 2 ay sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlament­lərinə keçirilən seçkilərdə xalq görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürərək muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz ümummilli liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Müstəqilliyin rəmzi

Naxçıvan Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur. Milli idarəçilik ənənələrinin yaşadıldığı, birlik və həmrəyliyin dəyişməz ünvanı olan bu qədim diyar, həm də tarixin yaddaşına Azərbaycan xalqının Qurtuluşuna gedən Böyük Yolun başlanğıcı kimi düşmüşdür. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyev xilaskarlıq missiyasına, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə məhz Naxçıvandan başlamışdır. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası Ulu öndərin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmz­ləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvanda qaldırıldı.

Həmin dövrdə bu cür qətiyyətli addımları, ancaq ulu öndər ata bilərdi. O çətin günlərdə sakinlərlə bir yerdə olan ulu öndərə əhalinin sevgi və ehtiramı o qədər böyük idi ki, hər kəs dünya şöhrətli siyasətçinin muxtar respublikaya rəhbərlik etməsini istəyirdi. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycan tarixində ulu öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı. Sessiyadakı ilk çıxışında Ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. …Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi.

Ali Məclisin Sədri kimi ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan ilk addım idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, ölkəmizdə ilk Milli Ordu yaradıldı,  Naxçıvanın müdafiə potensialı gücləndirildi və beləliklə, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası bu qədim diyarda qoyuldu. Ümummilli lider o dövrdə, həm də  Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsaslarını yaradaraq dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirildi.

Təcavüzkar Ermənistanın blokadaya saldığı, mərkəzi hakimiyyətin isə biganə münasibət göstərdiyi Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni xüsusilə diqqətdə saxlayan Ulu öndərimiz 1992-ci ildə İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaş­lığa dair protokollar imzalandı. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır… Məhz Naxçıvanda ulu öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmişdir… Azərbaycanın müasir siyasi sistemi məhz Naxçıvanda yaradılmışdır”.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı

Ulu öndərin muxtar respublikanın xilası, müstəqil dövlətçilik naminə gördüyü işlər ozamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanırdı. Bütün bunlar bir məqsədə – Ulu öndər Heydər Əliyev ideyalarının, xilaskar­lıq missiyasının qarşısını almağa xidmət edirdi. Lakin buna nail olmaq mümkün deyildi. Ona görə ki, bütün Azərbaycan Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü. Azərbaycan xalqının güvəncinə çevrilən ümummilli liderimizə 1992-ci ilin 16 oktyabrında ölkə ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə ümummilli lider Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuş “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.  Beləliklə, Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya qısa müddətdə öz sıralarında milli ruhlu insanları birləşdirərək Azərbaycançılıq ideyalarına mənsub kütləvi siyasi təşkilata çevrildi.

Bu, bir reallıqdır ki, ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və buradakı fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycanda ölkəmizin parlaq gələcəyinə böyük inam hissi yaratmışdı. Məhz buna görədir ki, ölkəmizin digər region­larında yaşayan insanlar Ulu öndər Heydər Əliyevə tele­qramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Bu məktub və teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Ulu öndər təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olmuş, onların problemlərinin həllinə çalışmışdır.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər

1993-cü ildə AXC–musavat cütlüyünün yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycanın xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ümummilli liderimizi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çox­əsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu. 15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Ümummilli lider qısa müddətdə ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın qarşısını aldı, qanunun aliliyi təmin olunaraq demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, mühüm iqtisadi layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə düşmüş, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz ulu öndər Heydər Əliyev ideyalarında və yolundadır.

Bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, azadlıq və müstəqilliyimiz daimi və əbədi olmuş, ölkəmizin nüfuzu daha da artmışdır. Parlaq qələbəmizlə bitən 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ideyalarımızın önündə gəlir. Görkəmli dövlət xadiminin ümummilli ideyaları Naxçıvanda da yeni inkişaf dövrünün başlanmasına rəvac vermiş, muxtar respublika bütün sahələr üzrə inkişaf edərək əsl tərəqqiyə qovuşmuşdur. Bu gün elmi, mədəni, iqtisadi uğurları ilə hər kəsi heyrətləndirən Naxçıvan artıq ulu öndərin arzularının reallaşdığı diyardır. Bu reallığın təməlində isə dahi liderin siyasi xəttinə böyük ehtiram və sədaqət dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ulu öndərin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu gün bütün sahələrdə, bütün bölgələrdə və o cümlədən Naxçıvanda Heydər Əliyev siyasəti uğurla icra edilir. Bu siyasət milli maraqlarımızın müdafiə edilməsi üçün yeganə düzgün siyasətdir. Ölkəmizin dinamik inkişafı göstərdi ki, bu siyasətə alternativ yoxdur.”

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.