Huquqaz.com

Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin açılmasının xüsusi qeyd edilməsidir

15.06.2022
1.163
Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin  açılmasının xüsusi qeyd edilməsidir

Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin  açılmasının xüsusi qeyd edilməsidir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə  bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.

Bəyannamənin 15 iyun -Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması isə təsadüfi deyildir. 28 il öncə 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 28 ildən sonra isə – 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada yeni sənəd imzaladı. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsidir. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq!

Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin açılmasının xüsusi qeyd edilməsidir. Təbii ki, Zəngəzur dəhlizinin açılması Vətən müharibəsindəki 44 günlük Zəfərimizin yaratdığı geosiyasi şəraitdir. Prezident İlham Əliyev bu Bəyannamənin tarixi əhəmiyyətini və dünya üçün böyük maraq kəsb edəcəyini xüsusi vurğulayıb: «Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.»

Təbii ki, cənab Ərdoğanın Şuşa səfəri və Şuşa Bəyannaməsini imzalaması bölgəyə yeni siyasi ab- hava gətirdi. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi, Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir – strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar. İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibətləri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Şuşadan region dövlətlərinə, o cümlədən, dünyaya çox açıq və aydın mesaj verildi – regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.

 

Rasim Hüseynov –Zərdab  Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi  daha da inkişaf edib

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan Şuşa şəhəri haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir, Şuşa hamı üçün əzizdir, Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi  Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının  mühüm  mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur.

44 günlük Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yaranmışdır. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırmışdır.

Belə ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və  onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq, ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulanmışdır.

Hər iki ölkə rəhbəri tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin bir ili tamam olur.  Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da inkişaf edib.

Bəyannamənin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması, yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bu baxımdan Şuşa Bəyannaməsini Azərbaycanın  təhlükəsizliyinə zəmanət sənədi kimi səciyyələndirə bilərik. Hansı ki, Qars müqaviləsi ilə Naxçıvan 100 il əvvəl qardaş Türkiyə dövlətinin təhlükəsizlik zəmanəti altına daxil oldu, eləcə də Şuşa Bəyannaməsi bütün Azərbaycanın təhlükəsizliyinə böyük təminat qazandırmış oldu. Hər iki ölkənin ümumi  maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin  qarşılıqlı  şəkildə  əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı oldu.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı üçün tarixi bir günə – 15 İyun Milli Qurtuluş Gününə təsadüf etməsi isə ayrıca qeyd olunmalı vacib bir nüansdır. Azərbaycan dövlətçiliyinin xilas günü kimi səciyyələndirilən 15 iyun tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə daha da əzəmətlənərək xalqımız üçün ikiqat bayrama çevrildi.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi də böyük əhəmiyyətə malikdir.

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına qoşub. Ordumuzun gücü, qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında və İkinci Qarabağ döyüşlərində bir daha təsdiqlədi. Yenilməz ordumuzun 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Bu müharibədə qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Eyni zamanda, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir. Bu tarixi sənədin imzalanmasından bir il ötür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur: “Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir”.

Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Komitə sədri Bəyannamənin Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslandığını bildirib: Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib”.

Ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.

 

Rəmzi Şirinov-Zərdab rayonu Dəkkəoba kənd sakini, fəal gənc

 

 

 

Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu

 

Azərbaycan və Türkiyə dost, qardaş ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. Bu iki qardaş ölkə həmin yaxşı, həm dar gündə bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin şahidi bir daha oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu dəstək indi davam edir və hər zaman belə olacaq.

Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə ötən il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib. Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

Şuşa Bəyannaməsinin müttəfiqliyin geostrateji əhəmiyyətini artırdığını deyən, deputat bildirib ki, bu sənəd ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

“Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi təbii olaraq, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmağa imkan verəcəkdir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq və Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır.

Ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaqdır.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bundan sonrada əbədi olaraq yaşayacaq və yeni -yeni birgə uğurlara, zəfərlərə imza atacaqdır.

 

Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq əlamətdar tarixi hadisələrdən biridə 15 iyun 2021-ci il tarixdə mədəniyyət beşiyimiz sayılan Şuşa şəhərində iki qardaş dövlət arasında imzalanan “Şuşa Bəyannaməsi”dir. Bu tarixi hadisə nəinki Azərbaycan və Türkiyənin həmçinin bütün Türk dünyasının həmrəylik təməli və təntənəsi deməkdir. Milli dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması iki qardaş ölkənin birliyinin və sarsılmazlığının əsas göstəricisidir. Hər iki ölkənin ümummilli maraqlarının qorunmasında xüsus əhəmiyyət kəsb edən, eləcə də regional və beynəlxalq strateji məsələlərdə birgə fəaliyyətlərinin qurulmasına istiqamətlənən Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin başçılığı altında regionda yeni reallıqların, sülhün və təhlükəsizliyin təməlini təşkil edir.

Tarixə nəzər salanda Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin qədim dövrlərə təsədüf etdiyinin şahidi olarıq. Beləki düz yüz il əvvəl imzalan tarixi Qars müqaviləsi və bu müqavilənin iki qardaş xalq üçün önəmi hər kəsə yaxşı məlumdur. Həmçinin yüz il əvvəlki tarixə nəzər salsaq, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanmasıda söylədiklərimizə bariz nümunədir. Tarix təkrarlandı və yenə Azərbaycan Türkiyə birliyi və qardaşlığı yeni bir dönəmə keçid etdi. Bu gün ki reallıq ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, bölgədə sülhün və sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Qeyd etmək lazımdı ki, 44 günlük şanlı Vətən Müharibəsi zamanı qardaş Türkiyənin dövlətimizə verdiyi siyasi-mənəvi dəstəyin hər birimiz şahidi olduq. Xüsusən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yan-yana dayanması hər bir Azərbaycan vətəndaşında böyük qürur və fəxarət hissi yaratdı.

Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik və dosluq əlaqələri ən yüksək səviyyəyə qalxmış oldu və bütün dünya iki qardaş ölkənin birliyinin sarsılmaz olduğunun şahidi oldu.

Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bundan sonrada əbədi olaraq yaşayacaq və yeni -yeni birgə uğurlara, zəfərlərə imza atacaqdır.

 

Cavid Nuriyev –Zərdab şəhəri, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.