Əlavə güc mənbəyi
Əlavə güc mənbəyi
İkinci Qarabağ müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə və onun rəhbəri savaş bitəndən sonra da daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı isə Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb. Müharibənin gedişində Türkiyənin hər yerindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi, vəhdətimizi nümayiş etdirdi. Vətən müharibəsi getdiyi günlərdə Türkiyə mətbuatı haqq işimizi obyektiv, qərəzsiz işıqlandırdı, mətbuat nümayəndələri savaşın ən təhlükəli anlarında belə real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atmaqdan çəkinmədilər.
Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə əməkdaşlığında yeni dövr başlayıb. Regionda yeni vəziyyət, geosiyasi reallıq yaranıb. Tarixi hadisəyə çevrilən və mühüm önəm daşıyan “Şuşa Bəyannaməsi” imzalanıb. Qardaş ölkə Qarabağın bərpasında köməyini əsirgəməyib. İlk müqavilələr Türkiyə şirkətləri ilə imzalanıb. Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onlar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edirlər.
Zeynalov Səlim – Zərdab rayon Dəkkoba kənd tam orta məktəbinin direktoru
Şərh yazılmayıb.