Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu
Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva mərasimdə iştirak edərək burada yaradılan şəraitlə tanış oldular. Sonra Ağalı kənd sakinləri ilə görüşən dövlət başçımız öz çıxışında Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsini müstəqilliyimizin möhkəmlənməsindən asılı olduğunu vurğuladı.Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.
Öz çıxışında Prezidentimiz; “Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi və beləliklə, bizim qədim diyarımız bizdən ayrı düşdü. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi” sözlərini vurğuladıqdan sonra bildirdi ki, 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır.
Prezidentimiz Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında dünyada güc amilinin ön planda olması və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə də toxundu. Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də . Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.
Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq. Biz ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz Ermənistandan fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Ermənistan xarici dəstək olmadan ayaqda dura bilməz. Bunu onlar da yaxşı bilirlər. Amma biz? Biz müharibəni bütün təzyiqlərə, hədə-qorxulara rəğmən elə aparmışıq və istədiyimizə nail olmuşuq. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir dövlətdir.
Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq.
Möhtərəm cənab Prezident öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu.
İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezidentimiz İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.Qarabağın digər bölgələri də çox tez bir zamanda arzuladığımız məqama gələcək, arzuladığımız kimi inkişaf edəcək, arzuladığımız kimi dirçələcək. Buna kimsənin şübhəsi yoxdur
Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi-Kəmalə Məmişova
Şərh yazılmayıb.