Huquqaz.com

Bu tarixi Zəfərdən sonra Cənubi Qafqaz regionunda yeni reallıq yarandı

12.11.2024
3.335
Bu tarixi Zəfərdən sonra Cənubi Qafqaz  regionunda yeni reallıq yarandı

Bu tarixi Zəfərdən sonra Cənubi Qafqaz  regionunda yeni reallıq yarandı

Bu gün Azərbaycanın  müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər bayramını qeyd edirik. Bu gözəl bir gündə möhtərəm cənab Prezident Zəfər parkının açılışını etdi və açılış zamanı da Azərbaycan xalqına müraciət etdi. Bu Qələbənin bu tarixi zəfərin Azərbaycan üçün, xalqımız üçün nə qədər böyük olduğunu, əlamətdar olduğunu bir daha qeyd etdi. İllər boyu həsrətlə gözlədiyimizə və ürəkdən istədiyimizə biz nail olduq. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan tarixi qələbə qazandı, Zəfər əldə etdi, öz ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı sayəsində reallığa çevrildi.  Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Bu tarixi Zəfərdən sonra Cənubi Qafqaz regionunda yeni reallıq yarandı. Azərbaycan ötən ilin sentyabr ayında bütün ərazilərində suverenliyini  tam bərpa etdi. Bu gün Azərbaycan öz müstəqil siyasəti ilə, hərbi qüdrəti ilə, iqtisadi gücü ilə qüdrətli dövlətdir. Təbii ki, bu gözəl gündə biz unutmamalıyıq ki, bu qələbəmizi şəhidlərimizin qanı hesabına qazanmışıq.

Bu gün azad olunmuş torpaqlarda çox genişmiqyaslı, abadlıq-quruculuq tikinti-bərpa işləri aparılır ki, bizim soydaşlarımız uzun müddətdən sonra öz tarixi torpaqlarına qovuşa bilsin, orda rahatlıqla yaşaya bilsin. Artıq Böyük Qayıdış başlayıb. Həmin torpaqlar Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilir.

Heç kim unutmamalıdır ki, Azərbaycan bu gün istənilən təzyiqlərə cavab vermək iqtidarında bir dövlətdir. Bu gün də bəzi dairələr, siyasi təşkilatlar hələ də Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə öz yolu ilə gedərək müstəqil siyasət həyata keçirir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Bu Qələbə bizimlə əbədi olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Açılışda çıxış edən dövlətimizin başçısı bildirib ki, qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir.Biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində müasir üslubda inşa edilmiş və çox əzəmətli Zəfər tağı yerləşir. Hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyduqdan sonra xalqa müraciət etdi. Dövlətimizin başçısının bu müraciəti son 4 ildə görülən işlərin hesabatı kimi də xarakterizə oluna bilər. Zəfər bayramı münasibətilə xalqı təbrik edən Müzəffər Ali Baş Komandan bildirdi ki, bu Qələbə heç də asanlıqla başa gəlməyib. Bu şanlı tarixi Azərbaycan xalqı öz qanı və gücü ilə yazıb, bu yolda minlərlə igid övladını qurban verib. Bu yolda şəhadətə yüksəlmiş şəhidlərimizə Allahdan rəhmət diləyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bundan sonra da xalq, millət olaraq öz gücümüzə inamla, Vətənə sədaqət andımıza sadiq qalaraq mübarizəmizi davam etdirəcəyik.

30 il işğal altında, düşmən tapdağında qalan əzəli və əbədi yurd yerlərimizin bu vəziyyətdə qalmasına xalqımız dözmürdü və dözə də bilməzdi. “Erməni havadarları hamını inandırmağa çalışırdılar və dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da, Azərbaycan xalqını təslimçiliyə alışdırmaq, öz torpaqlarından könüllü imtinaya hazırlamaq istəyirdilər. Lakin Ulu Öndər Heydər Əliyevin cızdığı strategiya ardıcıl olaraq həyata keçirilir, xarici siyasətdə və diplomatiya sahəsində bu böyük şəxsiyyətin müəyyən etdiyi prioritetlər qorunurdu. Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunda yeni bir dönəm başladı və özünün qeyd etdiyi kimi, o, hər gün, hər saat müharibəyə – torpaqlarımızın azad olunması yolunda mübarizəyə hazırlaşırdı. Məhz bu mübariz sərkərdənin rəhbərliyi ilə güclü ordu yaradılır, iqtisadi inkişafı təmin edilirdi. Çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkinin böyüklüyü, beynəlxalq tribunalardan haqqımızın qətiyyətlə tələb edilməsi, xalq-iqtidar birliyi, mübariz gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bunun nəticəsi olaraq dövlətimizin başçısının dediyi kimi, cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərib. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.”

Çox təəssüflər olsun ki, öz xalqının düşməni olan bir sıra erməni siyasətbazları hələ də müəyyən güclərin arxasında gizlənərək revanşist siyasət yürüdür, öz “ağaları”nın diktəsi ilə yenə də bölgədə fitnə-fəsad yaratmaq üçün münbit şərait gözləyirlər. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı və dövləti 30 il bundan əvvəlki xalq və dövlət deyildir. İndi bizim ən güclü ordularla müqayisə edilə bilən ordumuz, ölümün gözünə dik baxan mərd oğullarımız, ən əsası xalqla iqtidarın birliyini təmin edərək alınmaz qala quran və informasiya müharibəsində təkbaşına döyüşən Müzəffər sərkərdəmiz – Ali Baş Komandan İlham Əliyev kimi müdrik rəhbərimiz var. Onun sözü və əməli arasında fərqin olmadığını dünya birliyi birmənalı şəkildə gördü və qəbul etdi. Onun son sözü isə belədir: “Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərhlər

Şərh yazılmayıb.