Zəngilan rayonu böyük qayışıdın möhtəşəm simvoluna çevrilir
Zəngilan rayonu böyük qayışıdın möhtəşəm simvoluna çevrilir
Zəngilan rayonu da erməni vandallarının dağıdıcılıq və ekoloji terror əməllərinə məruz qalıb, bütün kəndlər yerlə-yeksan olub, tarixi-dini abidələr məhv edilib. Lakin bu gün işğaldan azad olunmuş digər ərazilər kimi Zəngilanda da abadlıq-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri başlanıb, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də əsaslı şəkildə təmir olunur. Həmçinin, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu, bu il istismara veriləcək Zəngilan Beynəlxalq Hava Limanı da var. Bütün bu işlər heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi və tezliklə insanların doğma torpaqlarına qayıtması üçün reallaşdırılmaqdadır.
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda qeyd etdiyi kimi keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir: “Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur və burada salınan “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri yaradılır. Ərazidə tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası inşa edilir. Ümumilikdə, Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Zəngilanda həyata keçirilən işlərdə əsas amillər təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafdır: “Şübhəsiz ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaq. Hətta, Ağalı kənd sakinləri doğma kəndlərinə qayıtdıqdan sonra “Ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Növbəti mərhələdə isə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaq, yeni iş yerləri yaradılacaq. Bir sözlə, həyata keçirilən işlər və perspektiv planlar işğaldan azad olunmuş ərazilərə qayıdacaq insanların təhlükəsizliyinə və firavan yaşayışına xidmət edir. İlk nümunə də elə Zəngilan rayonu, Ağalı kəndi olacaq”.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Şərh yazılmayıb.