Huquqaz.com

Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirir

21.02.2023
2.380
Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirir

Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirir

Ermənistan baş naziri tərəfindən qeyri-obyektiv fikirlərin səsləndirilməsi hələ də Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasını əngəlləyən əsas amillərdən biri kimi çıxış edir: “Bu gün heç kimin, o cümlədən Ermənistanın baş naziri Paşinyanın qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamaları, əlbəttə ki, ciddi qəbul edilə bilməz və qəbul edilmir. Çünki müasir dünyada həqiqətləri gizlətmək və ya reallıqları təhrif etmək mümkün deyil. Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Cənab Prezidentin dediyi kimi, beynəlxalq tərəfdaşlar da Azərbaycanın nə istədiyini bilirlər. Təbii ki, Azərbaycan üçün ilk növbədə Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxması vacibdir. Çünki, Qarabağ məsələsinin hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilməsi mümkün deyil. Dövlətimizin başçısı bunu cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də açıq şəkildə bildirdi. Həmçinin Azərbaycan Ermənistanla sərhədlərinin məhz tarixi xəritələr əsasında delimitasiya olunmasını istəyir ki, bu tələb də tarixi məntiqə əsaslanır. Ən əsası, Azərbaycan Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından əl çəkməsini və münasibətlərdə normallaşmanı istəyir. Beləliklə, ölkəmizin mövqeyi aydın və hər kəs üçün başa düşüləndir. Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın nə mövqeyində, nə də istəklərində heç bir aydınlıq yoxdur. Təbii ki, bu vəziyyət sülh prosesini əngəlləyir.”

Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirir. Artıq bir çox Avropa ölkələri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki il bundan əvvəl Cənub Qaz Dəhlizi layihəsi icra edildi və Azərbaycanın təbii qaz resurslarının Avropa İttifaqı məkanına çatdırılmasına başlandı. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə təbii qazın ixrac həcmi bu gün artıq Avropa ölkələrini qane eləmir. Buna görə də enerji təhlükəsizliyi məsələsi indi Avropa ölkələri üçün bir nömrəli problemə çevrilib. Prezident İlham Əliyevin dediyi kimi, istər Davos Forumu çərçivəsində, istər Münhen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Azərbaycan da etibarlı tərəfdaş ölkə olaraq bu problemin həllində önəmli rol oynayır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfədən də çox artırmağı planlaşdırır. Əlbəttə ki, burada Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Diqqətəlayiq haldır ki, bir çox görüşlərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr qeyd olunur və Ölkə Prezidentinə təşəkkürlər çatdırılır. Bu isə bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi enerji diplomatiyasının son dərəcə uğurlu olduğunu göstərir.


Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Şərhlər

Şərh yazılmayıb.