Xanlarov “hamam suyu ilə özünə dost tutur”? – Xalqın haqqı ilə “büdcəyə qənaət” //VİDEO + FOTO
Deyir, “ağanın malı gedir, nökərin canı çıxır”.
Elə bu misalı ölkəmizdəki dövlət qurumlarında çalışan səlahiyyət sahiblərinə, hətta bəzi qurum rəhbərlərinə də aid etmək olar.
Dogrueber.az: – Təsəvvür edin ki, özləri dövlətin büdcəsini müxtəlif vasitələrlə talayırlar, növbə vətəndaşlara gələndə keçirlər “qənaət rejimi”nə. Gah, “büdcədə vəsait yoxdur, əsas diqqət Qarabağda görülən işlərə yönəldilib” deyərək, illərdir ev növbəsində olan imtiyazlı şəxsləri, şəhid ailələrini Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini – şəhid anası Kətan Həsənova kimi yola verirlər, gah da Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun əməkdaşlarının “baxış şeyi”ni əsas götürərək, Daşkəsən rayon sakini Vüsalə Məmmədovanın təbii fəlakət nəticəsində dağılmış evini kimi sözün əsl mənasında veclərinə almırlar.
Cəbrayıl Xanlarovun özünün, gənc oğlunun biznes və sərvətlərinin siyahısı sadalamaqla bitmədiyi halda, onun Gəncə-Daşkəsən, Zaqatala və sair rayonlardakı səlahiyyətli əməkdaşları təbii fəlakət nəticəsində əmlakına zərər dəymiş vətəndaşlara qarşı ədalətsiz yanaşır, dövlətin öz vətəndaşları üçün ayırdığı vəsaiti onlara sərf etməyə xəsislik edirlər.
Daşkəsən rayonunda üzvlərindən 4-nün müharibə iştirakçısı olduğu iki ailənin artıq ikinci ildir evsiz-eşiksiz qaldığı barəsində dəfələrlə bəhs etmişik.
Xatırlayırsınızsa, sözügedən ailənin gəlini Vüsalə Məmmədova bildirirdi ki, onların iki ailənin sığındığı yeganə mənzilləri ötən il yağan güclü leysan yağışları nəticəsində dağılmış və tamamilə yararsız vəziyyətə düşmüşdür. Gəncə layihə institutunun əməkdaşı Rüstəm adlı şəxs oraya gedərək, yerində baxış keçirib, akt tərtib edib, aktda isə mənzilin köhnə tikili olduğu üçün dağıldığını qeyd edib.
Telefon əlaqəsi saxlayıb, mənzilin təbii fəlakət nəticəsində dağıldığını əks etdirən videogörüntülərin belə olduğu halda, niyə aktda əsl səbəbin göstərmədiyini soruşuruq, deyir, – “qardaş, bizim rəisin baxış şeyi budur”.
Vüsalə xanımın sözlərinə görə o, Cəbrayıl Xanlarovun şəxsən qəbulunda da olub, lakin bu görüş də nəticəsiz qalıb.
Son aylar, daha doğrusu son illər Cəbrayıl Xanlarovun və rəhbərlik etdiyi agentliyin barəsində artan şikayət və narazılıqlardan belə çıxır ki, Xanlarov üçün insanların haqlarını mənimsəmək, onların ahını almaq Londonda yeni-yeni bizneslər yaratmaq qədər asan olub.
Qınamalı deyil, Avropada təhsil alıb, orada böyüyüb, 15 yaşında biznes sahibi olan oğulun atası axı hardan bilsin ki, qazilər, müharibə veteranları nə çəkir?!…
Müharibə veteranı demişkən, daha bir vətəndaş – 67 yaşlı keçmiş tibb bacısı, birinci Qarabağ savaşında könüllü iştirak etmiş, neçə-neçə qəhrəman oğulları ölümün pəncəsindən çəkib almış, neçə-neçə oğulların şəhidlik zirvəsinə yola düşdüyü anı çarəsizcə izləmiş, o dəhşətlərin könüllü şahidi olmuş Zaqatala rayon Yuxarı Tala kənd sakini Şeker Xacceyxanım Zeybullah qızı da redaksiyamıza müraciət edərək, baş vermiş zəlzələ nəticəsində yararsız hala düşən evinin illərdir bərpa olunmadığından gileylənib.
Veteran xanım bildirir ki, 2013-cü ildən bugünə qədər müraciət etmədiyi dövlət qurumu qalmayıb.
Xanım redaksiyamıza müraciət etdikdən sonra, biz də “DogruXeber.az” olaraq, tərəfimizdən aidiyyatı qurumlara rəsmi sorğular ünvanladıq.
Bildiririk ki, FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bu dəfə də vətəndaş probleminə vəzifə borcu olmasına baxmayaraq laqeyd qaldı.
Zaqatala rayon icra hakimiyyəti isə cavab olaraq bildirdi ki, “2012-ci ildə rayonda baş vermiş güclü zəlzələ nəticəsində rayonun Yuxar Tala kənd sakini Şəkər Xacceyxanım Zeybullah qızının fərdi yaşayış evi zədələnmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları tərəfindən həmin fərdi yaşayış evinə bir neçə dəfə baxış keçirilmiş və son qərar olaraq “təmir” rəyi verilmişdir
Şikayətçiyə dəfələrlə qeyd olunan məsələ ilə əlaqədar tərəfimizdən müvafiq izahatlar verilmis, komissiyalar tərəfindən verilən rəylərin dəyişdirilməsi və ya yeni bir komissiyanın təşkil olunması Zaqatala Rayon Icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmadığı və verilən rəydən narazı qaldığıi təqdirdə aidiyyətı üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciet etməsi tövsiyə olunmuşdur.
10.08.2019-cu ildə rayon ərazisində baş vermiş növbəti zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin komissiyalari tərəfindən Şəkər Xacceyxanım Zeybullah qızının fərdi yaşayış evinə təkrarən baxıŞ keçirilmiş, müvafiq qeydlər aparılmış və foto şəkillər çəkilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Aqentliyindən aldığımız son məlumata əsasən bildiririk ki, komissiyalar tərəfindən əvvəlki tarixlərdə verilmiş “təmir” rəyi dəyişdirilmədən saxlanılmışdır.
FHN-nin komissiyaları tərəfindən fərdi yaşayıŞ evlərinə “təmir” rəyi verilmiş vətəndaşlara dövlət tərəfindən hər-hansı bir köməyin göstərilməsi nəzərdə tutulmamışdır və komissiyalarının rayonda fəaliyyəti 2013-cü ilin sonunda yekunlaşmışdır”.
Təbii ki, bu məsələ icra hakimiyyətinin səlahiyyətləri daxilində deyil. Amma, onların verdiyi cavabdakı “zədələnmişdir” ifadəsi diqqətimizi çəkdi.
Həmin “zədələnmiş” və Xanlarovun işçilərinin sadəcə təmirə ehtiyacı olduğunu yazdıqları mənzilin görüntülərinə baxın.
Bizim saf xalqımız demişkən, “bəlkə də Cəbrayıl müəllimin xəbəri yoxdur”, amma yoxdursa da real görüntüləri təqdim etdik.
Hörmətli Cəbrayıl müəllim, indi bu fotolara baxın, özünüz deyin. Bu “zədələnmiş” mənzili necə təmir etmək olar ki, yaşamağa yararlı, təhlükəsiz hala gəlsin?
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Şərh yazılmayıb.