Huquqaz.com

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ÇOX YÜKSƏK SƏVİYYƏLİ RƏHBƏRLİYİ ALTINDA AZƏRBAYCAN COP29 TƏDBİRİNİ UĞURLA BAŞA ÇATDIRDI

26.11.2024
1.707
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ÇOX YÜKSƏK SƏVİYYƏLİ RƏHBƏRLİYİ ALTINDA AZƏRBAYCAN COP29 TƏDBİRİNİ UĞURLA BAŞA ÇATDIRDI

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ÇOX YÜKSƏK SƏVİYYƏLİ RƏHBƏRLİYİ ALTINDA AZƏRBAYCAN COP29 TƏDBİRİNİ UĞURLA BAŞA ÇATDIRDI.

Azərbaycanın COP29 konfransına ev sahibliyi uğurla başa çatdı. Bir ildən az vaxtda həyata keçirilən təşkilatçılıq işləri BMT başda olmaqla bütün iştirakçıları məmnun etdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər. COP29-a gələn nümayəndələr tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya toplaşmışdı. COP29 iqlim dəyişikliyi ilə mübarizədə uğurlu platforma kimi tarixə düşdü. Konfransın ilk günlərində artıq Paris sazişinin 6.4, növbəti günlərdə isə 6.8-ci maddə üzrə razılığın əldə olunması bütövlükdə 6-cə maddənin işlək vəziyyətə gətirilməsinə təkan oldu. Nəhayət, tərəflər karbon bazarları üzrə qlobal razılaşmaya nail oldular. Eyni zamanda 300 milyard dollar maliyyə hədəfinin qarşıdan gələn dövrdə artırılması üçün zəmin yaradıldı. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etdi. Halbuki çoxları buna şübhə ilə yanşırdı. İlbəil artan iqlim təsirləri fonunda hər kəs COP29-da əldə edilən razılaşmaların müsbət nəticələr verəcəyinə ümid edir. Əslində maliyyə hədəfinin müəyyən olunması prosesi asan keçmədi, gərginlik özünü qabarıq şəkildə göstərdi.

COP29 ərəfəsində də biz xüsusilə Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi olduq. Avropa İttifaqı və Avropa Komissiyası prezidentinin Bakıya gəlməməsinin də səbəbi bu idi. COP29-da Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok da COP29-un müzakirələri zamanı gərginliyi daha da artırırdı. Lakin inkişaf etməkdə olan dövlətlərin qətiyyəti, beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Eyni zamanda inkişaf etməkdə olan ölkələrin də kompromisə getməsilə Bakıda tarixi razılaşma əldə olundu. 2 həftə davam edən müzakirələr boyu hər kəs Bakı COP-un digər COP-lardan fərqli olacağına ümidlərini ifadə edirdilər. Lakin cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Təsadüfi deyil ki, kiçik ada dövlətləri ilk dəfə səslərinin eşidilməsinə görə COP29 sədrliyinə minnətdarlıq edir. Azərbaycan sona qədər Qlobal Şimalla Qlobal Cənub arasında konstruktiv körpünün qurulması təşəbbüsünə sadiq oldu. Bakıda əldə olunan razılaşmalar köməyə ehtiyacı olan ölkələrin maliyyəyə əlçatanlığını təmin edəcək.

Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər. Bu sırada ABŞ-nin prezidenti Cozef Baydendən tutmuş beynəlxalq üstqurum təşkilatlarının liderlərinə qədər məşhur liderlər var.Uzun illərdən bəri bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə “Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s. təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan COP29-u da yüksək səviyyədə keçirməklə Azərbaycanın, necə deyərlər, qonaq qarşısına üzüağ çıxmaq mərifətini göstərdi və böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu. Üstəlik, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Bir sözlə, suyu bulandırıb balıq tutmaq tutmaq istəyənlər vardı.Ancaq onların xəyalları suya düşdü, Azərbaycan tərəfinin öz üzərinə düşən işləri hərtərəfli peşəkarlıqla görməsi bədxahlara “təşkilatçılıq zəif idi”, “təhlükəsizlik qaydalarında boşluqlar vardı” kimi demaqoqluqlar etməyə imkan vermədi.

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aydın Şıxəliyev

 

Şərhlər

Şərh yazılmayıb.