“Ciyərimizi çıxardıb” yerində biznes qururlar – Planetimiz şəxsi maraqlara qurban gedir // VİDEO
Elimizin adəti var, toy-düyün, yaxud hər hansı bir xeyir iş edəndə darvazaya qırmızı lent bağlayıb, evi, həyəti bəzəyirlər. Eyni, COP29 öncəsi Bakımıza abadlıq işləri adı altında vurulan bəzək-düzək kimi.
Elə ki, konfrans bitdi, ardından sosial şəbəkələrdə maraqlı videogörüntülər yayıldı. Bəzi ərazilərdə yeni salınmış yaşıllıqlar yerindən çıxarılıb, yük maşınları ilə daşınıb aparıldı.
Sözün əsl mənasında tragikomediya yaşayır ölkə ekologiyası.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdəki bəzi səlahiyyətli nümayəndələri iş adamları ilə ekologiyamız üzərindən bazarlıq edərək, nəfəsimizə qiymət oxuyurlar.
“DogruXeber.az” olaraq, zaman-zaman Daşkəsən, Oğuz, Cəlilabad, İsmayıllı, Samux və sair bölgələrdəki meşələrin, yaşıllıq ağaclarının şəxsi məqsədlər üçün məhv edildiyi barəsində məlumatlar yayımlamışıq. Hətta, bir neçə gün əvvəl “Kanal14“ün canlı yayımında İmişli rayonunun Bəcirəvan kəndində sahibkarın karxana üçün geniş bir ərazidə kəsilməsi qadağan olunmuş yulğun ağaclarını məhv etdiyi və kənd sakinlərinin buna etiraz etdiklərinin videosunu təqdim etmişdik.
Sözügedən ərazinin real gğrüntülərini buradan izəyə bilərsiniz.
Bundan əlavə, elə paytaxt Bakının Nəsimi rayonunun bir çox ərazilərində, 20 yanvar küçəsində, Tiblisi prospektində, Binəqədi rayonunun bəzi ərazilərindəki yaşıllıq ərazilərinin MTK sahiblərinə, Əhmədli, Həzi Aslanov, Neftçilər, Qara Qarayev metrostansiyalarının ətrafındakı yaşıllıq zolaqlarının məhv edilərək, yerlərində iaşə obyektləri tikilməsi üçün iş adamlarına satıldığı barəsində çoxsaylı məlumatlar yerli mediada bu gün də qalmaqdadır. Amma, nə yazıq ki, bəzi iş adamları və onlarla əlbir olaraq, qanunsuz ağac kəsimlərini görməzdən gələn ETSN əməkdaşlarının daha çox pul qazanmaq sevdaları, biznes ehtirasları planetimizin sonunu yaxınlaşdırmağa xidmət edir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza belə bir məlumat daxil oldu ki, Bakı-Şamaxı yolunun üstündə – Abşeron rayonu ərazisində “Həkəri” şadlıq evinin qarşısında yaşıllıq üçün xüsusi hazırlanmış torpaq zolağı gecə saatlarında məhv edilib. Həmçinin, sözügedən şadlıq evinin sol yaxınlığında fəaliyyət göstərən qəssabxananın qarşısında təqribən 20 m² torpaq sahəsindəki yaşıllıqlar da eyni qayda ilə (gecə saatlarında) məhv edilərək, iz itirmək üçün yerində sarı rənglə boyanmış dəmir darvaza yerləşdirilib.
Görünür, məqsəd sıralama obyekt tikintisi salmaq olub.
Qeyd edək ki, bu məlumatların doğruluğunu əks etdirən fotoşəkillər də məlumatla birlikdə redaksiyamıza göndərilib.
Özü də verilən məlumatlarda o, da bildirilir ki, bütün bunlar Ekologiya və Təbii Sərvətlər idarəsinin ərazi üzrə nümayəndəsi ilə hansısa formada razılaşdırılaraq həyata keçirilib.
Təbii ki, hər zaman olduğu kimi məsələyə obyektiv və tam qanunların tələbinə uyğun yanaşaraq, bu barədə aidiyyatı üzrə ETSN-nə rəsmi sorğu ünvanladıq.
Qurum tərəfindən sorğumuza cavab olaraq göndərilən məktubda bildirilir ki, “Məlumat üçün bildiridik ki, Idərə əməkdaşları tərəfindən 15.11.2024-cü il tarixdə müraciətde göstərilən ərazidə yol kənarı yaşıllıq üçün nəzərdə tutulmuş təqribən 20 m² sahənin torpaq qatının götürülərək betonlandığı və həmin yerə çıxış üçün dəmir darvaza qoyulduğu, həmçinin 1 ədəd zeytun, 1 ədəd şam tinginin, 4 ədəd aylandr ağacının və 1 ədəd qizılgül kəlunun qanunsuz olaraq götürüldüyü faktı aşkar olunaraq, müvafiq akt tərtib olunmuşdur.
Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi üçün hazırlanır.
Ərazinin əvvəlki vəziyyətinə qaytarılmasI və götürülmüş yaşıllıqların əvəzinə yeni yaşıllıqların əkilməsi məqsədile müvafiq göstəriş verilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə məktubla müraciət olunmuşdur.”
Yeri gəlmişkən, vurğulamaq istəyirik ki, buna bənzər cavablar ETSN tərəfindən dəfələrlə almışıq. Xatırlayırsınızsa Nəsimi rayonu, 20 yanvar küçəsindəki” qurbanlıq ağaclar” və digərləri barəsində göndərdiyimiz sorğulara cavabında da qurum bunun qanunsuz olduğunu, hətta cinayət işi sayıldığını etiraf edərək, tədbir görüləcəyini bildirsə də, sonradan hər hansı bir tədbirin görüldüyünə dair rəsmi məlumata rast gəlmədik.
Bəlli ki, bizim qanunsuz işlər barəsində verdiyimiz məlumatları kimlərsə şəxsi maraqları üçün fürsətə çevirməyi bacarıb.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Şərh yazılmayıb.