COP29-un uğurlu nəticələri
COP29-un uğurlu nəticələri.
Ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri artıq başa çatıb. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədi ilə keçirilən bu tədbir Azərbaycan üçün çox əhəmiyyətli idi. Azərbaycan da beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir.Buna görədə Azərbaycanda COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqlar qısa vaxt olmasına baxmayaraq tamamlandı. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bu tədbirin nəticəsi olaraq Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb. Əlavə olaraq 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər
“Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır”.
Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar. Tərəflər, BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər. Bu gün COP29 çərçivəsində yeni təşəbbüs – “Bakı Maliyyə Məqsədi”nin (Baku Finance Goal, BFG) razılaşdırıldığı elan edilib. Mətbuatın verdiyi informasiyaya əsasən bu təşəbbüs çərçivəsində inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyələşdirilməsinin ayrılması nəzərdə tutulur. COP29 sədrliyinin BMT-nin İqlim Sammitində irəli sürdüyü bu əsas hədəfə nail olunması əvvəlki 100 milyard dollarlıq maliyyələşdirmə məqsədindən xeyli artımı ifadə edir və qlobal investisiyaların yeni dalğasının başlanğıcını qoyacaq. “Bakı Maliyyə Məqsədi” çərçivəsində inkişaf etmiş ölkələr üçün əsas hədəf kimi 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il azı 300 milyard dollar həcmində vəsaitin səfərbər edilməsi müəyyən olunub. Bu, əvvəlki layihə mətnində göstəriləndən 50 milyard dollar çoxdur və COP29 sədrliyinin 48 saatlıq intensiv diplomatiyasının nəticəsidir.Bundan əlavə, COP29-da karbon bazarları ilə bağlı 6-cı Maddə razılaşdırılıb. Bu karbon bazarlarından gələn maliyyə axınları 2050-ci ilə qədər illik 1 trilyon dollara çata bilər və milli iqlim planlarının həyata keçirilməsinin xərclərini illik 250 milyard dollar azaltmaq potensialına malikdir. “Bakı Maliyyə Məqsədi” və 6-cı Maddə birlikdə qlobal iqlim maliyyələşdirilməsi strukturunu köklü şəkildə dəyişərək investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirəcək. “Bakı Maliyyə Məqsədi” iqlim məsələlərinin bütün istiqamətləri üzrə irəliləyiş təmin edən razılaşmalar paketinin əsasını təşkil edir. COP29-un nailiyyətləri, Azərbaycan sədrliyi tərəfindən çoxşaxəli iqlim əməkdaşlığının ən çətin və mübahisəli məsələlərinin həlli üçün aylarla davam edən intensiv diplomatiya sayəsində mümkün olub. Bu uğurlar qlobal istiləşmənin 1,5°C-lə məhdudlaşdırılması məqsədinə nail olmaq yolunda mühüm addımdır. COP29-un prezidenti Muxtar Babayev bildirib: “Dünyanın müxtəlif ölkələrindən nümayəndələr Bakıya gələndə çoxları Azərbaycanın uğur qazana biləcəyinə şübhə edirdi. Onlar yanıldılar. Bu irəliləyiş sayəsində “Bakı Maliyyə Məqsədi” növbəti onillik ərzində milyardları trilyonlara çevirəcək. İnkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə əsas hədəfi üç dəfə artırmağa nail olduq.” “Bakı Maliyyə Məqsədi” əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır və donor ölkələri maksimum səviyyəyə qədər irəliləməyə təşviq etdik. Biz qlobal maliyyə strukturunu tamamilə dəyişdik və qlobal istiləşmənin 1,5°C-lə məhdudlaşdırılması məqsədinə doğru mühüm addım atdıq. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-Bahar Qurbanova
Şərh yazılmayıb.