Huquqaz.com

Özəlləşdirmə çeki sahiblərinin artan ÜMİDİ: “Bu ilin may ayında…” – ŞƏRH

24.01.2023
1.400
Özəlləşdirmə çeki sahiblərinin artan ÜMİDİ: “Bu ilin may ayında…” – ŞƏRH

Hər kəsə məlumdur ki, vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi Ulu Öndər Heydər Əliyevin fərmanı idi. Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, çek sahibləri bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə qədər bu problemin həll olunacağına ümid edirlər.

Məlumat üçün qeyd edək ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qəbul olunan qərara əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz.

Mövzu ilə bağlı Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi sədri İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün özəlləşdirmə çeki sahiblərinin ümidli olması normaldır, çünki çeklərin tədavülünün dayandırılması qanunaziddir:

“O vaxtı dövlətin mülkiyyətində olan infrastruktur obyektlərinin, məişət və xidmət obyektlərinin, zavodların, fabriklərin satışa çıxarılması prosesi fonunda özəlləşdirmə çekləri dövriyyəyə buraxıldı. Bu çeklər vətəndaşların həmin əmlaklardan yararlanmasına və hərraclarda iştirakına zəmin yaradan bir imkan hüququ idi. Bu hüququn məhdudlaşdırılma mexanizmi yoxdur və hazırkı məqamda da olmamalı idi. Çünki fərman imzalananda çeklərin istifadəsinə hansısa müddət qoyulmamışdı. Ona görə də özəlləşdirmə çeklərinin tədavülü ilə bağlı sonuncu dəfə 2011-ci ilin müəyyən olunması doğru deyil. Hər bir vətəndaşa verilən və 4 çekdən ibarət olan özəlləşdirmə çekinin arxasında bir mülkiyyət dayanır. Bu isə çeklərin müəyyən iqtisadi imkanlar yaratdığını göstərir. Özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması mümkünsüzdür. Bu, Azərbaycan vətəndaşının Konstitusiya hüquqlarının pozulmasıdır. Bu gün dövlətin xeyli dərəcədə özəlləşdirilməmiş müəssisələri, ticarət obyektləri və mülkiyyətləri qalmaqdadır. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən bugünkü günə qədər davam edən hərraclarda vətəndaşların özəlləşdirmə çeklərindən istifadəsinə imkan yaradılmalıdır. Əks halda əlində çeki qalan vətəndaşların üzləşdiyi problem hansısa formada öz həllini tapmalıdır. Ümumiyyətlə, çeklərin müddətli istifadəsi aradan qaldırılmalı və vauçerlər dövriyyəyə buraxılmalıdır”.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova isə öz növbəsində vurğulayıb ki, özəlləşdirmə çeklərinin hərraclarda iştirakına imkan yaradılmasa da, ən azından vətəndaşların haqqı olaraq kompensasiya ödənilə bilər:

“Artıq uzun müddətdir ki, cəmiyyət arasında və sosial şəbəkələrdə özəlləşdirmə çekləri ilə bağlı müxtəlif fikirlər müzakirə olunur. Bu müzakirələrdə bəzən düzgün olmayan məlumatlar da yayılır. Bu cür yanlış fikirlərin qarşısını almaq üçün bu ilki “Heydər Əliyev İli”ndə çeklərlə bağlı məsələ öz həllini tapmalıdır. Fikrimcə, may ayına qədər bununla bağlı hansısa qərar qəbul ediləcək. Əlində çeki qalan vətəndaşların pul və ya hansısa hissə müqabilində hüquqları bərpa olunmalıdır. Çünki bu gün çeklərini qoruyub saxlayan kifayət qədər insanlarımız var. QHT nümayəndəsi olaraq, məndə də bu çeklərdən var. Hətta çeklərlə bağlı mənə də tez-tez suallar ünvanlanır ki, bu problemin sonu necə olacaq. Hamımız çeklərlə bağlı problemin tezliklə həll olunacağını gözləyirik. Ümid edirik ki, bu il yaxşı nəticə əldə olunacaq. Unutmaq olmaz ki, vətəndaşlara çeklər Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən verilmişdi. Ulu Öndərin 100 illik yubileyi çərçivəsində may ayında bu problem həll oluna bilər. Əlində çeki qalan vətəndaşlara kompensasiya ödəniləcəyini düşünürəm”.

Gülşən Şərif

Şərhlər

Şərh yazılmayıb.