Huquqaz.com

AĞDAM ŞƏHƏRİ CƏNUBİ QAFQAZIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK!

18.11.2024
809
AĞDAM ŞƏHƏRİ CƏNUBİ QAFQAZIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK!

2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən son qoyuldu. 44 gündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə Şanlı Qələbə qazandıq. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.  Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib. Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalanması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu.  Qəlbimizdə bu ədalətsizliyə qarşı sonsuz hiddət, qəzəb və intiqam hissi alovlanırdı. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Dörd il əvvəl isə Ağdam bir güllə atılmadan, bir nəfər də şəhid verilmədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı.  Bu gün həmin hadisədən düz 4 il ötür. Bu il iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu xoş xəbər, müjdə xalqımızın ictimai-siyasi həyatında daim milli dövlətçiliyə sədaqəti ilə seçilən, mədəniyyətimizin inkişafına böyük töhfələr verən Ağdamın bütün vətənpərvər sakinləri və ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissilə qarşılanıb. İlahi ədalət deyilən bir anlayış var. Qarabağda ədalət qələbə çalmalı idi. Məhz belə də oldu. Bu gün Qarabağın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.

Ermənilərin adını xəritələrdən əbədi silmək üçün vandalcasına dağıtdıqları Ağdam şəhərində və bu rayonun, demək olar ki, bütün kəndlərində son 4 ildə heyrətamiz səviyyədə tikinti-quruculuq işləri görülüb və görülməkdə davam edir. Bəli, bu gün Müzəffər Azərbaycan Ordusu Zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Ağdamımız, onun ardınca Kəlbəcərimiz, Laçınımız…bütün Qarabağımız, qürurumuzu, özünəgüvənimizi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq – Zəfər bayramımız! 20 noyabr 2020-ci il QƏLƏBƏ TARİXİN MÜBARƏK, AĞDAMIM! Qələbə bayramın mübarək, Qarabağ Azərbaycandır!

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının mühasibi

Qalib Nağıyev

Şərhlər

Şərh yazılmayıb.