Huquqaz.com

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

14.11.2024
3.248
Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Prezident cənab İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə düşdü. Dövlət başçısı, ilk növbədə, 196 ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı. Heç kimə sirr deyil ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçilməsi ilə paralel olaraq Bakı koordinasiyalı qarayaxma kampaniyasının hədəfinə çevrildi. Bunun fonunda özlərini müstəqil adlandıran bir sıra QHT və siyasətçilər Azərbaycan haqqında daha çox dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət apardılar. Cənab İlham Əliyev çıxışında xarici mediadan, beynəlxalq strukturlardan, belə deyək, “vətəndaş” birliklərdən bəzi qüvvələrin, əslində, müstəqil olmadığını çox aydın şəkildə qeyd etməklə bildirdi ki, rəsmi Bakı istənilən anti-Azərbaycan təxribatlarına, o cümlədən dünya geosiyasətinin ideoloji aspektlərinə hazırdır. Ona görə də istənilən sahədə, istər diplomatik, istər siyasi-iqtisadi, istər hərbi, istərsə də mədəni-tarixi sahədə Bakıdan həmişə dərhal əhəmiyyətli cavab gəlir. Üstəlik, azərbaycanofoblara ciddi reaksiya ölkədə müəyyən böyük forumların uğurla keçirilməsi prizmasından keçir. Bu da qərəzli qüvvələrin səylərini mənasızlaşdırır. Ümumiyyətlə, bu vəziyyət bizim üçün yeni deyil. Məsələn, “Avroviziya-2012” mahnı müsabiqəsində və “Bakı-2015” Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində və sonra Azərbaycan bədnam qüvvələrin qarayaxma kampaniyası ilə üzləşmişdi. Lakin Azərbaycan bu tədbirlərin hər birini yüksək səviyyədə keçirməklə bütün şər və böhtanlara layiqli cavab vermişdi. Prezident İlham Əliyev BMT-nin mötəbər tədbirində Azərbaycana qarşı köklənən qüvvələrə bir daha layiqli cavab verərək ölkəmizə qarşı belə oyunların mənasız olduğunu bir daha diqqətə çatdırdı. Bədxah qüvvələrin gözlədiyinin əksinə olaraq, dünya Bakıya toplandı, 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı boykot tərəfdarlarını məyus etdi. Prezident COP29 tribunasından ölkəmizin iqtisadi qüdrətindən danışaraq bəyan etdi ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı, Günəş və külək enerjisi layihələri ilə bağlı fəal işlər gedir.Bütövlükdə, yaşıl enerji istehsalı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti məzmunlu çıxışında ölkələrə verilən meyarlara da toxundu. Dövlət başçısı nitqində Azərbaycanın bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan cənab İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

 

 

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi.

Azərbaycan hazırda dünyanın ən böyük, həm də mahiyyətinə görə ən mühüm tədbirinə evsahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi qərarının verilməsindən sonra ötən bir il ərzində bu istiqamətdə mühüm tədbirlər görülüb, hazırlıqlar ən yüksək səviyyədə aparılıb. Və artıq bu möhtəşəm tədbir noyabrın 11-dən öz işinə başlayıb. Maraqlı məqamlardan biri budur ki, bu tədbirə hazırlıqlarla bağlı işlərə başlayandan Azərbaycana qarşı qarayaxma kampaniyalarına da start verilmişdi. Xüsusilə Qərb dairələrində hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr, o cümlədən QHT-lər, müxtəlif lobbi dairələri və fəaliyyətini qeyri-obyektivlik və yalan üzərində qurmağa çalışan media orqanları, ayrı-ayrı siyasilər, bir gün belə ara vermədən, ölkəmizi müxtəlif absurd mövzularda ittiham edərək tədbiri boykot etməyə çağırırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında həmin dairələrə mesaj göndərməyi də unutmadı: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. Digər vacib məqam ondan ibarətdir ki, ölkəmiz hətta COP29 kimi nüfuzlu bir tədbiri keçirməsəydi belə, unudulmamalıdır ki, Azərbaycan yenə də dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas şəkildə yanaşan azsaylı ölkələrdəndir. Çünki ölkəmiz qlobal ekoloji problemlərə şifahi çağırışlarla yox, əməli yanaşması ilə seçilir. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi rəsmi səviyyədə qəbul olunub. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində əməli işlər görülür. Azərbaycan 1990-cı illə (baza ili) müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını qarşıya məqsəd qoyub. Bununla yanaşı, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Bunu da qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin atdığı məqsədyönlü addımlar nəticəsində Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, həm də “təmiz enerji” ölkəsi olmaq üçün qollarını çırmayıb. COP29 kimi tədbirə evsahibliyi edən ölkəmizin əsas məqsədi həm də bu tədbirin nəticəli olmasına, qlobal dünyanı təhdid edən ekoloji problemlərə dünya ölkələrinin yanaşması və burada ortaq məqsədlərin müəyyənləşdirilməsinə nail olmaqdır. İnanırıq ki, sessiyanın növbəti günlərində ediləcək çağırışlar və əldə olunacaq razılaşmalar qlobal ekoloji problemlərin həllində Azərbaycanın vacib rolunu bir daha ortaya qoyacaq.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

Şərhlər

Şərh yazılmayıb.