Huquqaz.com

Azərbaycan növbəti uğur hekayəsini yazır

14.11.2024
2.895
Azərbaycan növbəti uğur hekayəsini yazır

Azərbaycan növbəti uğur hekayəsini yazır

Azərbaycanın gündən-günə yüksələn beynəlxalq nüfuzunun göstəricisi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mahiyyətini, ölkəmizə qazandırdığı növbəti dividendləri özündə ehtiva edir. Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. İki həftə ərzində dünyanın mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün  reallıqları barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu rəqəmləri xüsusi qeyd etdi ki, COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib.  Onların sırasında 80 Prezident, vitse-prezident və Baş nazirlər var.

Bu rəqəmlər özündə mühüm məqamları ehtiva edir. 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya birliyinin ölkəmizə olan hörmətinin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Dünya ictimaiyyətinin dərin hörmətini qazanan Azərbaycan yaratdığı yeni körpülərlə bu rolunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında xüsusi vurğuladı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini salır. Ölkəmizin başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Bu gün Baklda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, yeni körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini aydın şəkildə görə bilərik. Liderlər Sammitindəki çıxışlarda səsləndirilən fikirlər də bir daha bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar, müxtəlif sahələrdə zəngin təcrübəsi ilə sivil dünyanın diqqətində olduğunu təsdiqləyir. BMT-nin Baş katibi Antonio Quterreş bu real qiymətləndirmənin təsdiqi olaraq bildirdi ki, prezidentlər əməkdaşlığımıza etibar edə bilərlər. Həqiqətən də Prezident İlham Əliyevin səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq. Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif isə COP29-a Azərbaycanın, Bakının ev sahibliyi etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkür etdi. Bildirdi ki, həqiqətən də Siz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan isə biz sülhü yarada bilmərik.  Liderlər Sammitində Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr təqdir edildi. NASA astronavtları xanım Sunita Vilyams və Nik Heyqin  Beynəlxalq Kosmik Stansiyadan xüsusi videomüraciətlərində vurğuladılar ki, beynəlxalq komanda olaraq Azərbaycana, eyni zamanda, COP29-da iştirak edən bütün tərəflərə planetimizin gözəlliyini və təhlükəsizliyini qoruduqlarına görə təşəkkür edirik.

Azərbaycanın qlobal çağırışları yüksək səviyyədə cavablandırması, bu problemlərin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyini bildirməklə yanaşı, bu məsələlərin reallaşmasına verdiyi davamlı töhfələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq

Azərbaycanın beynəlxalq arenada oynadığı rol, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfələri göz qabağındadır. Azərbaycanın BMT-dən  sonra dünyada ikinci ən  böyük siyasi  təsisat olan, sıralarında 120 ölkəni birləşdirən  Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artırılması yönümündə atdığı addımlar qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyini söyləməyə əsas verir. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Multikulturalizm dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra hazırda işğaldan azad edilmiş ərazilər genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində yenidən bərpa edilir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. Qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı qazanırlar. Prezident İlham Əliyev Liderlər Sammitindəki  çıxışında diqqəti bir daha  30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin davamlı uğurlara yol açdığını, ən əsası yeni dostlar və tərəfdaşlar qazanmasına geniş imkanlar yaranıbdır. Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsasdır. Yeni dövrün çağırışları bu sahədə uğurların davamlılığını şərtləndirir. Ölkəmizin qlobal problemlərin, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində göstərdiyi səylər real addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın qlobal əməkdaşlığa növbəti çağırışının təqdimatı oldu.

COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi artan roluna işıq salır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

İşğal faktına göz yuman bəzi Qərb dairələrinin COP29 zamanı  fəallaşması təsadüfi deyildi

Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, – deyə dövlətimizin başçısı bildirib.

Bəli, beynəlxalq aləm bununla bir daha ölkəmizə olan etimadını göstərdi.  Şübhəsiz, bunu həm də ölkəmizə hörmət əlaməti və fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi kimi dəyərləndirmək daha doğru olardı. Halbuki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra Fransa, ABŞ və digər dövlətlər ölkəmizi hədəfə çevrirmişdi,  qarayaxma kampaniyaları bir-birini əvəz edirdi. Dövlət başçımızın sözləri ilə desək, özünü müstəqil QHT adlandıranlar və bəzi siyasətçilər ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girmişdilər. Hətta onlar digər məsələlərlə yanaşı, ölkəmizin alternativ enerjiyə çox böyük üstünlük verməsinə baxmayaraq respublikamızın neft-qaz istehsalçısı olmasını qınaq obyektinə çevirmişdilər. Amma rəsmi Bakı izah etməyə çalışırdı ki, bu, bizim günahımız deyil,  biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir.  Yəni, bir ölkənin neft və qazla zəngin potensiala malik olması heç də onun iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün təşkil edilən  nüfuzlu bir konfransa evsahibliyi etməyə haqqı çatmadığını deməyə əsas vermir. Halbuki, rəsmi Bakının gündəliyi “yaşıl” enerji ilə bağlıdır.

Respublikamız tərəfdaş ölkələrlə birgə   “yaşıl” texnologiyaya, “yaşıl” keçidə sərmayə qoyur.  Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Azərbaycan, həmçinin ixrac bazarlarına diqqət yetirir və öz tərəfdaşları ilə birgə çalışır ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirsin. Bunlardan biri Gürcüstan, Rumıniya və Macarıstanla birgə Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir ki, bunun sayəsində Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək. Yeri gəlmişkən xatırladaq ki, bu kabelin texniki potensialı və  texniki əsaslandırma işləri bu yaxınlarda başa çatacaq. Onun imkanları dörd giqavat olacaqdır. Dövlət başçımızın təbirincə dedək, bu, yalnız başlanğıcdır”. Bir sözlə, “yaşıl” enerji növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda dövlətimizin enerji siyasətinin prioritetidir.

Şübhəsiz, otuzillik işğal dövründə Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətlərinə və işğal faktına göz yuman bəzi Qərb dairələrinin COP29 zamanı  fəallaşması təsadüfi deyildi. Bu, onların beynəlxalq miqyasda Azərbaycanın uğurlarına kölgə salmaq niyyətindən qaynaqlanırdı. Əminliklə demək olar ki, bütün bu dezinformasiya və yalan məlumatların yayılmasında erməni lobbisinin təsiri açıq-aydın görünürdü. Amma müstəqil siyasət yürüdən Azərbaycanın beynəlxalq səviyyədə atdığı addımlar sayəsində onların bu cəhdləri heç bir nəticə vermədi. Yəni, COP29-la əlaqədar Azərbaycan barəsində mənfi rəy yaratmaq istəyən Qərbin pozuculuq cəhdləri ürəyində qaldı.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.