Huquqaz.com

Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir

05.05.2023
1.531
Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu öndər Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu öndər Heydər Əliyevin siyasi və fəlsəfi ideyaları və dövlətçilik təcrübəsi əsasında müstəqil, demokratik, hüquqi və dünyəvi Azərbaycan Respublikası quruldu. Ümummilli liderin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. 1969–cu il 14 iyulda ulu öndər Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə Azərbaycan tarixində yeni dövr başlandı. Həmin gün özünə qayıdışın, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ–də və dünyada tanıtmış, həm də milli mövcudluğumuzu qoruyub saxlamışdır. “Dövlət dövlətçiliyi qorumalıdır” ideyasını dönə–dönə vurğulayan umummilli lider çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkirdi.

Zamanın hökmü ilə ötən əsrin 90–cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai–siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. 1993–cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. 1993–cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir

Ulu öndər Heydər Əliyev daim Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən ulu öndər Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olmuşdur. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ulu öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, ümümbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşdirmə, dünya dövlətçilik sahələrində yeni–yeni uğurlara imza atır. Böyük iftixar hissi ilə qeyd etmək olar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin arzularını və vəsiyyətlərini müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan dövlətçiliyi tarixinə Prezident İlham Əliyevin adı qızıl hərflərlə yazılmağa layiqdir. Təkcə bunu demək kifayətdir ki, uzun illər ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız məhz onun komandanlığı ilə inanılmaz bir müddətdə cəmi 44 gun ərzində işğaldan azad olunmuş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. Bu tarixi hadisəni iftixarla qeyd edən Prezidentimiz İlham Əliyev Şuşa şəhəri azad edildikdən sonra qürurla demişdir:”Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Ulu öndər Heydər Əliyev ölməz şəxsiyyətdir. O, cismən aramızda olmasa da, öz ideyaları, tövsiyə və vəsiyyətləri ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir. Məhz onun ideoloji, nəzəri və siyasi irsi sayəsində Azərbaycanda dövlət quruculuğu müvəffəqiyyətlə inkişaf edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Dünya azərbaycanlılarının həmrəyliyi günü

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlılaır birləşdirmək siyasətini davam etdirərək  2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

Yorulmaz fəaliyyəti ilə ulu öndər Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident cənab İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə kölgə salmaq istəyən revanşist erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

 

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

 

15 İyun Milli Qurtuluş Günü

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993-cü il İyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda ulu öndər Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin əlindədir. Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

İqtisadi müstəqillik və “Əsrin müqaviləsi

1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox ciddi çətinliklərlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasından sonra bu çətinliklər aradan qalxdı və Azərbaycanın başının üstündən təhlükə sovuşdu. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bununla da ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Həmin dövrdə respublikamızın qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri də məhz neft və qaz hasilatının artırılması idi. Ulu öndər o dövrdə ölkəmizin gələcək inkişafını Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü və bir çox çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu. Onun tapşırığı ilə xarici neft şirkətlərini Azərbaycanın neft sənayesinə birgə işə cəlb etmək üçün müxtəlif səviyyələrdə danışıqlar aparıldı, xarici investorlarda Azərbaycanla bağlı olan inamsızlıq sindromu aradan qaldırıldı və neft sənayesinə sərmayə qoyuluşu üçün dərin inam yarandı.

1994-cü il fevralın 4-də Ümummilli lider “Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd respublikamızın dəniz neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. Bundan sonra dünyanın aparıcı xarici neft şirkətlərinin – “AMOKO”, “British Petroleum”, “Statoyl”, “Penzoyl”, “Remko”, “Yunokal”, “Mak Dermott”, “Türk Neft Şirkəti”nin Azərbaycan hökuməti ilə səmərəli və konkret nəticələri olan danışıqları intensivləşdi. Artıq 1994-cü ilin aprel-may aylarında xarici neft kompaniyaları Xəzərin Azərbaycana məxsus “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfi, həmçinin, işlənməsi ilə əlaqədar öz təkliflərini və investisiya proqramlarını hazırlamağa başladılar. Xarici dövlətlər dünyanın neft möcüzəsi olan Azərbaycanla uzunmüddətli sazişin imzalanmasına can atırdılar. 1994-cü il sentyabrın 14-də imzalanan “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman artıq beynəlxalq sazişin imzalanmasının qətiləşməsi demək idi. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqi konsepsiyasının əsası qoyuldu. Bu gün Azərbaycan öz inkişaf sürətinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır. O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfələrlə artması, qeyri-neft sektorunun yüksək sürətli inkişafı bir daha sübut etdi ki, “Əsrin müqaviləsi” ölkəmizin inkişafında böyük rol oynadı.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

Şərhlər

Şərh yazılmayıb.