Huquqaz.com

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi

19.06.2023
2.406
Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi.

15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda qeyd etdi ki, “Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq.”

Həqiqətən Azərbaycan – Ermənistan münasibətlərində ölkəmiz həmişə sülh tərəfdarı olub. Buna görə də xalqımız səbr nümayiş etdirərək, münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə beynəlxalq səviyyədə aparılan danışıqlara dəstək vermişdir. Məqsədimiz həmişə belə olmuşdur: Münaqişə ədalətli sülhlə başa çatmalı, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən də həmişə dəstəklənib. Azərbaycan və BMT arasında əməkdaşlıq Azərbaycan müstəqillik əldə etdikdən sonra qurulmuşdur. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan münaqişəsinə dair qətnamələr qəbul etmişdir.  Bu qətnamələr Azərbaycaycanın ərazi bütövlüyünü təmin edirdi. Lakin mənfur düşmən bu qətnaməyə əməl etməkdən boyun qaçırırdı. BMT də hərbi qüvvələrin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çıxarılması barədə dörd qətnamə qəbul etmişdir. Erməni tərəfi isə BMT-nin qətnamələrini yerinə yetirməyib, danışıqlara əməli mövqe nümayiş etdirməyib, bu səbəbdən də münaqişənin həlli həmişə yubanıb. Lakin xalqımızın səbri tükənməz deyildir. Sülh danışıqları sonsuza qədər davam edə bilməzdi.

Təəsüflər olsun ki, BMT qətnamələri düz 27 il kağız üzərində qaldı. Mənfur düşmən Beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazisindən çıxartdı, əksinə işğalı davam etdirdi. Azərbaycan rəhbərliyi daim BMT-nin bütün iclaslarında diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə yanaşı, onların bu məsələdə səylərini artırmağa çalışmışdır. Ulu Öndər Heydər Əliyev keçirilən bütün iclaslarda Azərbaycanın mövqeyini həmişə açıqlamışdır. Heydər Əliyev irsinin davamçısı cənab Prezident İlham Əliyev də həmişə xarici siyasətində BMT əlaqələrinə xüsusi əhəmiyyət vermişdir. Amma bütün çağırışlar cavabsız qalmışdır. Daha da azğınlaşmış, yeni müharibə planları hazırlayan, təxribatlarla məşğul olan Ermənistan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” altında birləşərək Ermənistanı özü cəzalandırdı. Ermənistanın 27 sentyabr 2020-ci il tarixində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə məqsədilə Ermənistana qarşı əks hücum əməliyyatlarına başladı və düşmənə ölümcül zərbə vurularaq torpaqlarımız azad edildi.

Kifayət İmanova – Zərdab şəhər 1 saylı məktəb-liseyin psixoloqu

 

 

Qardaş ölkənin mövqeyi.

Pakistan həmişə Azərbaycana səmimi qardaşlıq, dostluq münasibətləri göstərib. Eyni münasibəti Azərbaycan da Pakistana qarşı nümayiş edib. Cənab Prezidentimizin Pakistanın Kəşmir məsələsində mövqeyini müdafiə etməsi barədəsindəki bəyanatı həm Pakistanda, həm də İslam dünyasında çox böyük razılıqla qarşılandı. Bu səfər iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, yeni sahələrdə əməkdaşlığın güclənməsinə və ikitərəfli münasibətlərin yeni istiqamətinin tapılmasına xidmət etdi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan dost-qardaş ölkələrlə olan münasibətlərinə həmişə xüsusi əhəmiyyət verir və bundan sonra da bu, belə olacaqdır.

Bu gün Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətləri əhatə edir. Bu barədə söhbət açarkən iki ölkə arasında siyasi dialoqun yüksələn xəttlə inkişafını xüsusi qeyd edə bilərik. Dost Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə möhkəm hüquqi əsaslar yaradan təxminən 35 sənəd imzalanıb. Bu sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi önəm daşıyır. İki ölkənin dövlət başçıları arasında və digər səviyyələrdə keçirilən görüşlər qarşılıqlı münasibətlərin dərinləşməsinə güclü impuls verir. Xatırladaq ki, indiyədək Azərbaycan Prezidenti Pakistana, həmçinin dost ölkənin dövlət başçısı respublikamıza bir neçə dəfə səfər ediblər.

Pakistan Baş nazirinin Ermənistanla diplomatik əlaqələrin bərpası məsələsinə dair mövqeyi bir daha göstərir ki, Pakistan üçün Azərbaycanın ərazi bütövlüyü, milli maraqları çox önəmlidir. Bu Ermənistana və Ermənistanı xaricdə müdafiə eləyən qüvvələrə xüsusi bir mesajdır. Ermənistan bir daha düşünməlidir. Pakistan kimi güclü dövlətlə əlaqələr qurmaq istəyirsə, ilk növbədə Azərbaycanla olan münasibətlərini qaydaya salmalıdır.

Nigar Şükürova – Zərdab rayonu Aşağı Seyidlər kənd ümumi orta məktəbinin müəllimi

 

 

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.

Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir. Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək qiymətləndirib. Azərbaycan da öz növbəsində, hər zaman bütün digər məsələlərdə Pakistanı dəstəkləyib .Bu dəstək Azərbaycan tərəfindən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda verilib. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlığımızın böyük potensialı var. Ölkələrimiz arasında münasibətlər birgə tarixi, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən Müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsi dövründə kimin bizimlə bir yerdə olduğunu çox gözəl bilir. Bu Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.

Azərbaycan – Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur. Enerji sahəsində böyük perspektivlər var. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Tarixi Zəfərimizin yaratdığı reallıq fonunda Azərbaycanın xarici siyasət uğurları bir-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Perspektiv əməkdaşlıq istiqamətləri.

15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda qeyd etdi ki, “Artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq”

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib – Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Şakir Muradov – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var.

Cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud münasibətlərdən bəhs edərək, bir daha bütün dünyaya ölkəmizin və xalqımızın haqlı mövqeyini nümayiş etdirdi. Cənab Prezident verdiyi bəyanatda qeyd etdi ki “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.”

Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Bu prinsiplər bir daha Azərbaycan Respublikasının beynəlxalq hüquqa əməl və hörmət etdiyinin təzahürüdür. Qarşı tərəfin illər boyu törətdiyi qətl və qırğınlara baxmayaraq Azərbaycan hökumətinin bu mövqeyi alqışa layiqdir.

44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu prinsipləri dünya ictimaiyyəti əslində Azərbaycan Prezidentinin humanistliyi və tolerantlığı kimi qəbul etməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bu prinsiplər əslində bizim ədalətli mövqeyimizin göstəricisidir.

Yaşasın müstəqil və qüdrətli Azərbaycan Respublikası!

Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru

 

Önəmli amil.

Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörmət bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olmuşlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək. Pakistan ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.

44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

İnanırıq ki, dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə-Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bu gündən sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Bakıda imzalanan Bakı bəyannaməsi bu əlaqələrin inkişafına ciddi təkan verəcək.

Kəmalə Əliyeva – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.