Huquqaz.com

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

06.07.2024
3.058
Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Burada geosiyasi amillərlə yanaşı, Azərbaycan və qazax xalqları arasında tarixi bağlılıq, ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, eyni dinin daşıyıcıları olmaları və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər müstəsna rol oynayır. Hər iki dövlət tarixi yaxınlığa və ənənələrə sadiqlik nümayiş etdirərək regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət həyata keçirir və Xəzər hövzəsi regionunda təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir.

Azərbaycanın və Qazaxıstanın cəmiyyəti və siyasi rəhbərliyi tarixi birliyinin möhkəmlənməsinə, Türk Şurasının nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə və türkdilli ölkələr arasında bağlantıların möhkəmlənməsinə böyük səy göstərirlər.

Uzun illər ərzində keçmiş ittifaqın tərkibində eyni siyasi-iqtisadi və coğrafi məkanı bölüşən müstəqil Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildən fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bu əlaqələrin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin miras qoyub getdiyi siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin sayəsində əlaqələrimiz günü-gündən daha da inkişaf edir. 44 günlük Vətən müharibəsində Qazaxıstan daim yanımızda olmuşdur. Bu danılmaz faktdır.

Ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və  yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb. Son iki ildə cənab Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Birgə əməkdaşlığın vacib sahəsi.

Azərbaycanı və Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələr üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir. Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin aktuallaşmasını şərtləndirən bir sıra amillər vardır. Dünyanın ən mühüm su yollarından biri, dünya ticarət yüklərinin 12%-indən çoxunun daşınması Süveyş kanalının payına düşür. Son zamanlar kanalın darlığı səbəbindən böyük gəmilərin kanalda ilişib qalması kanal yolunun bağlanmasına, bu da öz növbəsində qlobal ticarətdə ciddi pozulmalara gətirib çıxarır ki, bu da enerji əmtəələrinin qiymət artımına və qlobal inflyasiyaya səbəb olur.Nəticədə Şərq-Qərb nəqliyyat dəhlizinə maraq daha da artır.

Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb, Şimal-Cənub  dəhlizləri Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də, bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin, müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. 2020-ci il noyabr ayının 8-i isə, tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi.

Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Bütün bu illər ərzində erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti Cəbrayıl şəhərinin, Füzuli şəhərinin, Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. Ağdamın işğaldan azad edilməsi noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan, eləcə də, işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər ilə Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz, Azərbaycanın şərtləri ilə icra edildi.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir.

Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.

Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, buraya daxil olan dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi prinsiplər üzərində qurub. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması , əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən prinsiplər Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşmüşdür.

Qoşulmama Hərəkatı mühüm beynəlxalq təsisat olaraq hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin təməl prinsipidir. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunmuşdur.  Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab olunur. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.

Məhz Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrildi. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz cənab Prezident İlham Əliyevin tarixi uğurudur.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Hazırda dünyanın qlobal problemlərindən biri iqlim dəyişiklikləridir. Bu problem ekstremal hava hadisələri, quraqlıq, su ehtiyatlarının və biomüxtəlifliyin azalması kimi fəlakətlərin artması ilə daha da güclənib.  İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Qeyd edək ki, qlobal iqlim dəyişiklikləri son 200 ildə özünü daha çox büruzə verməyə başlayıb. İndiyə kimi orta iqlim temperaturu təxminən 0,8-1,2 dərəcə arasında artıb. Tədbirlər görülməsə, bu əsrin sonlarına qədər temperatur 4 dərəcəyədək qalxa bilər. Temperatur bu qədər artsa, fəlakətlər qaçılmaz olacaq. Bu o deməkdir ki, bəşəriyyəti su ilə təmin edən buzlaqların qalınlığı daha çox azalacaq. Hazırkı dövrdə də buzlaqların əriməsi müşahidə edilir. Sular çox nizamsız paylanacaq, sellərin, daşqınların, quraqlıqların intensivliyi artacaq. Kənd təsərrüfatı bundan çox böyük zərər görəcək, məhsul qıtlığı olacaq. Quraqlıq nəticəsində suya böyük ehtiyac yaranacaq.

Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondu yaradacaqdır.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.