Huquqaz.com

Məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi

18.06.2024
2.221
Məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi

Məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi

Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.

Əvvəla, Bəyannamənin məhz  Şuşa  şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz  Azərbaycanın əzəli tarixi  ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.

Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə de-yure olaraq qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi  Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi  “İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda  ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.

Sənədin imzalanma mərasiminin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun – Milli Qurtuluş günündə təsadüf etməsi də rəmzi məna daşıyır və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.

Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarının qarşısına sipər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz  bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanı əldə etmişdir. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Türkiyə-Azərbaycan müttəfiqliyi və birgə imzası əsasında Şuşada möhürlənmişdir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək!

Türkiyənin beynəlxalq miqyasda ardıcıl olaraq həm siyasi səhnədə, həm də hərb meydanında Azərbaycanı dəstəkləməsi böyük mənada türk birliyinə, həm də Azərbaycanın uğurlarına  qısqanclıqla yanaşanlara sanballı ismarıcdır. Qardaş ölkənin Prezidentinin Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında iştirakı və sonra da Şuşaya, Zəngilana səfərləri böyük türk dünyasına birlik və həmrəylik çağırışı kimi qiymətləndirilməlidir. Öz növbəsində Prezident İlham Əliyev də dost ölkənin çətin günlərində – dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işində və beynəlxalq səviyyəli siyasi-diplomatik proseslərdə Azərbaycanın hər kəsdən öncə türk xalqının yanında olduğunu nümayiş etdirmişdir.   Şübhəsiz, Şuşa Bəyannaməsi  Avropa, Orta və Şərqi Asiya coğrafi məkanını əhatə edən türkdilli dövlətlər tərəfindən sərgilənən siyasi proseslərə böyük stimul yaradır. Bu baxımdan,  düşünürəm ki, mayın 28-də Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi həm də Azərbaycanın qələbəsidir və bu, qarşıya qoyulmuş birgə hədəflərə nail olmaq üçün daha böyük perspektivlər üçün yeni imkanlar açır.

Qarabağın dirçəldilməsi ilə bağlı proseslər fonunda daha bir önəmli məsələ diqqəti cəlb edir. Şuşa Bəyannaməsi, habelə Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağı və işğaldan azad edilmiş ərazilərin bərpasında türk şirkətlərinin sonadək fəal şəkildə cəlb olunacağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması doğma yurd-yuvalarına dönmək üçün zaman gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin rəhbərlərinin ictimaiyyətə açıqladıqları bəyanatlardakı müddəalar və incə məqamlar, habelə ertəsi gün cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında dünyaya ismarıc kimi səslənən və yeni reallıqların tələbləri baxımından ölkələrimiz arasında getdikcə daha sürətlə inkişaf edən qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dolğun siyasi məzmunu kimi dəyərləndirilən çıxışı bu ümidləri daha da gücləndirdi.

Şuşa Bəyannaməsinin bütün aspektlərdə bir əhəmiyyəti də ondan ibarətdir ki, bu sənəd ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının bütün müddəlarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistanın və onun havadarlarının mane olmağa çalışdıqları Azərbaycan və Türkiyəni birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa Bəyannaməsində yer almasını təsadüfi saymaq olmaz.

Digər tərəfdən, sənədin əsas müddəalarından biri kimi, iki qardaş ölkənin liderləri bölgədə sülh və əməkdaşlığa çağırışla sülhsevər  niyyətlərini ilə bir daha rəsmi olaraq ortaya qoymuş oldular.

Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah  mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılmışdır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Yüz illik siyasi tarixin əvəzi olmayan müqaviləsi – Şuşa Bəyannaməsi

Müasir dünya düzənində dövlətlərarası siyasi, iqtisadi, hərbi və mədəni müttəfiqlik regional sabitliyin əsas şərtlərindən biridir. Bu əlaqələr bir çox hallarda tərəflərin maraqları əsasında formalaşır və bunlar dəyişildikdə müttəfiqlik ya zəifləyir, ya da tamamilə sıradan çıxır. Tarixdə oxşar nümunələr çox olub. Bu baxımdan son 100 ildə ictimai-siyasi quruluşların, geopolitik reallıqların dəyişilməsinə rəğmən, heç bir halda pozulmayan bir müttəfiqlik mövcuddur ki, əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin, daha sonra Türkiyə Cümhuriyyətinin qurulması zamanı dünyanı heyrətə gətirən bu birlik əsrin sonunda iki müstəqil dövlətin birgə səyi ilə daha da inkişaf etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibətlər sayəsində Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. İki il öncə imzalanan Şuşa Bəyannaməsi isə bu zirvənin daha bir fəthi idi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə tarixi Qələbəmizi həzm edə bilməyən bəzi ölkələrə birlik mesaj oldu. Bu, həm də o demək idi ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, o cümlədən dövlət sərhədləri təhdid olunduğu təqdirdə, Türkiyə təkcə diplomatik, siyasi, mənəvi dəstəkçi kimi deyil, müttəfiq kimi ordusu ilə ölkəmizin yanında dayanacaq. Məhz bu anlamda iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi müttəfiqlik sənədi və geostrateji əhəmiyyət daşımaqla, dünyada söz və nüfuz sahibi kimi iki ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Tariximizdə ilk dəfə olaraq Azərbaycan liderinin digər dövlətin başçısını Qarabağda qarşılaması və bizim üçün mənəvi əhəmiyyət kəsb edən ruhumuzun ünvanı Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi həkk olundu.

Şuşa Bəyannaməsini şərh edən Prezident İlham Əliyev yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindən bir əsr sonra qəhrəmanlıqla azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə sənədi Azərbaycanla Türkiyənin gələcək iş birliyinin istiqamətini göstərdiyini vurğuladı. Bəyannamədə bir çox önəmli məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, hərbi, mədəni, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb ki, bu da əlaqələrin inkişafına geniş imkanlar açır. Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə mənəvi baxımdan ölkəmizin yanında olan Türkiyə işğaldan sonra da azad olunmuş ərazilərdə düşmənin amansızlıqla məhv etdiyi tarixi torpaqlarımızda aparılan yenidənqurma işlərində bizimlə bərabər fəal iştirak edir, çiyin-çiyinə yeni kəndlər, şəhərlər salır.

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Gününə – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi tərəflərin öz istiqlalını və ərazi bütövlüyünü qardaş millət kimi eyni dərəcədə yüksək və toxunulmaz olaraq dəyərləndirmək baxımından 100 illik siyasi tarixin əvəzi olmayan müqaviləsidir. Şuşa Bəyannaməsi Zəfər savaşında Azərbaycanın haqq davasının yanında olan Türkiyə ilə münasibətlərin real ittifaq halında ifadəsi ilə yanaşı, həm də Türk dünyasının birliyi üçün də müstəsna əhəmiyyətə malik bir sənəd oldu.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya çatdıran bir mesajdır

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Həqiqət anı kimi dəyərləndirilən bu müharibədə kimin haqqın, kimin isə şərin yanında olduğu bir daha açıqlandı. Tarixin bütün sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyə qardaşlığı  44 günlük İkinci Qarabağ müharibəsində bir daha dünyaya nümayiş edildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibə başlandığı andan dünyaya “Azərbaycan tək deyil” mesajını çatdırdı. Sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini göstərən Türkiyə dövləti və xalqı postmünaqişə dövrünün reallıqlarını da Azərbaycanla birgə qeyd edirlər. Tarixi Zəfərimizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradından bu günədək hər bir hadisənin qeyd olunması zamanı dünya iki qardaş ölkənin-Azərbaycan və Türkiyənin Prezidentlərini birgə görür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il 10 dekabr tarixində Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra dövlət başçısı İlham Əliyev ilə birgə mətbuata  bəyanatlarında “Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur” söyləyərək onu da əlavə etmişdir ki,  bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir”.

Postmünaqişə dövrünün qürurverici hadisələrindən biri məhz 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşanın  Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin  rəsmiləşdirilməsinə şahidlik etməsi oldu: “İmzalanan  Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyənin qardaşlığını bütün dünyaya çatdıran bir mesajdır.  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan bu sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Dövlət başçısı İlham Əliyev Şuşa Bəyannaməsini belə dəyərləndirir: “Bu, gələcək fəaliyyət üçün  bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik.  Gündən-günə  möhkəmlənən  münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız  hesab edirəm ki, bu gün bütün qonşu  ölkələr üçün bir örnəkdir”.

Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir: “İmzalanmış Bəyannamə isə Ulu Öndərlərin – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” söyləyən Mustafa Kamal Atatürkün, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir. Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Şuşa Bəyannaməsi mahiyyəti ilə yanaşı,  imzalandığı məkan baxımından da xüsusi diqqət çəkir

Şuşa Bəyannaməsi özündə arxada qalan dövrün reallıqları fonunda qarşıda dayanan hədəfləri ehtiva edir. Bu sənəd ölkəmizin beynəlxalq nüfuzunu artırır. Belə ki, Bəyannamədə  nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin dünya birliyində yeri və roluna yeni əlavələr gətirəcək. Reallıq budur ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur.  Azərbaycan-Türkiyə dünyaya dostluq, qardaşlıq, müttəfiqlik nümunəsidir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.

Zəngin tarixə malik olan Azərbaycan-Türkiyə  münasibətlərinə olunan yeni əlavələrə diqqət yetirmək kifayətdir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu qardaşlığın təqdimatında öz sözünü deyir. Türkiyə şirkətlərinin  prosesdə fəal iştirakı göz önündədir. Azərbaycan və Türkiyə Prezidentlərinin  azad Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya birgə açmaları  diqqətdən kənarda qalmadı. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi ölkələrimiz arasında münasibətlərin daha da inkişafını, Şuşa Bəyannaməsinin bütün müddəalarının uğurlu icrasını təmin edəcək.  Şuşa Bəyannaməsi imzalanarkən  Prezident İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq onu da  bildirmişdir ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Şuşa Bəyannaməsi mahiyyəti ilə yanaşı,  imzalandığı məkan baxımından da xüsusi diqqət çəkir: “Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyyət paytaxtı Şuşanın  bu dostluğa, qardaşlığa, müttəfiqliyə şahidlik etməsi özündə bir sıra mühüm məqamları birləşdirir. Bu məkandan müttəfiqliyimizin dünyaya bəyan edilməsi hər birimiz üçün qürurvericidir. Bu kimi biri-birindən mühüm addımlar sübut edir ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və daim burada olacaq. Hazırda paytaxt Bakı ilə yanaşı, Şuşa da iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqları bəyan etmiş oldular

Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən Müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub. 2021-ci il iyunun 15-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın  Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Şuşa Bəyannaməsinin imzalanması bu deyilənlərə əyani sübutdur. Şuşa Bəyannaməsi ölkələrimizin müttəfiqliyini hüquqi cəhətdən təsdiqləyən bir sənəd kimi tarixə düşdü. Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir.

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi Azərbaycan Türkiyə əməkdaşlığın strateji istiqamətlərindən biridir. Azərbaycan hər zaman sülh və əməkdaşlıqda maraqlı olan ölkədir və heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Şuşa Bəyannaməsinin imzalanması da iki ölkənin qarşılıqlı formada bir-birinin müdafiəsinə dəstək vermək məqsədi daşıyır. Burada hər hansı bir ölkəyə qarşı heç bir iddiadan belə söhbət getmir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sürətli şəkildə bərpa-quruculuq işlərinə start verməsi, eyni zamanda regionda nəqliyyat-kommunikasiya infrastrukturunun qurulmasında maraqlı olması ölkəmizin münaqişədə deyil, sülh və davamlı təhlükəsizlik mühitinin yaradılmasında maraqlı olduğundan xəbər verir. Qardaş Türkiyə də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında maraqlıdır. Belə ki, Türkiyə şirkətləri prosesdə yaxından iştirak edirlər. Həyata keçirilən tikinti, quruculuq işləri nəticəsində Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaqdır.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hər bir sahədə əməkdaşlığı təmin edən sənəd olduğu üçün ölkəmizin iqtisadi gücünə də əlavə güc qatmış olacaq. Güclü iqtisadiyyat isə güclü Ordu, güclü müdafiə sistemlərinin mövcud olması deməkdir. Bundan əlavə Şuşa Bəyannaməsi beynəlxalq təşkilatlar müstəvisində qarşılıqlı dəstəyin təmin olunması deməkdir. Belə ki, ölkələrimiz aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqları bəyan etmiş oldular. Bununla da hər iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq uyğun zəruri yardımlar göstərəcəklər. Bir sözlə, ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Şuşa Bəyannaməsi iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə ucaldıb

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən  bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 3 il əvvəl iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını təşkil edir.

Hazırda Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Bu zirvənin ən yüsək nöqtəsi isə ötən il iyunun 15-də iki ölkə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Onun fikrincə, ölkələrimizin əməkdaşlıq münasibətləri unikal müttəfiqlik nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində   strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən  bir mesajdır: “Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi”.

Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verildiyini deyən S.Fətəliyeva qeyd edib ki, bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Türkiyə təkcə qardaş və müttəfiq dövlət deyil, o həm də NATO ölkəsi, Avropa İttifaqına üzvlüyə namizəddir

İki il əvvəl – 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Şuşa bəyannaməsi iki qardaş dövlət arasındakı əlaqələrin indiki şərait üçün əsl lokomotividir. Bu sənəd hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrini əhatə edir. Bəyannamə Azərbaycanla Türkiyənin istisna olaraq bütün məsələlərdə bir mövqedən çıxış etməsinə hüquqi əsas verib.

Bəyannamədə bu bəndin vurğulanması da təsadüfi deyil və onun nə qədər əhəmiyyətli olduğunu göstərir: «Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir».

Türkiyə təkcə qardaş və müttəfiq dövlət deyil, o həm də NATO ölkəsi, Avropa İttifaqına üzvlüyə namizəddir. Bir sözlə, Qərb blokunun vacib üzvüdür. Şuşa bəyannaməsi həm də bu baxımdan önəmlidir. Bu sənəd türk dövlətlərinin bir-birinə yaxınlaşması üçün də vacib addımların atılmasını şərtləndirir.

Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi  hər iki qardaş ölkənin təhlükəsizliyi üçün çox önəmli bir sənəddir. Bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Təbii ki,  Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Qardaşlığın dönməzliyinin təsdiqi

Azərbaycanla Türkiyə arasında tarixi münasibətlər hər iki dövlətin həm siyasi, həm də iqti­sa­di maraqlarına əsaslanır. Böyük tarixi şəxsiyyətlər – Mustafa Kamal Paşa Atatürk də, Heydər Əliyev də bu münasibətləri qardaşlıq münasibəti adlandırırdı və bu, indi özünün yeni tarixi və gərəkli mərhələsindədir. Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar Şuşa Bəyannaməsində də ifadə olunub.

Türkiyədə seçkilər Azərbaycanda da böyük siyasi həssaslıqla izlənildi və bu siyasi tədbirdə də Azərbaycan Türkiyə ilə nəfəs-nəfəsəydi…

İkinci Qarabağ mharibəsində Türkiyə Azərbaycanın yanında idi. 2020-ci il noyabrın 10-da tarixi Zəfər qazanıldı. Bu Zəfərlə Azərbaycan qədər Türkiyə də qürur­landı.

2021-ci il iyun ayının 15-də Azərbaycanla Türkiyə aarsında tarixi Bəyannamə imzalandı. Həm  də Şuşa şəhərində. Bu Bəyannamə Şuşa Bəyannaməsi kimi tarixləşdi.  Bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik bu Bəyannamə ilə daha da genişləndi.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik oldu. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Dünyada elə ölkələr yoxdur ki, onlar Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsunlar

15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ötür. Bəyannamənin imzalanması ilə iki qardaş ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Tarixə nəzər salsaq Azərbaycanla Türkiyə arasında münasibətlərin dərin tarixi kökləri olduğunun şahidi olarıq. Bu bir faktdır ki, iki ölkə arasında qardaşlıq və dostluq münasibətləri bütün dövrlərdə mövcud olub, ən ağır sınaqlarla, çətinliklərlə üzləşdiyi zamanlarda iki ölkənin qarşılıqlı dəstəyi hər zaman özünü göstərib. Ulu öndərimiz Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlət olaraq daim əl-ələ, çiyin-çiyinə olmuşuq. Dahi öndər Mustafa Kamal Atatürk ifadə etdiyi kimi sevincimiz və kədərimiz bir olub. Dahi tarixi şəxsiyyətlərimizin, görkəmli dövlət və siyasət xadimlərinin səsləndirdiyi bu kəlamlar bu gün də aktuallığını qoruyur və xalqlarımızın bir-birinə münasibətində öz təsdiqini tapır. Qürurla qüyd etməliyik ki, bu gün Azərbaycan və Türkiyə əlaqələri özünün ən parlaq səhifələrini yaşayır. Bu birlik və həmrəylik bütün dünya üçün əsl örnək olmaqla yanaşı, dövlət başçılarımız cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir. Bu birlik iki qardaş ölkənin və xalqlarımızın gələcək təhlükəsizliyinin ən etibarlı qarantıdır. Çünki bu dostluq və qardaşlıq düşmənə göz dağı, dosta fəxarətdir. Şuşa bəyannaməsi isə bu münasibətlərin ən parlaq təzahürüdür.

Dünyada elə ölkələr yoxdur ki, onlar Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsunlar. Şuşa bəyannaməsinin imzalanması bu mənada dövlətlərimiz arasındakı münasibətlərin ən mühüm mərhələsini və onun uğurlu nəticəsini özündə ehtiva edir. Şuşa bəyannaməsi bütün sahələrdə sağlam təməllər üzərində qurulan, ölkələrimizin siyasi, diplomatik, iqtisadi, beynəlxalq və digər sahələrdə müttəffiqliyini özündə əsk etdirir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına əsaslı təminat verir.

Ermənistanın torpaqlarımıza qarşı 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi, diplomatik dəstəyi əvəzolunmazdır. Bu dəstək zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Türkiyənin dünyada ikili standartların hökm sürdüyü bir vaxtda dövlətimiz və xalqımız üçün apardığı informasiya savaşı qardaşlığın nə qədər sarsılmaz təməllər üzərində qurulduğunu göstərir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.

İnanırıq ki, Azərbaycanla Türkiyə arasında strateji müttəffiqlik səviyyəsinə yüksəlmiş bu münasibətlər bundan sonra da uğurla davam etdiriləcək. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini 

Şərhlər

Şərh yazılmayıb.