Huquqaz.com

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir

29.04.2024
2.959
Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra – sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman ailələri Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının dörd üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Onu da xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.

Keçən ilin martında Berlində, iki ay əvvəl Münhendə kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var. Prezident İlham Əliyev almaniyalı iş adamları ilə əvvəllər reallaşdırdığı görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 giqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edilib ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək.

Qeyd etmək yerinə düşər ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya Qarabağda vaxtilə mövcud olan separatçı rejimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsizlik göstərib. Bu isə onun rəsmi Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını göstərib.

Elə bu gün də Kansler Olaf Şolts bu mövqeni bir daha təsdiqləyib. “Son görüşdə hər ikiniz (Azərbaycan və Ermənistanı nəzərdə tutaraq) məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz”, – deyən kansler Almaniyanın hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləməyə hazır olduğunu vurğulayıb:

“Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm”.

Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycanın “yaşıl gündəliyi” artıq bəllidir

Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a gələn yol adlandırdılar. Çünki COP29 ərəfəsində təşkil olunan bu tədbir, adından da göründüyü kimi, iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək məqsədi daşıyırdı. COP29-a evsahibliyi edəcək ölkənin rəhbəri kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm tədbirin Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış etmişdir.
“COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.

Çıxışına bu məzmunda başlayan Prezident İlham Əliyev digər bir vacib məqamı da vurğuladı. Belə ki, COP29-un keçirilməsinə qərar veriləndən dərhal sonra bəzi mətbuat orqanları bir məsələdən narazılıqlarını bildirdilər. Bundan əvvəlki – 28-ci sessiyanın Birləşmiş Ərəb Əmirliklərində keçirildiyini vurğulayaraq soruşdular ki, iqlim dəyişmələrinə həsr olunan bu mötəbər tədbirə nə üçün növbəti dəfə yenə neft-qaz ölkəsi evsahibliyi edəcək? Prezident İlham Əliyev Berlindəki bütün çıxışlarında məhz həmin məsələyə də toxundu. Bildirdi ki, neftlə, qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalı, onlar buna görə qınaq obyektinə çevrilməməlidir. Çünki bu ölkələr, o cümlədən Azərbaycandan əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin həlli üçün böyük səylər göstərmişlər. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Bu təbii sərvət Tanrıdan verilən bir paydır və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Əsas məsələ isə həmin sərvətdən düzgün istifadə etməkdir.

Azərbaycana gəldikdə, ölkəmizdə karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərdən düzgün istifadə olunur. Buna görə də yoxsulluğun səviyyəsi son 20 il ərzində 50 faizdən 5 faizə enmişdir. Borcumuz ümumi daxili məhsulun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür. Bu gün biz həm də erməni vandallarının 30 il ərzində xarabaya çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru yenidən tikib-qururuq.

 Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Yaşıl enerji”nin  dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir

COP29-a evsahibliyi etməyi ölkəmiz özü üçün böyük şərəf sayır. Lakin bu həm də məsuliyyətdir. İndi Azərbaycan bu qlobal tədbirə evsahibliyi edəcək ölkə kimi hazırlığın fəal mərhələsindədir. Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik. “Yaşıl gündəliyimiz” də artıq dünyaya bəllidir.

Əslində, Azərbaycanın bu gündəliyi hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Xarici tərəfdaşlar və sərmayədarlarla “yaşıl keçid” üzrə nəhəng layihələrə start verilib. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Təkcə bu il 1300 meqavat günəş və külək enerjisini istehsal etmək gücü olan stansiyaların təməli qoyulacaq. 2027-ci ilin sonuna qədər isə 2000 meqavat “yaşıl enerji”miz olacaq. Həmin vaxta qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. 2030-cu ilə qədər isə əlavə olaraq 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların da gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensial qaz istehlakının əksər hissəsini elektrik enerjisi ilə əvəzləməyə imkan verəcək. Nəticədə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq. Dövlətimizin başçısı bununla bağlı demişdir: “Neft və qazımız həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır”.

“Yaşıl enerji”nin də dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətləri, o cümlədən Qara dənizin dibi ilə kabel çəkmək üçün texniki əsaslandırma işləri son mərhələsinə çatıb. Bu da Azərbaycana 4 qiqavat (4000 meqavat) həcmində “yaşıl enerji”ni Avropaya ixrac etmək imkanı yaradacaq. Xatırladaq ki, Xəzərdə 157 qiqavat külək enerjisi ehtiyatlarımız təsdiq olunub.
Bir sözlə, Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Başqa sözlə, Azərbaycan körpülər yaradacaq, o cümlədən “yaşıl enerji”yə keçidlə və iqlim dəyişikliyi ilə bağlı. Dünyada hər kəs gündəliyimizin “yaşıl enerji” ilə bağlı olduğunu bir daha görəcək.

Prezident İlham Əliyev Berlində bunları bir daha vurğulayaraq demişdir: Yekun fikrim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.