Huquqaz.com

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

23.02.2024
2.414
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Təkcə xalqımıza qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olan Xocalı soyqırımının ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd edilir. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.  Əlləri Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edildi. Beləliklə, qisas qiyamətə qalmadı. Şübhəsiz ki, qalib və güclü – qüdrətli Azərbaycan dövləti Xocalı soyqırımının sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb olunmasına, bu qatillər və canilərin qanun qarşısında cavab vermələrinə – layiqincə cəzalandırılmalarına nail olacaq! Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər Xocalı və bu kimi bir çox qətliamlara məruz qalan xalqımızın ürəyinə bir növ su səpdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Bəşəriyyət əleyhinə cinayət olan Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Xocalı faciəsi erməni vandalizminin daha bir nümunəsi, yaxud təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi idi.

Əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum gecə vaxtı insanların yatdığı vaxtda xüsusi qəddarlıqla həyata keçirildi. Belə ki, həmin hücum zamanı cəmi bir neçə saat ərzində şəhər əhalisinə qarşı etnik zəmində tarixdə ən müdhiş və dəhşətli cinayətlər törədildi və misli görünməmiş divan tutuldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu cinayətlərin törədilməsinə görə Ermənistan tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Yaşanmış faciə.

Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılma­sı, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri ad­dımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Hər il xalqımız Xocalı soyqırımı­nı böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxu­yur. Artıq Xocalı soyqırımının ildönümü fərqli şəkildə anılır. Çünki illər əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-si­yasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. O dövrdən başla­yaraq, Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ili böyük izdihamla qeyd olunmuşdur. Soyqırımı qurbanlarının xatirəsi paytaxtımızda 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmiş­dir. Ümumxalq yürüşündə Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri öndə gedirdilər. Pay­taxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurban­larının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insan­lığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Xocalı faciəsi barədə dün­ya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kam­paniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampani­yanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarıl­ması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, eləcə də, bütün şəhidlərimizin qisası alındı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Xüsusi qəddarlıq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya hücum etdi. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit raketlərdən açılan 2 saatlıq atəşdən sonra başlanmışdı. Xocalıya bir neçə istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu, bir tələ, amansız hiylə imiş. Qaniçən ermənilər qaçıb canlarını qurtarmaq istəyən silahsız mülki insanları güllələyir, ələ keçirdiklərini vəhşicəsinə qətlə yetirirdilər. İnsanlara dəhşətli işgəncələr verir, diri-diri yandırır, baş dərisini soyur, qulaqlarını və digər orqanlarını kəsir, gözlərini çıxarır, hamilə qadınların qarınlarını deşir və sözlə ifadə edilməsi çətin olan digər vəhşiliklər törədirdilər. 1992-ci il fevralın 26-da Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.

Xalqımız illər boyu 26 fevral 1992-ci ildə Xocalıda yaşanan müsibətə, qəddarlıqla öldürülən nənə-babalara, ana-atalara, oğul-qızlara, qardaş-bacılara, ana bətnində süngülənən körpələrin yarımçıq taleyinə ağladı, gözləri qan-yaş tökdü.  1992-ci il fevralın 26-da erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı hər azərbaycanlının qəlbini dərindən yaraladı, amma Azərbaycan xalqının milli iradəsini, işğalla barışmaz mövqeyini qətiyyən sarsıda bilmədi.  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Soyqırımı Günü” haqqında qərar.

Əsrin əvvəllərindən başlayaraq Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı hadisələri əsrin sonlarına doğru daha da gücləndi. Ermənilər əsrlər boyu Azərbaycanın ərazi bütövlüyünə, dininə, dilinə, mədəniyyətinə qarşı təcavüzkar siyasət yürüdüb. Lakin biz xalq olaraq heç vaxt öz müstəqilliyimizdən, mədəniyyətimizdən, dinimizdən, dilimizdən yan keçmədik. Çünki bizim dərin köklərə malik dövlətçilik adət-ənənəmiz var! Xocalı soyqırımı qan yaddaşımızdır!

Birinci Qarabağ müharibəsi dövründə ermənilərin əsas hədəf nöqtəsi məhz Xocalı şəhəri idi. Bu, heç də təsadüfi deyildi. Xocalı şəhərini hədəfə almaqla bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən Xocalı şəhər mədəniyyətini yer üzündən birdəfəlik silmək idi. Eyni zamanda, onlar bu soyqırımını həyata keçirməklə xalqın müstəqillik əzmini qırmağa çalışırdılar.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da quru yolun əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulmasından və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. 1992-ci il fevralın 26-da erməni qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalıya hücum etdi. Həmçinin yanğınlar törədilmiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni mühasirəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqda azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Hava limanının enmə zolağı qəsdən məhv edilərək yararsız hala salınmışdı. Ağdam rayonuna qaçan əhali yaxın ərazidə gülləyə tutuldu və nəticədə çoxlu sayda insan həlak oldu. Bu soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli Liderimizin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Bu dəhşətli soyqırımın, cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.

Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

Şərhlər

Şərh yazılmayıb.