Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır
Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında hər iki dövlətin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.
Müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu.
Türkiyə və Azərbaycan bu gün dünyada sülhün, əminamanlığın, əməkdaşlığın bərqərar edilməsi üçün bütün imkanlardan istifadə etməkdədir. Bu amal və əməl hər iki dövləti və rəhbərləri birləşdirir və xalqlarımızı xoşbəxt gələcəyə aparır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli
Təhsillə bağlı önəmli anlaşma imzalanmışdır.
Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi bu sahədə ötən dövrdə əsası qoyulan ənənələrə və təcrübəyə əsaslanır. İndiyədək Türkiyənin respublikamızda bir sıra təhsil müəssisələri qurulub və uğurla fəaliyyət göstərir. Gənclərin müxtəlif qarşılıqlı təqaüd proqramlarından bəhrələnmək imkanları var. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub. Ali təhsil, peşə təhsili, orta təhsil istiqamətindəki münasibətlər hər iki ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Azərbaycan universitetləri ilə Türkiyə universitetləri arasında ikili diplom proqramlarının işlənməsi, universitetlərarası qarşılıqlı tədqiqat mühitinin formalaşması inkişafa hədəflənib. İllərdir ki, Azərbaycanın və Türkiyənin bir sıra ali təhsil müəssisələri arasında kadrların peşəkarlığına, ali təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşə inkişafına hədəflənən müxtəlif tədbirlər, mübadilə proqramları həyata keçirilir. Həmçinin Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasındakı əməkdaşlıq əlaqələri genişlənir. Ötən illərdə əsası qoyulan ənənələr, yaradılan baza, həmçinin imzalanan sənədlər Azərbaycanla Türkiyənin təhsil sahəsində perspektiv əməkdaşlığının əsasını təşkil edir. Yaradılacaq birgə universitetin gələcəkdə aparıcı təhsil müəssisəsinə çevriləcəyinə əminliyini bildirən Prezident cənab İlham Əliyev “Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”, – deyə vurğulayıb.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova
Türkiyə bu gün dünya miqyasında söz sahibidir.
Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni soykökü, dil, din birliyindən də üstün tellər bağlayır. Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan hadisədir. Bu münasibət böyük Atatürkün və Ümummilli Lider Heydər Əliyevin dillər əzbərinə çevrilən fikirlərində ən yüksək şəkildə ifadə olunub.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibəti hazırkı dövrdə özünün zirvə nöqtəsindədir. Bu gün Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tandemi beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir.
İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geopolitik durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin yeni perspektivlərini açıb.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf etdirilən bu ittifaq adıçəkilən liderlərin dəqiq və milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir. Bu baxımdan cənab İlham Əliyevin prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri xüsusi diqqət kəsb edirdi.
Azərbaycanın və Türkiyənin başlıca hədəfi budur: qloballaşan dünyada güclü olmaq, qlobal dünyanın güc faktoru rolunda çıxış etmək. Axı dünya güclə hesablaşır. Güc həm də sülh və əminamanlıq mühitidir, davamlı inkişafa, tərəqqiyə aparan yolun qarantıdır.
Türkiyə-Azərbaycan birliyinin təkcə region üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən dövlətimizin başçısı qardaş ölkənin bölgədə sülhün təminatçısı olduğunu bəyan etdi. Prezident növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq.
Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin dünya insanlığı və sülh üçün nə qədər önəm kəsb etdiyini növbəti dəfə sübut etdi.
Dövlətimizin başçısının tarixi qardaşlıq ənənəsinə uyğun olaraq prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı. Səfər zamanı iki qardaş ölkə başçısının səsləndirdikləri mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Qardaşlıq əlaqələrinin təzahürü.
Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri mühüm əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu müharibə günlərində xalqımız qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini gördü, güclü dəstəyini hiss etdi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı.
Artıq ənənəyə çevrilən hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir.
Türkiyə-Azərbaycan əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki əvəzsiz rolu son illərdə daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün, turançılığın sarsılmazlıq nümunəsidir.
Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq.
Qədim tarixə əsaslanan Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. Bu köklər bir-biri ilə qırılmaz tellərlə bağlanmış, dövlətlərimizin xoş gündə də, dar gündə də bir-birinin arxasında olduğuna zəmin yaratmışdır. 7 fevral prezident seçkilərində növbəti dəfə qalib gələrək prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimindən bir neçə gün sonra qardaş ölkəyə səfər etdi və göstərdi ki, bu iki ölkənin dostluğu, qardaşlığı əzizdir və bu birgəliyə sədaqət olduğu kimi də davam edir.
Azərbaycan və Türkiyə dostluğa, qardaşlığa daha böyük önəm verir, ona xələl gəlməsini istəmirlər. Türkiyə nəinki bizim üçün, eləcə də bütövlükdə türk dünyası üçün dəyərli ölkədir. Son 10 ildə bu faktor daha qabarıq şəkildədir və təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlərin həlli Türkiyənin mövqeyindən asılıdır.
Azərbaycan dövlət və millət olaraq Türkiyənin uğurlarına öz uğurları kimi sevinir, onun üzləşdiyi çətinlikləri öz problemi sayır, itkilərini öz itkisi hesab edir. Məsələn, son bir neçə ildə Türkiyədə şiddətli meşə yanğınları tüğyan edəndə köməyə ilk yetişən Azərbaycan yanğınsöndürənləri olur. Ötən ilin fevralında Türkiyənin cənub-şərq əyalətlərində baş verən güclü zəlzələdən sonra da ölkəmizin xilasediciləri fəlakət zonasına birinci yetişmiş, sonuncu tərk etmişdilər.
Öz növbəsində Türkiyənin şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş rayonlarında infrastrukturun bərpasına ciddi töhfə verirlər. Azərbaycan-Türkiyə qardaşlığından danışarkən 2020-ci ilin oktyabr-noyabr aylarında Türkiyənin Azərbaycana verdiyi dəstək barədə çox danışmaq olar. Vətən müharibəsində ölkəmizə arxa, dayaq olan Türkiyənin varlığı ilə Azərbaycanın milli məsələsi olan Qarabağ münaqişəsinin həllinə üçüncü bir dövlət qarışa bilmədi. Çünki uca tribunalardan bütün imkanları ilə Azərbaycanın ərazilərinin bütövlüyü uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiyini bildirən Rəcəb Tayyib Ərdoğan dünyaya bu gün də, sabah da can Azərbaycanın yanında olacağı mesajını vermişdir.
Azərbaycanla Türkiyənin arasında müttəfiqlik sazişi var, hər iki dövlət, necə deyərlər, yaman gündə bir-birinə arxa-dayaq olmağı öhdəyə götürüb. Bir sözlə, Azərbaycan-Türkiyə birliyi dönməz, sarsılmaz, əbədi olmalıdır, hər iki ölkənin xalqının rifahı, təhlükəsizliyi, gələcək inkişafı üçün önəmli rol oynamalıdır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova
Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur.
Azərbaycanla Türkiyənin əlaqələri yeni keyfiyyət halı alır. Torpaqların işğaldan azad olması tərəflərin regional və qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır, yollar açır. Türkiyə şirkətləri bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Türkiyə Prezidenti azad Qarabağa və Şərqi Zəngəzura ilk səfər edən dövlət başçısıdır. Azərbaycan və Türkiyə prezidentləri hər zaman bir-birlərinin yanında olmaqdan qürur duyurlar. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq aeroportları məhz Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakları ilə dünyaya açılıb. İki qardaş ölkə hər zaman birlik, həmrəylik çağırışları ilə dünyanın diqqətindədir. Dünya bu iki dost ölkənin timsalında qardaşlığın, müttəfiqliyin nümunəsini görür. Böyük öndərlər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri bütün dövrlər üçün aktuallığını qoruyur, münasibətlərin yüksələn xətlə inkişafına bələdçilik edir.
Fevralın 19-da cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir.
Azərbaycan lideri cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar. Türkiyə lideri bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini bildirib.Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib.
Azərbaycan Prezidenti Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. O vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək: “Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
Şərh yazılmayıb.