Huquqaz.com

Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı

21.02.2024
2.128
Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı

Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı,  imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Bu sənədlər münasibətlərin inkişafında möhkəm hüquqi baza rolunu oynayır. Tarixi Zəfərimizin dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın dövlət başçısı İlham Əliyevin sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarında qardaş ölkə liderinin səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir”. Həmin vaxt imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etmək istərdik. İnformasiya cəbhəsində üstünlüyümüzu qorumaq, beynəlxalq səviyyədə aparılan qərəzli təbliğatları əsaslı şəkildə cavablandırmaq üçün belə bir addımın atılması vacib idi. Ortaq Media Platformasının yaradılması fonunda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün imkanlar əldə edirik. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bu mühüm addım sadəcə olaraq, təhsil məsələsi deyil. Bu,  birliyimizin növbəti rəmzidir. Belə bir əminlik də ifadə edildi ki,  yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafı, ümumilikdə münasibətlərimizin dünyaya bir qardaşlıq nümunəsi olması dövlət başçısı İlham Əliyevin  “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirlərinin təqdimatıdır. O da qeyd edildi ki,  Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  mətbuata bəyanatında xüsusi qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.

 Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri bütün nazirlər, komitə sədrləri və aidiyyəti qurumların rəhbərləri ilə də ən yüksək səviyyədə davam etdirilir. Bu da nəticə etibarı ilə daha çevik, daha sürətli formada münasibətlərin və əlaqələrin inkişafına töhfəsini verməkdədir. Hərbi səneye, ordu quruculuğu, eyni zamanda təhsil sahəsində çox mühüm addımlar atılmaqdadır. İqtisadi əlaqələrimiz də günü-gündən güclənir. Qarşılıqlı sərmayələrin qoyuluşu artmaqdadır. Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi və yenidən qurulması işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edir. Eyni zamanda Türkiyədə baş vermiş dəhşətli zəlzələnin –  “Əsrin fəlakəti”nin aradan qaldırılması ilə əlaqədar Azərbaycan bu qardaş dövlətə hədiyyə olaraq xüsusi bir şəhərcik salır. Bir sözlə, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq hökm sürür.  Bu əməkdaşlıq günü-gündən ən yüksək səviyyəyə çatır. Strateji müttəfiqlik səviyyəsindən də yüksəkdə olan dövlətlərarası münasibətlər yeni dövrdə də inkişaf edəcəkdir. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı nəticə etibarı ilə türk dövlətləri arasında da əlaqələrin güclənməsini şərtləndirir. Digər türk dövlətləri də Azərbaycan-Türkiyə münasibətlərini nümunə götürərək qarşılıqlı əlaqələrin gücləndirilməsində maraqlıdırlar. Mən düşünürəm ki, biz 2024-cü il və növbəti illərdə bu münasibətlərin inkişafının məntiqi nəticəsini müxtəlif istiqamətlərdə görəcəyik.  Xalqlarımızın birgə inkişafı, sosial rifahın yaxşılaşdırılması da əsas prioritetlərdən biri olacaqdır.

Xüsusilə regionda təhlükəsizlik məsələlərinə də önəm verilir. Bu istiqamətdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həyata keçməsi ilə bağlı hörmətli Ərdoğanın çox önəmli mesajları oldu. Xüsusilə də Münxen Təhlükəsizlik Konfransından sonra cənab Ərdoğanın verdiyi açıqlamalar və Ermənistana göndərdiyi mesajlar, düşünürəm ki, tək işğalçı dövlətə yox, eyni zamanda onların havadarları üçün də bir barmaq silkələmək kimi dəyərləndirilməlidir. Onlar mövcud reallıqları dəyərləndirərək doğru qərarlar verməlidirlər. Əks təqdirdə Ermənistanı çətin vəziyyətə düşürə bilərlər. Həmçinin Qərbin, Ermənistanın havadarlarının oynadıqları, qurduqları planlar Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı əlaqələrinin inkişaf etməsi fonunda məğlub olmağa məhkumdur. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları birlikdə bütün çətin prosesləri arxada qoymağı bacarıblar. Fikrimcə, regionun ən aparıcı dövlətləri olan Türkiyə və Azərbaycan dövlətləri öz liderliklərini qoruyacaq. Bu münasibətlər nəticə etibarı ilə hələ uzun illər regionda aparıcı xətt olacaq.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc 

 

 

 

Artıq Azərbaycan regionun mühüm aktorlarından birinə çevrilib

Dostluq və qardaşlıq bağlarına sədaqətin ən parlaq nümunələrindən birini prezident seçkilərindən sonra dövlət başçılarının – Türkiyə liderinin Azərbaycana, Azərbaycan liderinin isə Türkiyəyə ilk rəsmi xarici səfərləri adlandırmaq olar. Fevralın 7-də keçirilən tarixi seçkilərdən sonra da Prezident İlham Əliyev ilk xarici səfərini qardaş Türkiyəyə etdi. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri zamanı mətbuat üçün bəyanatında bunun təbii və bir ənənə olduğunu diqqətə çatdırdı.

Artıq Azərbaycan regionun mühüm aktorlarından birinə çevrilib. Türkiyə ilə sıx əlaqələr ölkəmizin nüfuzunu daha da gücləndirir, iqtisadi və siyasi manevrlər üçün daha geniş imkanlar yaradır. Qeyd etmək ədalətli olardı ki, Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və həmrəylik üzərində qurulan münasibətlərin bu gün dünyada analoqu yoxdur. Münasibətlərimizin yüksək səviyyəsi əcdadların mənəvi irsinin nəticəsidir ki, bu da Azərbaycan və Türkiyə xalqları üçün həmişə örnək olmuş və bundan sonra da olacaqdır. Son 30 il ərzində Ankara bütün platformalarda Bakının ədalətli mövqeyini dəstəkləmiş, Qarabağın Ermənistan tərəfindən işğalına son qoymağa çağırmışdır.

Azərbaycanda müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyi hər zaman qeyd olunur. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı tarixin ən mühüm anlarında, xüsusən İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin bizə diplomatik və mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir və heç vaxt unutmur. Sirr deyil ki, bugünkü Türkiyə dünyanın ən güclü dövlətlərindən birinə çevrilib, ölkə sürətlə inkişaf edir. Son illər Türkiyə dünyanın qabaqcıl dövlətləri ilə bərabər siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə ciddi uğurlar qazanıb.

Təkcə regionda deyil, planetin müxtəlif yerlərində münaqişələrin baş verdiyi, gərginliyin müşahidə olunduğu yerlərdə sülhün bərqərar olması baxımından Türkiyə dövlətinin rolu xüsusi vurğulanmalıdır. Qardaş ölkə sabitliyin, təhlükəsizliyin və ədalətin təmin olunmasına xidmət edir.

Azərbaycan lideri mətbuata açıqlamasında bu məqama toxunaraq bildirdi ki, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlərin Türkiyənin mövqeyindən asılı olduğunu vurğulayan Prezident İlham Əliyev əlavə etdi ki, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır: “Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.

İqtisadi aspekt Azərbaycan-Türkiyə birliyinin ən mühüm həlqələrindən biridir. Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi ilk dəfə olaraq 7,5 milyard dollara çatmışdır, lakin Bakı və Ankara 15 milyard dollarlıq hədəfə çatmaq üçün əlavə səylər göstərməyə qərarlıdırlar. Prezident İlham Əliyev çıxışında bildirdi ki, keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Dövlət başçısının sözlərinə görə, əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Bundan başqa, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Azərbaycan və Türkiyə təkcə regionumuza deyil, həm də daha geniş coğrafiyaya fayda verə biləcək yeni layihələr üzərində işləyirlər. Siyasi müşahidəçilərin fikrincə, bu əməkdaşlıq bu gün bütövlükdə dünyanın üzləşdiyi təhlükələr və risklər fonunda yeni çağırışlara ən yaxşı cavabdır. Xüsusilə söhbət mövcud layihələrin inkişafından və yeni nəqliyyat və enerji layihələrinin həyata keçirilməsindən gedir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

 

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti humanitar əlaqələrdir

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə qarşılıqlı əlaqələr müttəfiqlik ruhunda inkişaf edir. Ordularımızın bir yumruq anlamına gəldiyini bildirən Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, İkinci Qarabağ savaşının və ondan sonra düz 5 ay əvvəl keçirilmiş antiterror tədbirlərinin Türkiyənin ordu modelinin Azərbaycanda artıq tam oturuşduğunu göstərdi. Təbii ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm komponentdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sazişinin imzalanması, şübhəsiz ki, həm regionumuzda, həm də bütün dünyada sülh və sabitlik üçün yeni ümid mənbəyinə çevriləcək: “Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram”.

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti humanitar əlaqələrdir. Bu kontekstdə Ankarada Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması diqqətəlayiqdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, gələcəyə yönəlmiş təşəbbüsdür: “Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”.

Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsində təsbit olunmuş ruhda münasibətlərin ən yüksək səviyyəsinə yüksələrək sülhə və inkişafa yol açmaqda davam edir. Dünyada analoqu olmayan bu nümunəvi münasibətlər modelini təkcə ölkələrimiz arasındakı strateji, müttəfiqlik, qardaşlıq əlaqələri deyil, həm də iki liderin şəxsi dostluğu müəyyən edir. Bunlar Azərbaycan-Türkiyə birliyinin daha da dərinləşməsi və genişlənməsi üçün ən mühüm komponentlərdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.