Huquqaz.com

Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilmişdir

25.08.2022
2.113
Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilmişdir

Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilmişdir

Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar daim təqdir olunur. Hər zaman «Gücümüz birliyimizdədir» çağırışını edən prezident cənab İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, hər bir ölkə digərinin problemini öz problemi kimi qəbul etməli, onun həlli istiqamətində səylərini artırmalıdır. Prezident cənab İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Azərbaycanın Türk Şurasına sədrliyi müddətində bu birliyə verdiyi töhfələrin miqyası genişdir. Qurumun ötən il keçirilən VIII Zirvə Görüşündə sədrlik Azərbaycandan Türkiyəyə keçdi. Türkiyənin dünya birliyində rolu, nüfuzu, sürətli inkişafı, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti fonunda Türk Şurasının gələcəyinə böyük töhfələr verəcəyi böyük əminliklə qeyd edilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır. Bu tarixi Zəfər Azərbaycanın malik olduğu imkanlarla yanaşı, dost, qardaş ölkələrin dəstəyinin, bir-birinin yanında olmalarının dünyaya təqdimatı kimi də dəyərləndirilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı cənab İlham Əliyevin «Türk Dünyasının Ali Ordeni»nə layiq görülməsi cənab Prezidentin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türk dünyasında yüksək nüfuzuna, tarixi Qələbəmizin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymət kimi tarixə yazıldı.

Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri geniş təkibdə görüşün, eyni zamanda, iki qardaş ölkənin prezidentlərinin görüşü əsasında hər iki tərəfi düşündürən məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə diqqətdədir. Prezidentlərin mətbuata bəyanatları həm ölkələrimizin bugünədək keçdikləri yolun, həmçinin perspektivlərin təqdimatı baxımından əhəmiyyətlidir. Səfər çərçivəsində Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcəyinə işıq salan xeyli sayda sənədlər imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni mərhələdir. Bir mühüm məqamı da qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olundu. «Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər» söyləyən Qazaxıstan Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz: «Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim.» Əməyinə qardaş ölkə tərəfindən verilən yüksək dəyərə görə minnətdarlığını bildirən dövlət başçısı cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.