Huquqaz.com

Son zamanlar Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəltmişdir

21.02.2024
2.433
Son zamanlar Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəltmişdir

Son zamanlar Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəltmişdir

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki proqram xarakterli tarixi nitqində Azərbaycanın beynəlxalq aləmdəki roluna və yerinə verilən siyasi qiymət dünya ictimaiyyətinin diqqətini çəkən vacib məqamlardan biridir. Azərbaycanın türk dövlətləri və bu coğrafiyanın lideri olan Türkiyə ilə münasibətlərinə yeni dönəmin çağırışları fonunda daha mükəmməl qarşılıqlı baxışların formalaşması iki qardaş ölkə arasındakı sarsılmaz əlaqələrin və əməkdaşlığın daha möhkəm tellərlə bağlılığı üçün ideoloji təməl rolunu oynayır. Cənab İlham Əliyev bu strateji istiqaməti bütün dünyaya bəyan edərək söylədi ki, “Bizim ailəmiz Türk dünyasıdır… Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Bu baxımdan Prezident seçkilərindən sonra cənab İlham Əliyevin ilk rəsmi səfər üçün ənənəvi olaraq məhz qardaş Türkiyəni seçməsi da təbiidir. Prezident seçkiləri Azərbaycanın yeni dövrə qədəm qoymasının ifadəsi idisə, bu səfər indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz göstəricisidir. Bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır. Burada sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var. Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib.

Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin dilindən səslənmiş Bir millət, İki dövlət” formulu Türk Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün  “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” ifadəsi ilə həmahəng səslənərək bir-birini üzvi surətdə tamamlayır.  Bu gün bu siyasi kurs İlham Əliyev – Ərdoğan qardaşlığı timsalında özünün ən yüksək inkişaf mərhələsindədir.

Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır. Bu mənada başlıca məqamlardan biri 44 günlük Vətən müharibəsi ilə bağlıdır. Qardaşlığın mühüm sınağı olan bu savaş hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi kimi yaddaşlara yazıldı.

Böyük tarixi sınaqlardan uğurla çıxmış Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəltmişdir. Postmünaqişə dövründə işğaldan azad edilmiş Qarabağ ərazilərində vüsət almış tikinti-quruculuq işlərində Türkiyə şirkətlərinin geniş təmsilçiliyi, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının qarşısının alınmasında, dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi dəstəyi türk xalqı və ictimaiyyəti böyük minnətdarlıqla qeyd edir və yüksək dəyərləndirir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri isə qarşılıqlı işbirliyində yeni səhifə açmış oldu

Səfər zamanı siyasi, hərbi, iqtisadi, ticarət, mədəniyyət, enerji və s. sahələrdə olan mövzular diqqətdə saxlanıldı. Onu da nəzərə alaq ki, bir sıra sənədlərlə, xüsusilə də Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş iki ölkənin strateji müttəfiqliyi istər regional, istər beynəlxalq məsələlərdə dövlətlərin bir-birinə dəstəyi baxımından son dərəcə vacibdir.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bir sıra önəmli açıqlamalarla çıxış etmişdir.  O, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəyinə əminliyini ifadə etmişdir. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də onun dəvəti ilə bu görüşdə iştirak edəcəyinin anonsunu vermiş və bunun bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəyini bildirmişdir. Göründüyü kimi, hər zaman sözünə də imzası qədər dəyər verən cənab İlham Əliyev artıq Türk dünyasının həmrəyliyi və inkişafı istiqamətində tarixi təşəbbüslərlin müəllifinə çevrilmişdir.

Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bu günümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi  apararaq gələcək hədəflərin mesajlarını vermişlər. Bu gün Türkiyə-Azərbaycan birliyinin  təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən Prezident İlham Əliyev bu münasibətləri geniş bir coğrafiyanı əhatə edən regionda, o cümlədən Cənubi Qafqazda və Xəzərətrafı bölgədə sülh və sabitliyin, iqtisadi tərəqqinin  reallaşmasına töhfə verən amil kimi dəyərləndimişdir.

Nəticə ondan ibarətdir ki, Bakı və Ankara arasındakı əlaqələr gündən-günə möhkəm təməllər üzərində dərinləşməkdədir. Hazırda bir çox dünya dövlətləri bu qardaşlıq münasibətlərinə böyülk qısqanclıqla yanaşsalar da, əlaqələrimizə xələl yetirməyə çalışsalar da, bütün bunlara rəğmən ictimai fikirdə belə bir əminlik mövcuddur ki, Bakı və Ankara işbirliyi bundan sonra getdikcə genişlənməkdə və güclənməkdə davam edəcəkdir.

Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən iki ölkə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda aydın şəkildə göstərirlər. Bu baxımdan şübhə yoxdur ki, Prezident seçkilərindən sonra dövlətimizin başçısının ilk olaraq Ankaraya səfəri Türkiyə və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında dinamizm meyillərini gücləndirən amildir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

 

Dövlətimizin başçısının prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı

Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni soykökü, dil, din birliyindən də üstün tellər bağlayır. Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan hadisədir. Bu münasibət böyük Atatürkün və Ümummilli Lider Heydər Əliyevin dillər əzbərinə çevrilən fikirlərində ən yüksək şəkildə ifadə olunub.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibəti hazırkı dövrdə özünün zirvə nöqtəsindədir. Bu gün Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tandemi beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir.

İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geopolitik durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin yeni perspektivlərini açıb.

Şuşa Bəyannaməsi ilə rəsmiləşən Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf etdirilən bu ittifaq adıçəkilən liderlərin dəqiq və milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir. Bu baxımdan İlham Əliyevin prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri xüsusi diqqət kəsb edirdi.

Liderlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun imzalanması Türk dünyasının daha da inkişafı üçün mühüm hadisə olacağı şübhəsizdir və alqışa layiq mütərəqqi bir addımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi adıçəkilən universitetin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir.

Bununla yanaşı, birgə mətbuat konfransında səsləndirilən fikirlər xüsusi məqamlarla yadda qaldı. Türkiyə-Azərbaycan birliyinin təkcə region üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən dövlətimizin başçısı qardaş ölkənin bölgədə sülhün təminatçısı olduğunu bəyan etdi. Prezident növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu. Bu, həm də İkinci Qarabağ savaşından sonra Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsindən yaranmış siyasi situasiyadır. Azərbaycan lideri bu vəziyyətdə ölkəmizin Türk dünyasının birliyi üçün aparılan prosesdə dominantlığını təmin edir.

Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin dünya insanlığı və sülh üçün nə qədər önəm kəsb etdiyini növbəti dəfə sübut etdi.

 Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir

Dünyanın diqqəti növbəti dəfə dostluğu, qardaşlığı, müttəfiqliyi nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinə yönəldi. Dövlət başçısı İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini  fevralın 18-də  qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaratdı.  Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Nəzərə alsaq ki, ölkələrarası münasibətlərdə enerji amili xüsusi əhəmiyyət kəsb edir, bu halda iki dost ölkənin sözügedən sahədə əməkdaşlığının xronologiyasına diqqət yetirmək bir zərurətə çevrilir. İlk olaraq regional çərçivədə başlayan  enerji əməkdaşlığının bu gün coğrafiyasının daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. Azərbaycan Prezidentinin fevralın 18-də reallaşdırdığı rəsmi səfər çərçivəsində qardaş ölkənin Prezidenti TANAP-ın imkanlarının artırılmasının, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılmasının prioritetlər sırasında olduğunu xüsusi qeyd etdi. Ötən ilin sentyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çərçivəsində İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlinin qoyulması  ilə enerji sahəsində əməkdaşlığımız yeni bir səviyyəyə çatdırıldı. Hər iki ölkənin tranzit imkanları xüsusi qeyd edilməlidir. Nəqliyyat sahəsində əməkdaşlığın mühüm göstəricilərindən biri kimi  Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır. Bu uğurlu nəticələr Azərbaycan və Türkiyənin  eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilməsinin səbəbsiz olmadığını təsdiqləyir. Çünki  həmin çinarın kölgəsi qardaş ölkələrin birgə  həyata keçirdikləri layihələrlə  Qafqazdan Avropayadək  uzanır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.