Azərbaycan liderlik missiyasını uğurla davam etdirəcək
Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra ötən il ölkəmizin sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür.
Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyəti, bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə 2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bir daha nümayiş etdirildi.
Yubiley toplantısında Azərbaycanın irəli sürdüyü təklifin reallaşması nəticəsində bu gün paytaxt Bakı Qoşulmama Hərəkatının COVİD-19- qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi edir. İki gün davam edəcək bu beynəlxalq mötəbər tədbirdə dünyanın 70 ölkəsindən nümayəndə heyəti iştirak edir. Tədbirinin rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunaraq, Hərəkatın qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səyləri yüksək dəyərləndirmişdir. Qoşulmama Hərəkatının təməlində suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən Bandunq prinsiplərinin dayandığını bildirən dövlətimizin başçısı Azərbaycanın bu prinsiplərə hər zaman sadiq qaldığını vurğulamışdır.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının mühüm təşəbbüslərlə çıxış etdiyi və xüsusilə COVİD-19 pandemiyasına qarşı mübarizədə liderliyinin beynəlxalq səviyyədə tanındığı vurğulanmışdır. Cənab İlham Əliyevin 150-dən artıq ölkənin dəstəyini almış təklifi əsasında 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Məhz ölkəmizin ardıcıl səyləri nəticəsində ədalət və bərabərlik nümunəsi olaraq peyvənd millətçiliyinə son qoyulmuşdur. Belə ki, Qoşulmama Hərəkatı 2021-ci ildə BMT İnsan Haqları Şurası və BMT Baş Assambleyasında peyvənd millətçiliyinə qarşı qəbul edilmiş 2 qətnamənin təşəbbüskarı olmuşdur. Məhz Azərbaycanın təklifi ilə Qoşulmama Hərəkatının İşçi Qrupunun topladığı məlumatları Ümumdünya Səhiyyə Təşkilatı ehtiyacların müəyyən edilməsi üçün pandemiya ilə mübarizədə baza kimi istifadə etmişdir. Bu dövr ərzində Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərmişdir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı mühüm təşəbbüslərlə çıxış etmişdir.
Ölkəmiz Hərəkatın instutisional inkişafına mühüm dəstək verir. Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi ilə bağlı təklifi üzv ölkələr tərəfindən dəstəklənmiş və onun ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilmişdir. Bir ay sonra Şuşa razılaşması əsasında Hərəkatın gənclər təşkilatı yaradılmışdır. Onun da daimi katibliyi Bakıda yerləşəcəkdir. Çıxışda qeyd edildiyi kimi, “məqsədimiz institusional davamlılıq yaratmaq və sədrliyimizı təhvil verdiyimiz ölkəyə uğurlu miras qoymaqdır”.
Cənab İlham Əliyev qeyd etmişdir ki, son onilliklər ərzində beynəlxalq norma və prinsiplərin aşınması qlobal təhlükəsizliyə ciddi təhdiddir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə daha çox müşahidə olunmaqdadır: “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bu yana baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində hiss olunur”. Ona görə də dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının dünya nizamının formalaşmasında rolu və mövqeyi artmalıdır.
Prezident İlham Əliyev bu gün dünyada yeni müstəmləkəçilik meyillərinin artmasından narahatlığını ifadə etmiş və tarixi dekolonizasiya prosesində yaranmış Qoşulmama Hərəkatının müasir tariximizin bu bu rüsvayçı səhifəsini tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməli olduğu barədə tövsiyə vermişdir. Bu kontekstdə Qəmər Adaları İttifaqının Mayot adasını hələ də əsarət altında saxlayan Fransanın bu günədək davam edən müstəmləkəçi siyasəti ciddi tənqidə tuş gəlmişdir. Cənab İlham Əliyev rəsmi Parisin Avropadan kənarda idarə etdiyi əraziləri “Fransız müstəmləkə imperiyasının iyrənc qalıqları” kimi dəyərləndirmiş, Fransanı Yeni Kaledoniya xalqının və digər xalqların hüquqlarına hörmət etməyə, Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə və qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır.
Çıxışda həmçinin hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtlı-vaxtında nail olmaq üçün qlobal səylərin birləşdirilməsinin vacibliyi önə çəkilmiş, bu məqsədlə COVİD-19-dan Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması barədə təşəbbüs irəli sürülmüşdür.
Cənab İlham Əliyev suverenlik, milli mənsubiyyət, bərabərlik və qarşılıqlı mənafeyə hörmət prinsipləri əsasında Cənub-Cənub əməkdaşlığını daha da gücləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini ifadə etmişdir. O, həmçinin üzv dövlətləri dünyanı təhdid edən bir sıra problemlərin – iqlim dəyişikliyi, su qıtlığı, qida çatışmazlığı, məcburi miqrasiya kimi ağır məsələlərin aradan qaldırılması üçün vahid mövqedən çıxış etməyə dəvət etmişdir.
Bundan əlavə, postpandemiya dövründə daha ağır şəraitlə üz-üzə qalmış Afrikanın kiçik ada dövlətlərinin dəstəklənməsi ilə bağlı qlobal çağırış bəyan edilmişdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin legitim maraqlarını müdafiə olunmasına mühüm töhfələr verəcəkdir
Azərbaycan Prezidentinin toplantıdakı çıxışı qlobal miqyaslı problemlərin həlli yollarının tapılması baxımından müstəsna beynəlxalq siyasi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev bu gün dünyada formalaşan yeni geosiyasi şəraitdə BMT-nin öz funksiyasını adekvat şəkildə yerinə yetirə bilmədiyini, ikili standartlardan xilas ola bilmədiyini bir daha dilə gətirmiş və yeni kriteriyalar üzərindən yanaşma kontekstində BMT TŞ-nın tərkibinə Qoşulmama Hərkatının və Afrika qitəsinin nümayəndəsinin daxil edilməsinin zəruriliyini vacib arqumentlərlə əsaslandırmışdır: “BMT TŞ keçmişi xatırladır və indiki reallığı əks etdirmir”.
Dövlətimizin başçısının çıxışında 44 günlük Vətən müharibəsinin nəticələri, habelə postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması ilə bağlı tarixi və siyasi proseslər barədə məlumat verilmişdir. Bu kontekstdə münaqişənin ilk illərindən başlayaraq özünün qəbul etdiyi məlum 4 qətnamənin icrasını 30 il ərzində təmin etməyən BMT TŞ-nın ikili standartlara söykənən qeyri-adekvat mövqeyinin tənqidi də çıxışda yer almışdır. Azərbaycanın təkbaşına bu qətnamələri icra etməsi cənab İlham Əliyev tərəfindən BMT tarixində presedent kimi dəyərləndirilmişdir.
Bu gün Azərbaycan minalarla çirkləndirilmiş böyük ərazilərə malikdir. Bu problem dayanıqlı inkişaf məqsədləri ilə birbaşa əlaqəlidir. Prezident İlham Əliyev 18-ci dayanıqlı inkişaf məqsədinin minadan təmizlənmə olması barədə Azərbaycanın təşəbbüsünü fəal şəkildə təşviq etdiyini bildirərək Qoşulmama Hərəkatını bu təşəbbüsü dəstəkləməyə çağırmış və bu məqsədlə mina təhlükəsi ilə üz-üzə qalmış Hərəkat üzvlərinin həmfikirlər qrupunun yaradılmasını təklif etmişdir.
Bütün bunlar əminlik yaradır ki, Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin legitim maraqlarını müdafiə olunmasına və Hərəkatın beynəlxalq arenada rolunun artmasına mühüm töhfələr verəcəkdir. Qlobal təhdidlərlə mübarizənin önündə gedən Azərbaycan beynəlxalq miqyasda getdikcə daha sürətlə artmaqda olan nüfuzundan istifadə edərək dünya miqyasında ədalətin və sülhün bərqərqar olmasına təkan verəcək və tarixi liderlik missiyasını uğurla davam etdirəcəkdir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
İkinci ən böyük beynəlxalq təsisat qlobal proseslərdə
Azərbaycanın Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə bu təşkilata sədrlik etməsi təşkilatın fəaliyyətində sanki dönüş nöqtəsi oldu. Biz müşahidə etdik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı aktivləşməklə yanaşı, əhəmiyyətli qərarları ilə də fərqləndi.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı toxunduğu məsələlərdən də göründüyü kimi COVİD-19-la mübarizədə Azərbaycanın rəhbərliyi ilə təşkilat çox mühüm işlər görmüşdür. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü, məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərarı, Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi və bu kimi vacib məsələlər məhz Azərbaycanın liderliyinin nəticəsində əldə olunmuş uğurların bir hissəsidir. Bununla yanaşı Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Əlbəttə cənab Prezidentin də qeyd etdiyi kimi, bundan sonra da Qoşulmama Hərəkatı aktiv fazad fəaliyyətini davam etdirməlidir. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycanın gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu
Azərbaycanın beynəlxalq arenada yürütdüyü xarici siyasət kursunda tərəfsizlik, dünyada sülhün və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın bərqərar olmasını hər zaman əsas tutub. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi diqqət çəkir. Sirr deyil ki, Azərbaycanın bu təşkilata üzvlüyü ilə Qoşulmama Hərəkatının fəaliyyətində və beynəlxalq nüfuzunda irəliləyişə doğru ciddi proses başladı.
Bu gün Qoşulmama Hərəkatının BMT-yə alternativ gücə çevrilməsi məhz Azərbaycanın bu təşkilatda fəaliyyəti ilə birbaşa bağlıdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkilatın beynəlxalq arenadakı mövqelərini gücləndirməyə xidmət edib. Bu baxımdan Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü təşkilatın nüfuzu və beynəlxalq münasibətlərdə ciddi rol oynayacaq.
Belə ki, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının toplandığı Bakıdakı Zirvə görüşü COVID-19-un qarşısının alınması və digər bəşəri problemlərin həlli yollarının araşdırılıb tapılması üçün ideal və son dərəcə uğurlu tribuna idi.
Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb. Prezident bu mötəbər təşkilatın fəaliyyətinə toxunaraq bəşəriyyətə faciələr yaşadan pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olduğunu və bu təşkilatın səmərəli fəaliyyət göstərdiyini deyib.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Bakı sammiti Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayacaq
Prezident daha vacib bir məqama toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə bir sıra varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi dəyərləndirdi. Beləliklə, adıçəkilən qurum bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Beləliklə, Qoşulmama Hərəkatı COVID-19-la mübarizədə nüfuzunu və məsuliyyətini dünyaya nümayiş etdirdi.
Bununla yanaşı, ölkəmiz humanizm prinsiplərinə sadiq qalaraq əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.
Bundan başqa dövlətimizin başçısı Ermənistanın işğalı nəticəsində Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasında olduğunu və postmünaqişə dövründə 300 azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və yaralandığını bildirdi.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün və xüsusilə 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan vermədikləri üçün prinsipləri ədalət meyarı olan adıçəkilən quruma təşəkkür etməyi də unutmadı.
Prezident İlham Əliyev daha sonra dünyanı bürüyən təhdidlər fonunda Qoşulmama Hərəkatının nüfuzlu qurum olaraq beynəlxalq arenada yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının və səmərəli fəaliyyətinin vacibliyinə də toxundu. Prezident təəssüflə qeyd etdi ki, bu gün dünyada neokolonializm meylinin artdığı müşahidə olunur.
Bunun qarşısını almaq üçün Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində birləşməli, bu yöndə ciddi addımlar atmalıdır.
Bakı sammiti Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayacaq. Bu sammitdə Azərbaycan Prezidentinin verdiyi mesajlar əslində, beynəlxalq siyasi prosesin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu sammit, eyni zamanda, dövlətimizin gücünün və beynəlxalq arenadakı mövqeyinin möhkəmliyinin real təsdiqi idi. Azərbaycan və onun liderinin siyasi gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu. Bu güc milli maraqlarımızın gerçəkləşməsi üçün ən ciddi amildir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan bəşəriyyəti narahat edən çağırışlara münasibətdə böyük məsuliyyət nümayiş etdirir
Ölkəmizin paytaxtının Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bəşəriyyəti narahat edən çağırışlara münasibətdə beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə nümayiş etdirən bir üzvü kimi davranmasının növbəti təzahürüdür.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəm təsisatın tarixində ən effektiv və ən məsuliyyətli bir zaman kəsiyi kimi qəbul olunur.
“Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatının təsis olunduğu dövrdən bəri ilk pandemiya dönəminə təsadüf etdiyini, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın və Birləşmiş Millətlər Təşkilatının tarixində ilk dəfə BMT Baş Assambleyasının xüsusi iclasının çağırıldığını, pandemiya ilə mübarizədə humanizm prinsiplərinin əsas götürülməsinin, peyvənd millətçiliyinə son qoyulmasının zəruriliyinin vurğulandığı vahid mövqenin nümayiş olunduğunu nəzərə alsaq, dövlətimizin öz tarixi missiyasının öhdəsindən layiqincə gəldiyini və Qoşulmama Hərəkatının gələcək fəaliyyəti üçün nümunə yaratdığını deyə bilərik.
Bu xüsusda, Bakıda keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibətdə vahid mövqenin nümayiş etdirilməsi, beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin əsas götürülməsi, davamlı sülhə və təhlükəsizliyə nail olunması üçün Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatların gələcəyi ilə bağlı baxış bucağına, özündə işlək mexanizmləri əks etdirən təşəbbüslərinə nəzər salmağı da vacib hesab edirəm.
Prezident İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu qeyd etdi. Bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Qənaətimə görə, dövlətimizin başçısının nitqində yer alan bu məqamlar, hazırda dünyada mövcud olan münaqişə və müharibələrin, qarşıdurmaların əsas səbəbləridir”, – deyə E.Mirzəbəyli diqqətə çatdırıb.
O qeyd edib ki, bu səbəbləri aradan qaldırmadan, daha təhlükəsiz və hər bir insanın rahat, layiqli həyat sürə biləcəyi ədalətli düzən formalaşdırmaq mümkün deyil. Köhnə, öz effektivliyini itirmiş, ayrı-ayrı ölkələrin maraqlarının sütunlarından ibarət arxitektura ilə yeni düzən qurmaq olmaz və geridə qalan zaman kəsiyi bunu sübuta yetirir.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünya düzəni yenidən formalaşır və hazırda dünya “Soyuq müharibə”nin sona çatmasından sonra ən ciddi Şərq-Qərb qarşıdurması ilə üz-üzədir. Sivilizasiyaların qarşıdurması üzərindən geosiyasi maraqların təmin edilməsi uğrunda mübarizə bütün bəşəriyyəti təhlükə qarşısında qoyub, insanlığı bir arada saxlayan, dinc birgəyaşayışı təmin edən dəyərlər sistemi sıradan çıxarılıb və yenisinin yaradılması istiqamətində nümayiş etdirilən daha ədalətsiz, aqressiv və məsuliyyətsiz iddialar tükdən asılı olan təhlükəsizlik mexanizmlərini də sıradan çıxara bilər.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, təsisatın coğrafi baxımdan daha əhatəli və daha ədalətli olmasını təklif edir
Belə bir zaman kəsiyində Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisatı kimi qlobal proseslərin ön sıralarına çıxması, bu proseslərdə balanslaşdırıcı, tənzimləyici rol alması vacib şərtlərdən biridir və Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının qlobal nüfuzunun və rolunun artırılması istiqamətində atılan addımlar bunun üçün əlverişli baza formalaşdırıb.
Yeni dünya düzəninə Fransanın müstəmləkəçilik siyasətinin təsirindən də danışan siyasi ekspert deyib: “Bu gün beynəlxalq hüququn üzərlərində qlobal məsuliyyət öhdəlikləri olan bəzi üzvlərinin, o cümlədən Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meyilləri müstəvisindən, istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə – veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır. Bu baxımdan, Prezident İlham Əliyevin daha əvvəllər də, BMT Baş Assambleyasının yüksək kürsüsündən, eləcə də digər beynəlxalq təsisatların tribunalarından ifadə etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir və bəşəriyyətin təhlükəsiz gələcəyi bu islahatların sürətindən, effektivliyindən və ədalət prinsiplərinə söykənməsindən asılıdır. Bu məqsədlə, Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, təsisatın coğrafi baxımdan daha əhatəli və daha ədalətli olmasını təklif edir”.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləməsi sözügedən təsisatda ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən qərarların qəbulu və ayrı-seçkilik etmədən tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Ərazisində yerləşən dövlətlərin sayına görə, Afrika qitəsi dünyada ön sırada dayanır, amma BMT Təhlükəsizlik Şurasında qitənin bir üzvü belə təsis olunmur.
Bütün bunlar, eyni zamanda, Azərbaycanın torpaqlarının 30 illik işğalı dövründə qarşılaşdığı ədalətsizliklər BMT Təhlükəsizlik Şurasının qlobal təhlükəsizliyə görə məsuliyyət daşıyan bir təsisat kimi səmərəli olmadığını sübuta yetirir. Məhz bu aspektdən BMT-də islahatların həyata keçirilməsi bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır və bu istiqamətdə Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər islahatların yol xəritəsinin istinad dayağı rolunu oynaya bilər.
“Qənaətimə görə, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü təkcə pandemiya ilə mübarizədə Azərbaycanın və QH-nin oynadığı rolun önəminin vurğulanması baxımından deyil, həm də bəşəriyyətin təhlükəsiz gələcəyi naminə səsləndirilən fikirlərin qlobal əhəmiyyəti baxımından da tarixdə qalacaq”, – deyən siyasi ekspert fikirlərini yekunlaşdırıb.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Zirvə görüşündə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına liderliyi yüksək qiymətləndirildi
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı: “Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüslərindən biri BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması olub. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanıb. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib. Azərbaycanln sədrlik etdiyi Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olub. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirib. Digər tərəfdən, Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib”.
Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir: “Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Bu baxımdan martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışında mesajları mühüm əhəmiyyət kəsb edir”.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələlərdən birinin BMT sistemində aparılan islahatlardır
Zirvə Görüşündə çıxış edən dövlət və hökumət başçıları, xarici siyasət idarələrinin rəhbərlərinin, qonaq qismində dəvət edilən beynəlxalq təşkilatların rəhbərlərinin çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına liderliyini yüksək qiymətləndirilir. Bu baxımdan Azərbaycan Prezidentinin Zirvə Görüşündə mesajları da yüksək dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir. Dövlət başçısı bəyan etdi ki, Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələlərdən birinin BMT sistemində aparılan islahatlardır. Azərbaycan Prezidenti Zirvə Görüşündə vurğuladı ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Şərh yazılmayıb.