Huquqaz.com

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

31.10.2023
1.567
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir.

Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir.

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son 20 ilin əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir,  tapşırıq və göstərişlərini verir.  Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Sahibinə qovuşmuş torpaqlarımız özünəməxsus  iqtisadi resurslara malikdir. Böyük Qayıdış Proqramının  uğurlu icrası tam şəkildə başa çatıb soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqdan sonra bu ərazilərdə yeni həyat başlayacaq. Mövcud iqtisadi potensial Azərbaycanın dayanıqlı inkişafının təminatında stimulverici amil olacaq. Azad olunmuş ərazilərimiz böyük investisiyalar məkanına çevriləcək.    Dövlətimizin başçısı çıxışlarında  Qarabağın turizm potensialından da geniş bəhs edərək bildirir ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək. Bu torpaqlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün böyük potensial mövcuddur. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» özündə bütün bu məqamları ehtiva edir. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaranır.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı    

Şərhlər

Şərh yazılmayıb.