Anım Günü iftixar hisslərin səbəbidir
Anım Günü iftixar hisslərin səbəbidir.
27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Tarixdə heç bir müharibə qansız-qadasız, itkisiz ötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Şanlı tarix.
Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. 27 sentyabr tarixindən başlayan 2-ci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, nümayiş etdirdiyi həmrəylik bu qələbinin əsasını qoydu. Şəhidlərimizin canı, qanı hesabına Qarabağımız qarış – qarış düşmən əsarətindən xilas edildi. Bu gün artıq o, azaddır!
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı. Xalqımızın 30 illik həsrətinə son qoyan bu möhtəşəm tarixi biz əzmlə, səbirlə gözləyirdik. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı günü – gündən inkişafa apararaq güclü bir dövlətə çevirdi. İkili standartlara, beynəlxalq ədalətsizliyə, təzyiqlərə baxmayaraq öz iradəsini və əzmini nümayiş etdirən cənab İlham Əliyev verdiyi sözləri əməlləri ilə təsdiq etdi. Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacağını, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyini, son qarış torpağını işğaldan azad edənə qədər vətən müharibəsini davam etdirəcəyini həm döyüş meydanında, həm də danışıqlar masasında bir daha dünyaya sübut etdi. Xalq-Ali Baş Komandan, xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü ilə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının bir qismini də uğurla icra etdi. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Prezident cənab İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident cənab İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir. Azərbaycan uzun müddət işğal altında olan əraziləri azad etdikdən sonra regionda əməkdaşlığın yeni prioritetləri açılmışdır. Hamı başa düşür ki, Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olması yeni regional əməkdaşlıqdan çox asılıdır. Bunun üçün üçtərəfli razılaşmada göstərildiyi kimi, ən yaxşı başlanğıc yol-nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər. Əslində, bu yeni əməkdaşlıq formatı gələcək inkişafda öz rolunu oynayacaq. Nəqliyyat kommunikasiyalarının açılması regionun bütün ölkələrinə – təkcə Azərbaycan və Ermənistana deyil, həm də Türkiyə, İran və Rusiyaya da fayda gətirəcək. Yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, çiçəklənmənin və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da investisiya axını və davamlı inkişaf deməkdir.! İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.
Çox xoşbəxtik ki, bu tarixi, şərəfli anları yaşadıq, möhtəşəm qələbəyə şahidlik etdik.
Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov
Erməni faşizminə son.
30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam etdirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyə arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadı. Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi.
2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Belə ki, 2020-ci ilin iyul və avqust aylarında yenidən Ermənistan hərbi təxribatlara əl atdı, sentyabrın 27-də isə artıq Azərbaycan xalqının səbir kasası daşdı. Xalq öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Prezident-Xalq-Ordu birləşməsi 30 illik işğala 44 günlük Vətən müharibəsinin başlanması ilə son qoydu.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sülhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atilmadan işğalçılardan təmizləndi. Beləliklə ölkə başçısının dediyi kimi Ermənistan–Azərbaycan Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu. Diplomatiya müstəvisində uğur qazanan Azərbaycanın güclü, qüdrətli ordusu qələbə çaldı və tarixi torpaqlarımızı öz əzəli sahiblərinə qaytardı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası.
27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Məhz həmin tarix ilə uzun illərdir davam edən Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr bununla bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Vətən müharibəsində qazanılmış hərbi-siyasi zəfərdən sonra vaxtilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə getmiş oldu. Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi. Azərbaycanın dəfələrlə xəbərdarlığına, düçar olduqları biabırçı məğlubiyyətə rəğmən artıq 3 ilə yaxın keçməsinə baxmayaraq hələ də ermənilər bəyanatdan irəli gələn bəzi müddəaları yerinə yetirməkdən boyun qaçırırlar. Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında birləşdi.
Prezident cənab İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə ordumuzu qələbəyə daha da ruhlandırdı. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə də müharibəni qazandı. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında yüksək hazırlığa, geniş dünyagörüşünə malik olan fərqli bir liderlə qarşılaşdı. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyəti, dönməz iradəsi və qətiyyəti ilə İlham Əliyev bütün təzyiqlərə cəsarətlə sinə gərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident cənab İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti.
44 günlük Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardı. Buraya kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntuları daxildir. Həmçinin Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair dəlillər aşkar edildi. Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdi.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi.
Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Azərbaycan Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.
“Qarabağ Azərbaycandır və nida işarəsi” – söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də müharibənin başlandığı 27 sentyabr tarixinin Anım Günü olaraq qeyd edilməsi ilə bağlı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır.
44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün də revanşist hisslərlə yaşayan, vaxtaşırı baş qaldırmağa çalışan erməni cəmiyyəti və hakim dairələri bilməlidir ki: Dəmir yumruq yerindədir! İndiyədək ordumuz tərəfindən erməni separatçılarının fəaliyyətinin qarşısı necə fəallıqla alınıbsa, bundan sonra da alınacaq. Qarabağ Azərbaycandır!
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov
Şərh yazılmayıb.