Huquqaz.com

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi

03.10.2023
2.731
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ümummilli Lider Heydər Əliyevi Azərbaycan Respublikasının Prezident seçdi. Həmin talehyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

XX əsrin son rübü  ölkəmizin müasir tarixində hərc-mərclik və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü.

Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.  Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi.

Dahi şəxsiyyət Heydər Əliyev hər zaman deyirdi ki, “ Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın  hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması  üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ümummilli Liderin prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda  demokratiyanın, qanunvericiliyin  formalaşması  üçün geniş imkanlar yarandı. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu  beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın   beynəlxalq  nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə  baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər

Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qalıb. Xatırlatmaq yerinə düşər ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə sövq edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə qeyd etmişdi.

Məhz bu cür oldu, Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Xalqın böyük dövlət xadimi Heydər Əliyevə yüksək etimad göstərməsindən qısa müddət sonra nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Siyasətdə Ulu Öndər Heydər Əliyev fenomeni

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində, siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Ulu Öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 Hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü

Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda mübarizə aparıb. Azərbaycanın zəngin dövlətçilik tarixi var. 1991-ci ildə SSRİ məkanında yeni müstəqil dövlətlərin yaranması prosesi gedirdi və bu proses Azərbaycanı da əhatə etdi. Bir sözlə,XX əsrin  90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatı çox gərgin idi. Azərbaycan cəmiyyətində ziddiyyətli proseslər baş verirdi. Xalq bilirdi ki, öz müqəddaratını yalnız özü həll edə bilər.

Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən daha ağırdır. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının da qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü.Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.. Beləliklə, bu dövrdə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Gözəl guşələrimiz Şuşa, Laçın düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

Bu dövrdə hökumətin daxili və xarici siyasətini xarakterizə edən əsas cəhət aydın, ardıcıl və prinsipial bir kursun olmaması idi. XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi.   Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyevgündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və digər  bu kimi adlar qazanmışdır

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Ulu Öndər ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi.O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. bu kimi adlar qazanmışdır.Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyindəvə bir çox digər məsələlərdə Ulu Öndər Heydər Əliyevin fenomenallığı sübut olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Ümummilli Lider Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi.

Siyasət və uzaqgörənlik daim qarşılıqlı vəhdətdədir. Reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri təmin olundu.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi sayəsində Azərbaycan dövlət müstəqilliyini itirməsi təhlükəsindən qurtuldu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi sarsılmaz və əbədidir!

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir

 XX əsrin son rübündə Azərbaycan yeni müstəqillik əldə etmişdir və bir çox insan Azərbaycan haqqında fikrə malik deyildi. Belə ağır vəziyyətdə “Əsrin müqaviləsi”nin imzalanması prosesi çətin məsələlərdən biri kimi qarşıda durmuşdu. Çətin situasiyaya baxmayaraq “Əsrin müqavilə”si Azərbaycanın milli mənafeyinə uyğun oldu. Bütün bu məsələlər Ümummilli Lider Heydər Əliyevin sayəsində baş verdi.

İlk öncə 1994-cü il fevralın 4-də Ümummilli lider “Azərbaycan Respublikasında dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd respublikamızın dəniz neft və qaz yataqlarının kəşfində və işlənməsində xarici neft şirkətlərinin iştirakına dair bütün detalları özündə əks etdirirdi və sərmayəçilərin neft sənayesində iştirakına geniş şərait yaratdı. Bundan sonra dünyanın aparıcı xarici neft şirkətlərinin – “AMOKO”, “British Petroleum”, “Statoyl”, “Penzoyl”, “Remko”, “Yunokal”, “Mak Dermott”, “Türk Neft Şirkəti”nin Azərbaycan hökuməti ilə səmərəli və konkret nəticələri olan danışıqları intensivləşdi. Artıq 1994-cü ilin aprel-may aylarında xarici neft kompaniyaları Xəzərin Azərbaycana məxsus “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfi, həmçinin, işlənməsi ilə əlaqədar öz təkliflərini və investisiya proqramlarını hazırlamağa başladılar. Xarici dövlətlər dünyanın neft möcüzəsi olan Azərbaycanla uzunmüddətli sazişin imzalanmasına can atırdılar. 1994-cü il sentyabrın 14-də imzalanan “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman artıq beynəlxalq sazişin imzalanmasının qətiləşməsi demək idi. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tarixə “Əsrin müqaviləsi” kimi düşən qlobal neft müqaviləsinin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi, həmçinin, ölkəmizin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişaf strategiyasının, uzunmüddətli tərəqqisi hesab olunurdu.

Bu müqavilə ölkəmizin qısa zaman kəsiyində inkişaf yoluna qədəm qoymasını təmin etməklə yanaşı, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi təkan verdi, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını gücləndirdi. Bu gün Azərbaycan öz inkişaf sürətinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş konstitusiya

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.  Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.