Huquqaz.com

Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir

22.09.2023
1.370
Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir

Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir.

Qarabağda hələ də mövcud olan Ermənistan hərbi birləşmələri və qondarma rejimin qanunsuz silahlı dəstələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid idi. Ordumuzun peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qarşı tərəf qısa müddətdə ağ bayraq qaldırmağa məcbur oldu. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı antiterror tədbirlərinin səbəb və məqsədləri barədə geniş məlumat verdi”.

Son zamanlar erməni tərəfinin hərbi təxribatları xeyli artmışdı. Buna paralel olaraq Ermənistan və xarici havadarları guya Azərbaycanın Qarabağ ermənilərini “blokadada saxlaması” barədə beynəlxalq miqyasda qərəzli kampaniya aparırdılar. Lakin dövlətimiz bu yalanı konkret faktlarla ifşa edirdi. Qarabağda antiterror tədbirləri də məhz belə bir şəraitdə keçirildi. Bu, Prezidentimizin dəmir iradəsinin, qətiyyətinin və milli maraqlarımızı dönmədən qorumasının parlaq ifadəsidir. Xalqa müraciətində də cənab Prezident qeyd etdi ki, beynəlxalq vasitəçilər antiterror tədbirlərinin hansı şərtlər əsasında dayandırılacağını soruşduqda cavab konkret olub. Dövlətimizin başçısı deyib: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. Bundan sonra bizim şərtlərimiz qəbul edilib və bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə də məcbur oldular. Cənab Prezidentin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir.

Dövlətimizin mövqeyi regionumuzda sülhün təmin olunmasından ibarətdir. Amma müəyyən beynəlxalq güclər var ki, gərginliyi saxlamağa çalışırlar. Prezident İlham Əliyev xalqa müraciətində bununla bağlı deyib: “Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın!”. Hesab edirəm ki, bu müəyyən dairələrə ciddi mesajdır. Azərbaycan xalqı öz lideri ilə qürur duyur və onun ətrafında sıx birləşib.

Məlumdur ki, sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Görüşün müsbət atmosferdə keçirildiyi bildirilir. Bu çox yaxşı haldır. Çünki artıq Qarabağ erməniləri də reallıqları dərk etməyə başlayıblar. Erməni nümayəndələrin görüşdə sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu, eləcə də qida məhsulları da daxil olmaqla humanitar yardımın göstərilməsini xahiş etmələri də bunu tədiqləyir. Onlar birdəfəlik anlamaldır ki, Qarabağ Azərbaycan torpağıdır və dövlətimiz öz daxilində “boz zona”nın mövcudluğuna imkan verməyəcək. Qarabağ erməniləri bütün vətəndaşlarımız kimi bərabər hüquqlara malik olacaqlar. Çoxmillətli dövlət olaraq Azərbaycanda bütün xalqlar mehriban şəraitdə yaşayırlar. Bu mənada, Qarabağdakı erməni sakinlərimiz də bütün hüquqlardan istifadə edə biləcəklər”.

 

Südabə Vəliyeva

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru   

Şərhlər

Şərh yazılmayıb.