Huquqaz.com

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur

14.10.2022
1.785
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur

1993-cü il avqustun ortalarında havadarlarına arxalanan Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu bir həftə sonra, ayın 23-də Füzuli rayonunun işğalı ilə nəticələndi. Hər iki rayonun mülki əhalisinin bir hissəsi daxil olmaqla maddi və mədəni sərvəti məhv edildi, təbii ehtiyatları talan edildi, yaşayış və ictimai bina fondu vəhşicəsinə dağıdıldı. Füzulinin işğal edilərək darmadağın edilməsi ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi oldu. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyuldu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşdü. Lakin 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan etmişdir. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılmışdır. Artıq iki ildir ki, Füzuli şəhəri düşmən tapdağı altında yox, qəhrəman Azərbaycan əsgərinin nəzarətindədir. Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il əvvəl düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. 1386 kvadratkilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox idi. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaq. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Qarabağımızın digər guşələri kimi, Füzuliyə də həyat yenidən qayıdır. İşğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanılıb. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət verilir.

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub.Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur.

17 oktyabr nəinki fizulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edəcəklər.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva

Şərhlər

Şərh yazılmayıb.