Huquqaz.com

2007-ci il Gənclər ili

25.08.2023
1.563
2007-ci il Gənclər ili

2007-ci il Gənclər ili

Memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycanın vətənpərvər gənclərini müqəddəs bir amal birləşdirir. Ölkə gənclərinin 1996-cı il fevralın 2-də Bakıda keçirilmiş birinci forumunda çıxış edən Prezident Heydər Əliyev bu tarixi vəzifələri dəqiq belə müəyyənləşdirib. “…Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. Ulu öndərimizin hər birimizin qürur mənbəyinə çevrilən azərbaycançılıq ideyalarına sadiq qalan müasir gənclik bu tövsiyə və vəzifələri özünün fəaliyyət proqramı kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin Forumu artıq ənənə halını alaraq cəmiyyətin aparıcı qüvvəsini bir araya topladı.

Hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndər gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirdi. Prezident Heydər Əliyev gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən Qanunu imzaladı. Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması Qanunda öz əksini tapıb.

Dövlət gənclər siyasətini sürətlə qloballaşan çağdaş dünyamızın tələblərinə uyğun yeni, çevik bir müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olduğunu bir daha nümayiş etdirir. Problem və perspektivləri əks etdirən real vəziyyətin ciddi təhlilini aparan ölkə Prezidenti 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009 -cu illər)”, 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə isə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını qəbul etdi. Dövlət başçısının digər sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olundu. Ardıcıl və məqsədyönlü olaraq həyata keçirilən bu siyasət ölkədə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakını təmin etmək üçün geniş imkanlar yaratdı. Çox keçmədi ki, müstəqil Azərbaycan gənclərinin səsi beynəlxalq tribunalardan gəldi, dünyanın ən mötəbər arenalarında onların şərəfinə dövlət bayrağımız qaldırıldı.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir

Ən böyük azərbaycanlı Heydər Əliyev deyirdi: “Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”. Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən məhz Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq istiqamətini özü üçün prioritet seçdi. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın gördüyü işlər, gerçəkləşdirdiyi layihələr bu baxımdan təqdirəlayiqdir. “Xocalıya ədalət” Beynəlxalq informasiya kampaniyası da məhz Azərbaycan gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi Leyla Əliyevaya məxsusdur.

Əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqqında obyektiv məlumatlandırmaq olan bu kampaniya İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru Leyla Əliyeva tərəfindən 2008-ci il mayın 8-də – Şuşanın işğalının ildönümü günündə irəli sürülüb.

2009-cu il fevralın 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunmuş “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsində L.Əliyeva xalqımızın tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi həmişəlik yazılmış bu faciənin ağrı-acısını bütün dünyaya çatdırır: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Azərbaycanın Xocalı şəhərini tutmuşdur. Nəticədə şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63 uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın, bu vəhşiliyin səbəbi nə idi? Bu, qəsdən törədilmiş aksiya, Azərbaycan xalqına qarşı əsl soyqırımı, kütləvi vahimələndirmə aksiyası idi”.

Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filminin nümayişi ilə başlanan “Xocalıya ədalət” kampaniyasının və onun  İnternet saytının dünyanın müxtəlif şəhərlərində keçirilən təqdimatlarında erməni vəhşiliyini əks etdirən fotoşəkillər beynəlxalq ictimaiyyətə təqdim olunub.

2012-ci il fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışında Leyla Əliyeva demişdir: “Hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanımışdır”.

Milli Qəhrəman Mübariz İbrahimovla vida mərasimində Ali Baş Komandan İlham Əliyev çıxış edərək demişdir: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Gənc vətənpərvər nəsil yetişir

Gənclərlə keçirdiyi bütün görüşlərində ulu öndər Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu inamla söyləyirdi: “Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.

Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev hələ sovetlər dönəmində gənclərin ölkəmizdən kənarda təhsil almasına xüsusi önəm verirdi. Məhz ulu öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində ötən əsrin 70-80-ci illərində keçmiş SSRİ-nin 170-dən çox ən məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil alıb. Bu gəncləri “Azərbaycanın yetirməsi, Azərbaycanın milli sərvəti” kimi qiymətləndirən ümummilli lider, beləliklə, tarixi bir ənənənin əsasını qoydu.

Bu ənənəni qoruyaraq Prezident İlham Əliyev 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə “2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı qəbul etdi. Bu proqram minlərlə gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil alaraq gələcəkdə peşəkar mütəxəssis kimi müstəqil Azərbaycanın daha da inkişafi naminə fəaliyyət göstərməsinə geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib.

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən ölkənin ümumtəhsil məktəblərində 2013-2014-cü tədris ilinin ilk dərs saatı məhz vətənpərvərlik mövzusuna həsr olundu.

Dövlətin iqtisadi gücünü şərtləndirən sahələrdən biri olan idman şübhəsiz ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Dünyanın möhtəşəm idman arenalarında güclü olduqlarını sübuta yetirən gənclərimizin şərəfinə himnimizin  səsləndirilməsi, dövlət bayrağımızın qaldırılması həqiqətən də qürurvericidir.

Dövlət başçısı hər dəfə böyük uğurlara imza atan idmançılarımızla görüşür və onların qələbəsini yüksək qiymətləndirir. Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasında 16 medal qazanmış gənclərlə görüşündə də Prezident İlham Əliyev onlara təbriklərini çatdırdı. Bütün bu nailiyyətləri nə qədər böyük zəhmət hesabına əldə etdiklərinə diqqət çəkən ölkə rəhbəri qeyd etdi ki, belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir.

Bu günlərdə kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvləri və mütəxəssislərini qəbul edən dövlət başçısı bunu böyük tarixi qələbə kimi yüksək dəyərləndirdi. Bu gün Azərbaycanın sürətlə inkişaf edən ölkə kimi dünya miqyasında özünə layiq yer tutduğunu qeyd edən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bizim uğurlarımızın səbəbi Azərbaycan xalqının istedadıdır, yüksək intellektual potensialıdır və gənclərimizin peşəkarlığı və vətənpərvərliyidir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.