Dövlətçilik tariximizin ən parlaq səhifəsi
Dövlətçilik tariximizin ən parlaq səhifəsi
Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.
Müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı.
Ulu öndər ilk növbədə, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin təmin olunması istiqamətində siyasi iradə nümayiş etdirdi və iqtisadi transformasiyanın qanunauyğunluqlarını nəzərə alaraq əsaslı islahatlara start verdi. Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin yeni transformasiyaya keçidlə islahatlar həyata keçirməsinin olduqca çətin və mürəkkəb olduğunun bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi
Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatların təməli qoyuldu.
Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
1994-cü ilin 20 sentyabrında Azərbaycanın taleyi ilə bağlı tarixi qərar verildi. Belə ki, “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı.
Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı. Bu regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermiş oldu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır
Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.
Ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində ictimai həyatın bütün sahələrini əhatə edən, hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Zəngin dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır
Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətlərdən söhbət düşəndə ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir. Dahi liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin, torpaq, Vətən, xalq sevgisindən irəli gələn addımlarının miqyası o qədər böyükdür ki, bu nəhəng işləri zamana sığışdırmaq belə mümkünsüzdür. Məhz bu baxımdan Ümummilli Liderin siyasi portretini təqdim edərkən “Zamana sığmayan şəxsiyyət” ifadəsini əminliklə söyləyir və Heydər Əliyev yolunun bundan sonra da müasir müstəqil, qalib Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağını əminliklə bildiririk. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər bir sınaqdan uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri onun keçmişini unutmayaraq bu günü ilə qürur duyması və gələcəyə böyük inamla addımlamasıdır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı faciələr, təhlükələr tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir.
Amma diqqət çəkən məqam budur ki, xalq bütün çətinliklərə, təhlükələrə baxmayaraq sabaha ümidini itirmədi. Xalqda belə bir əminlik var idi ki, daim çətin anlarda xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev yenə də onları tək qoymayacaq, tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin itirilməsinə laqeyd qalmayaraq, öz zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxaracaq. Elə də oldu. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi Ümummilli Lideri Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi ilə 9 iyun tarixində Bakıya gələn Ümummilli Lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 24 iyun 1993-cü il tarixində isə Milli Məclisin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək, yəni prezident seçkilərinə qədər Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanın parlamentarizm ənənələri daha da təkmilləşdirildi, qanunverici orqana yeni bir nəfəs gəldi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayaraq bu istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi.
Proseslərin sonrakı inkişafı bir daha göstərdi ki, Ümummilli Lider Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı illərdə daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək təkmil qətiyyətli idarəçilik sistemini yaratdı. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi və sarsılmazlığı təmin edildi, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün mühüm addımlar atıldı. Ölkədə demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Son nəticədə dahi şəxsiyyət Heydər Əliyev adını xalqımızın dövlətçilik tarixinə müasir müstəqil, demokratik Azərbaycan dövlətinin banisi kimi həkk etdi.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun aydın mənzərəsini təqdim edir.
Azərbaycanın ötən hər gününü tarixinə uğur səhifəsi kimi yazması məhz möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Bu gün ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının çoxalması, enerji sektorunda ölkəmizlə əməkdaşlığın qurulmasına və bu prosesin coğrafiyasının genişləndirilməsinə marağın daha da artmasının fonunda yeni layihələrin gündəmə gətirilməsi Heydər Əliyevin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsidir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Artıq Azərbaycanla ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də gündəmdədir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra keçirdiyi bütün görüşlərdə Azərbaycanın enerji uğurlarından bəhs edərkən diqqəti işğaldan azad edilmiş ərazilərimizin malik olduğu bərpa olunan enerji resurslarına yönəldir. Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması ilə əldə etdiyi uğurların miqyasını genişləndirməklə 2017-ci ildə etibarlı tərəfdaş olaraq mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi dünyanın nəhəng neft şirkətləri ilə “Yeni əsrin müqaviləsi”ni imzaladı. Bu gün Heydər Əliyevin neft strategiyasının uğurlu icrası nəticəsində reallığa çevrilən layihələr dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır.
Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri işlər görüldü. Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirməyə qadir ordusu formalaşdı. Yaradılan möhkəm təməl bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını şərtləndirdi. Ən əsası 30 il davam edən işğala 44 gündə son qoyan Azərbaycan Silahlı Qüvvələri belə bir reallığı təsdiqlədi ki, müharibə şəraitində yaşayan ölkənin güclü, qüdrətli ordusunun olması vacibdir. Ümummilli Liderin çağırışlarında belə bir məqam xüsusi qeyd edilirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordun olmalıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk günündən qarşıya qoyduğu əsas hədəflərdən biri də Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi. Qısa müddətdə ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə nail olundu. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı nüfuzlu dövlətlərlə ikitərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha da möhkəmləndirildi.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ulu Öndər Heydər Əliyev: mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək
BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Bütün bunlar banisi Ulu Öndər olan müasir müstəqil dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsi idi.
Ulu Öndər Heydər Əliyev öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızla görüşlərində bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz bərpa olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində də bu inam öz əksini tapmışdı ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilir. Dövlətimizin başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də mühüm addımlar atılıb və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Xalq-Prezident-Ordu birliyinin təqdimatı oldu. Xalqımız dövlətimizin başçısının hər bir vədinin real həyatda şahidi olur. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Ali Baş Komandan İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.
Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur dirçələcək, Böyük Qayıdış proqramı uğurla başa çatacaq, soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar. Hər yeni dövr ölkəmizin həyatında böyük uğurlarla xarakterizə edilir. Son 30 ildə dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Ümummilli lider Heydər Əliyev o məsuliyyətli, mürəkkəb günlərdə Ali Sovetin sədri olaraq, məhz parlamentarizm ənənələrinə sadiq qaldı
Azərbaycan parlamentinin 1993-cü il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bu, vətəndaş arzusunun, xalq inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi. Bu, onu ifadə edirdi ki, artıq bütün hadisələr dövlətin nəzarəti altına götürülərək, xalqın iradəsinə tabe edilir. Beləliklə, 24 iyun tarixi dövlətçiliyimizin, müstəqil siyasət yürüdən dövlətin 15 iyundan başlayan nicat dönəminin mühüm həlqəsi oldu.
1993-cü ilin may-iyun aylarında ölkəmizdə müstəqilliyin ciddi zərbə altına düşməsi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Buna görə müdrik xalqımız Heydər Əliyevin ali hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ovaxtkı ölkə rəhbərliyi onu paytaxt Bakıya dəvət etməyə məcbur qaldı. Həmin məsuliyyətli günlərdə, 1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”, – deyən Ulu Öndər ömrünün qalan hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyinə xalqı əmin etdi.
“Ümummilli lider Heydər Əliyev o məsuliyyətli, mürəkkəb günlərdə Ali Sovetin sədri olaraq, məhz parlamentarizm ənənələrinə sadiq qaldı, aşkarlıq prinsipinə üstünlük verdi. Qanunverici orqanın iclasları, mətbuat konfransları, respublika miqyaslı müşavirələr birbaşa yayımla ictimaiyyətə çatdırıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqla bölüşüldü. Bu addımlar öz növbəsində ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılmasına töhfə oldu. Ümummilli Liderin titanik səyləri ilə sabitlik və inkişaf üçün təsirli tədbirlər görülməyə başlandı. Məsələn, zəruri islahatlar sürətləndirildi. Ümummilli Liderin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə sədrlik etdiyi dönəmdə parlamentarizm ənənələri özünəməxsus yeni nəfəs qazandı. Ayrıca, nizami ordu quruculuğu sahəsində önəmli qərarlar qəbul olundu. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunlarda və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun zəruri dəyişikliklər edildi.
Cəmi dörd ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa zaman dilimində parlamentin ruhunu kökündən dəyişdi, bu mühüm təsisata, hakimiyyətin önəmli qoluna siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini aydın, səlis əsaslandırması, dəyərli fikirləri ustalıqla ümumiləşdirməsi parlament üzvləri üçün də örnək – əsl parlamentarizm məktəbi idi”, – deyə Q.Paşayeva vurğulayıb.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Heydər Əliyevin uğurlu siyasəti sayəsində respublikamız qısa zaman içində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
Görülən işlər sırf parlament çərçivəsində qalmır, ümumrespublika və beynəlxalq səciyyəsi ilə də seçilirdi. Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alınması bu baxımdan özəlliklə vurğulanmalı məqamdır. 1993-cü il avqustun 7-də respublikamızın cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” elan olunmuşdu. Heydər Əliyev bununla bağlı avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşərək, durumu müzakirə etdi. Avqustun 17-də isə Parlament “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” tarixi qərar qəbul edərək, qondarma “respublika” avantürasına siyasi qiymət verdi. Dövlətə başçılıq edən müdrik şəxsiyyətin siyasi iradəsi və əhalinin istəyi ilə tezliklə bu köksüz iddiaya son qoyuldu.
Heydər Əliyevin uğurlu siyasəti sayəsində respublikamız qısa zaman içində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının xarici siyasətində qısa müddət içində köklü dönüş yarandı və bununla da uğurlar qazanmaq mümkün oldu. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasına ciddi diqqət yetirməyə başladı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ümummilli Lider bir ictimai-siyasi, iqtisadi formasiyadan digərinə keçid dövründə müstəqilliyini yenicə qazanmış respublikamızın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. O, qabaqcıl dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinə müraciət edərək, onların Azərbaycan gerçəkliklərinə uyğunlaşdırılmasına nail oldu. Bunun sayəsində, qısa müddətdə ölkəyə sərmayə axınını stimullaşdıran çağdaş innovativ inkişaf modelinin gerçəkləşdirilməsi mümkün oldu. Peşəkarlıq və vətənə sadiqlik örnəyi göstərən Ümummilli Lider müstəqilliyin ilk illərində Azərbaycan xalqının qarşısına çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində heç də tez-tez rast gəlinən hal olmadığını bildirən komitə sədrinin sözlərinə görə, fərqli coğrafiyalarda yerləşən irili-xırdalı dövlətlərdə milli maraqlarla dövlət maraqlarının üst-üstə düşməməsi hallarına az rast gəlinmir. Ümummilli Lider çalışdığı bütün sahələrdə özünü məhz lider kimi təsdiq edib. O, dövlət idarəetmə sənətinin ustadı, siyasətin mükəmməl bilicisi idi. Ümumdünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi, müdrikliyi, xarizması mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz yerə və rola malikdir. Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi
1993-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi, xaos hökm sürürdü. Bu da heç şübhəsiz ki, müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi də onu Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, 1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bununla da ədalətin və milli iradənin təntənəsi olaraq bütün hadisələr dövlətin nəzarəti altına götürüldü, xalqın iradəsinə tabe edildi.
Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdi. Sirr deyil ki, Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Bütün bu uğurların da səbəbi ondan ibarətdir ki, bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib, xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlət kimi yaşayıb inkişaf edir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrildi. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzləməsi yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Nizami ordu yaradıldı. Azərbaycanın davamlı uğurlarının fonunda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizlə bağlı arzuları reallığa çevrildi. Azərbaycan dünyaya günəş kimi doğdu. Ən çətin günləri arxada qoyan Azərbaycanın imzası imzalar arasında xüsusi seçildi.
Ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bəyan etdi ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevriləcək, hərtərəfli inkişafa nail olacaqdır. Bu gün əminliklə deyə bilərik ki, son 20 ilə yaxın dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan əminliyin təsdiqidir. Ulu Öndər Heydər Əliyev İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etdi. Eyni zamanda, bildirdi ki, axıra çatdıra bilmədiyi işləri İlham Əliyev axıra çatdıracaq. Təbii ki, Ümummilli Liderin əsas amalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmiz tarixi Zəfərimizin reallıqlarını yaşayır və qalib dövlət kimi öz şərtlərini diktə edir, regionda və dünya siyasətində yeniliklərə yol açır. Azərbaycan şanlı Qələbəsi ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 30 ilin işğalına 44 gündə son qoyulması Heydər Əliyev siyasətinin təntənəsidir. Qələbəmizdən dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir.
Uğurlarımızın miqyası genişdir. 1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Bu yol daim ölkəmizə uğur gətirəcək. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını təmin edən əsas amil məhz dövlətinin, xalqının gələcəyini düşünən, ölkəsinin imzasının əhəmiyyətini daha da möhkəmləndirən Liderinin olmasıdır. 1993-cü ildə reallaşan tarixi Qayıdışdan Zəfərə doğru istiqamətlənən yolun uğurları növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində zəngin bazadır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın qarşısında geniş imkanlar açılır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Şərh yazılmayıb.