Huquqaz.com

2020-yə qədər 20%-in dərdini çəkirdi, ovaxtdan da bəri 273 kv-ın … – Qarabağ veteranı İcra Hakimiyyətindən öz evini geri istəyir//VİDEO

05.06.2023
1.321
2020-yə qədər 20%-in dərdini çəkirdi, ovaxtdan da bəri 273 kv-ın … – Qarabağ veteranı İcra Hakimiyyətindən öz evini geri istəyir//VİDEO

“SOS: XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ I MÜAVİNİ RAFİQ QULİYEV VƏTƏNDAŞLARA RAHAT YAŞAMAĞA İMKAN VERMİR
Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Rafiq Quliyevin vəzifəsi nazir və ya komitə sədrləri ilə müqayisədə o qədər böyük olmasa da, lakin onu oliqarx məmur hesab etmək olar. Xətai rayonu, Cavanşir küçəsində Rafiq Quliyevə məxsus iki obyekt fəaliyyət göstərir. Yuxarısı “Qarabağlılar 19” adlı çay evi, aşağısı maşınyuma məntəqəsi olan obyekt 24 saat fəaliyyət göstərir. Çay evi uzun müddət əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərsə də, ərazidə yaşayan insanların ciddi etirazından sonra fəaliyyətini qismən məhdudlaşdırdı. Maşınyuma məntəqəsindən 24 saat gələn səslər isə artıq insanları ciddi şəkildə nevroz edib. Məhz bu səbəbdən evlərindən köçmək istəyənlərdə var. “102” xidmətinə, Xətai rayon 36-cı polis bölməsinə edilən rəsmi müraciətlərə isə sadəcə baxılmır. Çünki, Rafiq Quliyevin obyektlərinə nəzarət edən İnitqam adlı qohumu hər kəsə təzyiq edə biləcək imkana sahibdir. Əslində o qədər də böyük çapı olmayan bir məmurun insanlara bu qədər zülm etməsi diqqəti ölkə prezidentinə tərəf yönəldir. Sakinlər inanır ki. bu ölkədə Rafiq Quliyevə dur deyən tapılacaq.”

DogruXebər.az” bildirir ki, saytların yazdığına görə bu sözləri hələ 2019-cu ildə Hacı Bakir Həsənli öz Facebook hesabında paylaşıb. Və nə təsadüf ki, elə həmin ilin noyabr ayında Rafiq Quliyev həmyerlisi və keçmiş rəhbəri Razim Məmmədovun yerinə – Xətai rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildi.

Elə icra başçısı təyin olunur-olunmaz da barəsində “pravda.az” və digər medialarda məlumatlar yayımlandı ki, Rafiq Quliyev Xətai rayonu ərazisindəki bir çox yaşıllıqları məhv edib, yerində özünə obyektlər inşa etdirir. Həmçinin N.Tusi küçəsindəki yarmarkanı ləğv edib, yerində avtotəmir sexləri açıb və sair…

Bir yandan da Ağ Şəhər proyektinə düşən binəva sakinlərin evlərinin düzgün qiymətləndirilməməsinə və razılıqları olmadan sökülməsinə etiraz səsləri də səngimir…

Eh… hələ bu harasıdır?!

Rafiq Quliyevin gəlişi ilə Xətai rayonunun əksər ərazilərində, olur-olmaz yerlərində yaşıllıq ağacları məhv edildi, həmçinin qanunsuz tikintilərin sayı sürətlə artdı. Özü də saytların yazdığına görə Rafiq Quliyev bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin əli ilə həyata keçirir.

Yeri gəlmişkən, Rafiq Quliyevin İcra başçısı təyin edildiyi ərəfədə bir sayt onun barəsində tərif dolu bir yazı yazıb və həmin yazıda “Rafiq Quliyevin rəhbərliyi altında Xətai rayonunda xeyli dəyişikliklər edildiyi”dən bəhs edilir. Amma, görünür müəllif “tərifləyim” deyərkən, bir gerçəyi etiraf edib – “Xətai rayonunda həyata keçirilən ciddi dəyişikliklər rayon sakinlərinin rəyinin Rafiq Quliyevin icra başçısı təyin olunmağından yanadır.”

Bəli, rayon sakinləri və “DogruXeber.az” da daxil olmaqla bir çox saytlarda məhz bu “dəyişikliklər” – məhv edilmiş yaşıllıq zolaqları, yerlərində tikilmiş çayxanalar, dükanlar, çoxsaylı qanunsuz tikintilər barəsində mütəmadi olaraq məlumatlar yayımlanıb və yayımlanmaqdadır. Nə də olsa Rafiq müəllimə bu cür fəaliyyətinə görə “gözün üstə qaşın var” deyən yoxdur.

Qarabağ veteranı məmurların qurbanına çevrilib – VİDEO

Yeri gəlmişkən, Qarabağ veteranı olduğu deyilən Rafiq Quliyev başqa bir Qarabağ veteranını – birinci və ikinci vətən müharibəsi iştirakçısı Həbiyev Əhli Həbulla oğlunu da nəinki özündən, nəinki uğrunda illərlə döyüşdüyü vətənindən, hətta özünün dediyinə görə bu dünyadan, bu həyatdan belə o qədər narazı salıb ki, Əhli Həbiyev özünün dediyinə görə intihara belə cəhd edib.

Bu barədə “Kanal14” YouTube kanalımızda canlı yayımlanan “Kamalın zamanı” proqramında danışan Əhli Həbiyevin Xətai rayonu Turşu küçəsi Ağ şəhər ev 4, mən 2 ünvanındakı – Ağ şəhər proyektinin planına düşmüş mənzilinin ədalətli dəyərləndirilmədiyini və onun razılığı olmadan İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ağır texnikalar gücünə sökülməsindən bəhs edib. Əhli Həbiyevin iddiasına görə ev içindəki əşyalarla birlikdə məhv edilib və bugünə qədər də nə evinin ədalətli qiymətini nə də evində qalan pulunu, qızılını, iki qızının cəhizlərini – ümumiyyətlə evinin heç bir əşyasını geri ala bilmir.

Əhli Həbiyev bildirir ki, bu barədə dəfələrlə Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyevə və Prezident Adminstrasiyasında çalışan bəzi məsul şəxslərə rəsmi də, şəxsən də məlumat verib, köməklik istəsə də bütün cəhdləri uğursuz olub.

Daha ətraflı aşağıdakı videoda:

DogruXeber.az” hər kəsin söz haqqını tanıyır.

Jalə Asiman

Şərhlər

Şərh yazılmayıb.