Huquqaz.com

Zəngilan rayonunun ölkəmiz üçün iqtisadi əhəmiyyəti böyükdür

07.05.2022
1.484
Zəngilan rayonunun ölkəmiz üçün iqtisadi əhəmiyyəti böyükdür

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Erməni işğalçıları – hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir. Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

Bu gün işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur. Zəngilan rayonu bu sahədə ilk rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar.  Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

Şərhlər

Şərh yazılmayıb.