Huquqaz.com

Heydər Əliyev İli

15.05.2023
1.534
Heydər Əliyev İli

Heydər Əliyev İli

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.
Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bu günümüz üçün əsas oldu.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.

Muradov Sərhəd

Saatlı şəhər Bülbül adına UMM-nin tar müəllimi

Şərhlər

Şərh yazılmayıb.