Huquqaz.com

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

06.05.2023
1.955
Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, xalqımız bütünlüklə Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Tarixə nəzər salsaq qeyd etmək lazımdır ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir

2021-ci il iyunun ayının 15-i ölkəmizin tarixində əlamətdar bir gün kimi qalacaqdır. Bu tarixdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev ilə birgə Şuşada tarixi bəyannaməyə imzalamışlar.
Eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar və ətraf rayonların sakinləri üçün firavan gələcək vəd edir. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixi hadisədir. Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür.

Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.
Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaqdır.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. daxildir.Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya sübut edir.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir

44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çaldığını nümayiş etdirdi. Halbuki işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər 30 ilə yaxın müddətdə danışıqlar aparmaqla Azərbaycanın nə zamansa  işğalla barışacağını düşünürdülər. Vətən müharibəsi bu sərsəm düşüncələrə son qoydu. Dünyaya sübut edildi ki, beynəlxalq hüquq, ədalət deyilən məfhum var, sadəcə bugünədək maraqların arxasında əriyib.  Dünya  bir daha bu həqiqətin şahidi oldu ki, bu torpaqların əsl sahibi Azərbaycandır. Vətən müharibəsi, eyni zamanda, həqiqət anı oldu. Kimin dost, kimin isə  maraqlardan irəli gələrək qərəzli mövqe nümayiş etdirdiyi bəlli oldu. Daim Azərbaycanın yanında olan Türkiyə və Pakistan 44 günlük İkinci Qarabağ müharibəsində də bunu təsdiqlədilər.

Postmüharibə dövrünün reallıqları da  Azərbaycan-Türkiyə-Pakistan birliyinin təqdimatında əhəmiyyətli rol oynayır.  Belə ki,  Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi olan   Şuşa Bəyannaməsinin ardınca Azərbaycan-Türkiyə-Pakistan birliyinin təcəssümü olan Bakı Bəyannaməsi buna əyani sübutdur. Ölkəmizdə üç dost ölkənin parlament sədrlərinin  toplantılarının keçirilməsi və sonda bir sıra çağırışları, dünyaya mesajları, perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin imzalanması Vətən müharibəsindən sonra yaranan reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar sırasındandır. Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi, hərbi  gücü formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönələn   Şuşa Bəyannaməsindən sonra Bakı  Bəyannaməsinin imzalanması etibarlı güc mərkəzinin formalaşdırılmasıdır. İslam həmrəyliyinin ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri baxımından da  əhəmiyyətlidir.

Bu ölkələr arasındakı hərbi əməkdaşlığa  mane olan Dağlıq  Qarabağ münaqişəsinin tarixə  qovuşması   Ermənistanı çıxılmaz vəziyyətdə   qoyur. Hər iki Bəyannamə Ermənistanın gələcəyini düşünməyib öz maraqları naminə işğalçıya həlli mümkün olmayan vədlər verənlərin də  qarşısında  keçilməz səddir.  Dünyada hələ də mövcud olan, geosiyasi maraqlarını gerçəkləşdirmək istəyən dairələrin ideoloji silah kimi sadiq qaldıqları ikili standartlara, təxribatlara qarşı mübarizə silahı bu  «üçlüyün» sarsılmaz  birliyi, gücü, qüdrəti olacaq.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva

Şərhlər

Şərh yazılmayıb.