Qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım
Qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım
Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmuşdur. Azərbaycanın biznes ictimaiyyəti də yardım prosesində fəal iştirak etmiş və öz dəstəyini əsirgəməmişdir. Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyini əsirgəmirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilmişdir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov
Şərh yazılmayıb.