Huquqaz.com

Dahi lider, müasir məhkəmə-hüquq sisteminin qurucusu Heydər Əliyev

05.05.2023
116
Dahi lider, müasir məhkəmə-hüquq sisteminin qurucusu Heydər Əliyev

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərədə SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi respublikamız SSRİ-də zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilməsinə baxmayaraq Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Ölkədə sürətli sənayeləşmə geniş vüsət almış, tarixi-mədəni abidələrin açılması, ilk milli kadrların hazırlanması, yetişdirilməsi və irəli çəkilməsi istiqamətində köklü dəyişiklik aparılmışdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyin açılması, 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodunun istehsala başlaması, 1982-ci ildə Şuşada Vaqif məqbərəsinin, Xurşidbanu Natavanın qəbirustü abidəsinin, Bülbülün büstünün açılmasını, digər mədəni-tarixi tədbirlərin həyata keçirilməsini nümunə göstərmək olar. Bundan əlavə, Ümummilli liderin təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilmiş, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı kimi iri sənayə şəhərlərinin ixrac potensialı artırılmış, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilmişdir.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olmuşdur. Həmin vaxt SSRİ süqut edəndə Azərbaycan yeganə ölkə kimi ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox şəhid vermiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtmış və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başlamışdır. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmamamış, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapmışlar. 15 iyun 1993-cü ildə Heydər Əliyevinn hakimiyyətə gəlişi ilə xalqı vahiməyə salan xaos, anarxiya, siyasi hərc mərclik aradan qaldırılmışdır.

Ölkəmizin müasir tarixinə Ulu Öndərin möhtəşəm qayıdışı kimi daxil olan dövr ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın maddi-sosial vəziyyətinin artması, ordu quruculuğunun, yenidən qurma və bərpa tədbirlərinin, hüquq islahatlarının aparılması, ölkə nüfuzunun dünya miqyasında artması kimi tarix səhifələrinə qeyd olunmuşdur.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən qarşısına qoyduğu əsas məqsəd təhlükəsizliyin, dincliyin, sabitliyin bərqərar edilməsi, vətəndaş müharibəsi dövründə yaranmış boşluqlar səbəbindən dövlət orqanlarına güvənsizliyin aradan qaldırılması, etimadın yüksəldilməsi, xüsusən hüquq-mühafizə fəaliyyətinin təkminləşdirilməsi, məhkəmə islahatlarının həyata keçirilməsi, bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq ölkənin qanunvericilik bazasının yenidən qurulması olmuş, hüquq islahatlarına birbaşa rəhbərlik etmişdir.

Azərbaycançılıq ideologiyasına əsaslanan müstəqil Azərbaycanın fəaliyyəti güclü iqtisadiyyat, hüququn aliliyi, konstitusion quruluş, hakiyyətlərin bölgüsü, qanunun üstünlüyü, insan hüquqları sahəsində beynəlxalq sənədlərin qəbul edilməsi, ratifikasiyası, hüququn aliliyinin təmin edilməsi təşkil etmişdir.

Ulu öndər çıxışlarında beynəlxalq hüququn əsas prinsiplərindən olan dövlətlərin ərazi bötüvlüyü prinsipi çərçivəsində Qarabağın işğaldan azad ediləcəyi və Azərbaycanın suverenliyinin ölkə sərhədləri çərçivəsində tam təmin olunacağını dəfələrlə bildirmiş, beynəlxalq hüququn işğalçı Ermənistan tərəfindən pozulması xüsusatına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir.

1995-ci ilin 12 noyabr tarixindən hüquq sisteminin bazası hesab edilən ali qanun, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyaya görə Azərbaycan Respublikası demokratik, dünyəvi, unitar və hüquqi dövlətdir.

Heydər Əliyevin fəaliyyət dövründə avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biri olmuş, Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirləri hazırda da davam etdirir. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə köməklik göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurulmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixində imzalamış, 15 aprel 2002-ci ildə ratifikasiya edilmişdir.

Demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Dahi öndərin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.

Məhz həmin vaxtdan Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən oldu.

Bunun davamı olaraq məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçilmiş və nəticədə hakim korpusu 60% təzələndi.

Görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı xeyli artırdı, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış «cəza orqanı» təəssüratı aradan qalxdı. Artıq insanlar pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəməyə müraciət etməyə başladı.

Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik dəyərlərə uyğun quruldu.

Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qanun əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır.

Ulu öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini də daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. Bu baxımdan, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır.

Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. 1996-cı ilin mayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.

Ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis ölkə rəhbərinin ölüm hökmünün ləğvi ilə bağlı humanist təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da belə bir tarixi qərar qəbul etmişdir.

Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi – bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Bir qayda olaraq əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb etmişdir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, 20 mindən çox məhkum azadlığa buraxılmışdır.

İnsan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatına xidmət edən bu siyasət son illərdə yeni dövrün tələbləri səviyyəsində davam etdirilir. İslahatların keyfiyyətcə yeni mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Danılmaz faktdır ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Fariz Əlizadə

Şərhlər

Şərh yazılmayıb.