Huquqaz.com

Heydər Əliyev müasir məhkəmə-hüquq sisteminin banisidir.

08.05.2023
103
Heydər Əliyev müasir məhkəmə-hüquq sisteminin banisidir.

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.

Müasir müstəqil dövlətimizin banisi Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun siyasəti və fəaliyyəti Azərbaycanda güclü qanunvericilik bazasının yaradılmasına öz töhfəsini vermişdir.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk gündən ən vacib məsələlərdən biri kimi ölkənin hüquq sisteminin formalaşması, dünyanın inkişaf etmiş demoktratik ölkələrinin hüquq sistemi səviyyəsinə çatdırılması istiqamətində önəmli rol oynamışdır. Beynəlxalq hüquq normativlərini dərindən bilən görkəmli siyasi xadim hər zaman qanunun aliliyini rəhbər tutaraq Azərbaycanda güclü qanunvericilik bazasının yaradılmasına çalışmışdır. Və məhz onun gərgin fəaliyyətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası demokratik hüquqi dövlət kimi öz siyasi, iqtisadi, mədəni inkişafının intibahını yaşayır.

“Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.” – deyən Ulu öndər Heydər Əliyev ölkədə demokratiyanın bərqərar olunmasını, inkişaf etdirilməsini, hüququn aliliyinin təmin olunmasını əsas vəzifə kimi qiymətləndirirdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoymuş, hüquqi islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürmüş və qısa müddətdə yeni müasir qanunlar və məcəllələrin qəbul olunmasına nail olmuşdur.

Ümummilli lider Heydər Əliyev dövlətin inkişafı üçün böyük əhəmiyyət kəsb edən Konstitusiya layihəsinin hazırlanması kimi həddindən ziyadə ciddi və məsuliyyətli vəzifəni öz üzərinə götürmüş və bununla əlaqədar xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. 1995-ci ilin noyabrdında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin idi. Dahi şəxsiyyətin humanistliyinin və insanpərvərliyinin göstəricisidir ki, 1998-ci ildə şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv olunmuşdur.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev sürətlə dəyişən cəmiyyətin ehtiyaclarını ödəmək üçün hüquq sisteminin müasirləşdirilməsinin zəruriliyi dərk edib bu yöndə mühüm addımlar atmış, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır.

Heydər Əliyev Azərbaycanın inkişafında güclü hüquq sisteminin vacibliyini dərk edən uzaqgörən lider idi. O, öz siyasəti və fəaliyyəti ilə hüquq sisteminin müasirləşdirilməsinə, təhsil və təlimin təşviqinə, şəffaflığın və hesabatlılığın təmin edilməsinə zəmin yaratmışdır. Bu gün onun irsi Azərbaycan xalqının ehtiyaclarına xidmət edən müasir, səmərəli hüquq sistemi formasında yaşayır.

Dahi lider Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək məhkəmə hakimiyyətinə öz töhfəsini verir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, məhkəmə hakimiyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilmiş, məhkəmə infrastrukturu müasirləşdirilərək yüksək texnoloji – hi-tech bina və komplekslər inşa olunub istifadəyə verilmişdir. Mühüm institusional tədbirlər görülərək məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin, Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi, şəffaf və obyektiv seçimi Qaydası müəyyən olunmuşdur.

Bu gün məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar beynəlxalq aləmdə böyük maraq doğurur, bu sahədə ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilərək tətbiq olunan yeniliklər, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Qeyd edilən nailiyyətlər Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü siyasətin, təkmil islahatlar proqramının təzahürüdür.

Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi

Ayşən Sultanova Məmmədova

Şərhlər

Şərh yazılmayıb.