Huquqaz.com

Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur

24.04.2023
1.367
Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur.

Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir. Eramızdan min illər qabaq burada ibtidai üsullarla neft çıxarıldığı və karvan yolları ilə müxtəlif ölkələrə daşındığı faktlarla sübut olunur. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur. Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların generatoru olaraq tanınmış, misilsiz fədakarlıqlar göstərərək,ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Buna görə də Bakı uzun müddət dünyanın neft akademiyası hesab edilirdi.

1969-cu ildə birinci dəfə respublikamızın rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev milli iqtisadiyyatda tarixən həlledici rol oynamış neft sənayesinin əvvəlki şöhrətini özünə qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli istifadə etməklə bu sahənin dinamik inkişafına nail olmaq vəzifəsini qarşıya qoydu. Ümummilli lider Heydər Əliyev neft sənayəsinin inkişafına xüsusi önəm veriridi. “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.” “Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.” Ümummilli liderin bu fikirləri onun daim dövlətimizin güclənməsi, xalqımızın firavan həyat yaşaması üçün əlindən gələni əsirgəmədiyinə əyani sübutdur. Şükürlər olsun ki, Ulu Öndərin arzuları cənab Prezidentimiz İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində gerçəkləşdi.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. – Heydər Əliyev

İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.

Ümummilli Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.

Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah ahlı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Ümummilli lider Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Ulu Öndərin apardığı bu siyasət bir sahəni deyil, bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur. Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.

 

 Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətlərimizdən biridir.”

Hər bir azərbaycanlı bilir ki, müasir Azərbaycanın neft sənayesinin qurucusu Ümummilli lider Heydər Əliyevdir. Ulu öndər Azərbaycan neftinin hər barelinin səmərəli istifadəsinin, ondan gələn gəlirlərin tənzimlənməsi, qeyri-neft sektorunun inkişafına önəm vermişdir. Bütün bunlar Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi — “Əsrin müqaviləsi” imzalandı.1999-cu il dekabrın 29-da Ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır.

Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də “Şahdəniz” yatağıdır. “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır. Beləliklə, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.” – Heydər Əliyev

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, mədəni intibah, milli oyanış, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, azadlığını və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi – “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilənin hər cəhətdən əsaslandırılmış, dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanmasında  İlham Əliyevin də əməyi az olmamışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və bacarığı Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləmiş və vədini real işlərlə doğrultmuşdur.

Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır. Azərbaycan xalqı üçün Ümummilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur.

Nüşabə Əhmədova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan bu gündə,gələcəkdədə çox ehtiyatla istifadə etmək lazımdır.Düşünmək lazımdır ki, bizim sərvətlərimiz təkcə bugünkü nəsillər üçün deyil,nəvə-nəticələrimiz, gələcək nəsillər üçün də gərəkdir.”

Azərbaycan uzun müddət Çar Rusiyasının, daha sonra isə SSRİ-nin tərkibində olmuşdur. Bütün təbii sərvətlərimiz Rusiya tərəfindən mənimsənilmişdir. Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi.

1991-ci ildən yenidən müstəqillik qazandıq. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Neft sənayesi tamamilə tənəzzülə uğramışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın uğurlu inkişaf dövrü başlamışdır. Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı.

Neft keçmişdə gündəlik həyatın necə ayrılmaz bir tərkib hissəsi olmuşdusa, indi də eləcə qalır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atmaqla ilk dəfə dünya enerji əməkdaşlığının dərinliklərinə baş vurdu. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. Dəyəri 10 milyard dollar olan bu müqavilə Azərbaycanın regiondakı iqtisadi mövqeyini yenidən təsbit etməsinə yardımçı oldu və dənizdə daha iri miqyasda neft ehtiyatlarının işlənməsinə start verdi.

Azərbaycanın böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.

Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

 

“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.”

Belə bir qəbul olunmuş fakt var ki , “Neft – enerji deməkdir, enerji isə – sərvətdir”. Bu məsələ Azərbaycanda uğurla reallaşdırılan neft strategiyasının nəticələri timsalında özünü bir daha təsdiqləmiş olur. Ulu Öndər Heydər Əliyevin iqtisadi baxışlarında əsas yerlərdən birini tutan xarici əlaqələrin ölkəmizin mənafeyi baxımından gücləndirilməsi neft sənayesində, daha dəqiq desək, “Əsrin kontraktı” adlanan sazişdə özünü  nümayiş etdirmişdir. Qeyd etmək  lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının əsas sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi – 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişidir. Azərbaycanın neft strategiyası uzunmüddətli milli inkişaf proqramıdır.

Bu strategiyanın əsas hissəsi  ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin düçar olduğu problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur. Ulu Öndər böyük uzaqgörənliklə ölkəmizin neft sənayesinin inkişafını məhz məşhur Qərb şirkətləri ilə əlaqələrin qurulmasında gördü. Digər tərəfdən o, inanırdı ki, neft sənayesinin dirçəldilməsi, ölkənin üzləşdiyi dərin böhrandan çıxması üçün sülh şəraiti vacibdir və bu məqsədlə də 1994-cü ilin may ayında atəşgahın dayandırılması barədə Bişkek protokolu imzalandı. Azərbaycanın azad iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getməsi, dünya iqtisadiyyatına sıx bağlanması üçün bu sənədin çox böyük əhəmiyyəti vardır. Heydər Əliyev dənizdəki neft yataqları ilə bərabər, quruda da neft çıxarılmasına diqqəti gücləndirməyi daim bildirmişdir. Neft yataqlarının əhəmiyyətinin mühüm nəticələrindən danışarkən, dünyanın bir sıra aparıcı ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasını, ölkəyə irihəcmli xarici investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsini, regionda stabilliyin qorunmasını, dünya iqtisadi sisteminə inteqrasiyanı və s. göstərmək olar. Neft yataqlarına göstərilən maraq nəticəsində neft sazişləri bağlanır.Ümumilikdə isə demək olar ki, neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini cənab İlham Əliyev belə şərh etmişdir: “Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”.

Əsmər Məhəmmədli Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

“Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir.”

Ölkənin təməl quruluşlarından ən əsası onun iqtisadiyyatıdır. İqtisadiyyatı inkişaf etmiş ölkə sarsılmazdır. Dünya ölkələrinə nəzər yetirsək görərik ki, güclü ölkələrin əsas təməl prinsipi öz iqtisadiyyatlarını inkişaf etdirməkdir. Azərbaycan iqtisadiyyatında XX əsrin sonlarında vəziyyət heç də ürək açan deyildi. İqtisadiyyatımız 1990-cı ilin əvvəllərində böhran vəziyyətində olduğu halda, 1995-ci ildən artıq inkişafa başlayıbdır. İqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunur və bu inkişaf ilbəil artır. Bunların əsas səbəbləri, qeyd etdiyim kimi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. İqtisadi islahatlar müxtəlif xarakter daşıyır, müxtəlif sahələri əhatə edir və böyük tədbirlərin həyata keçirilməsini tələb edir. Biz bunların hamısını edirik, baxmayaraq ki, bunları həyata keçirmək üçün bir çox çətinliklərimiz var idi. Keçmiş iqtisadi psixologiyadan uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq və beləliklə də islahatları həyata keçirərək, eyni zamanda onların müsbət nəticələrinin əldə olunmasına nail olmaq lazımdır.

İqtisadiyyatın inkişafında  əsas meyar sahibkarlığın tərəqqisidir. Çünki istənilən bölgənin tərəqqisi sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. İllərdir, dünya təcrübəsi də göstərir ki, bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, Ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”. Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir.

Leyla Talıbova –  Zərdab rayonu Otmaoba kənd ümumi orta məktəbinin müəllimi

 

“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var.”

Neft sektoru günü-gündən inkişaf edir. Azərbaycan iqtisadiyyatı təkcə neft məmulatları ilə deyil, həmçinin kənd təsərrüfatı məhsulları ilə də dünyada tanınır. Qloballaşma prosesinin dərinləşməsi ilə birgə bütün dövlətlərin aqrar siyasətinin önündə dayanan ən mühüm vəzifələrdən biri məhz ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatı məhsullarına olan tələbatın üstün olaraq yerli istehsal hesabına ödənilməsi hesab olunur.  Keçən əsrin son on illiyində ölkəmizdə iqtisadiyyatın hər bir sahəsində olduğu kimi kənd təsərrüfatında da bazar iqtisadiyyatına keçidlə bağlı islahatlar uğurla aparılmışdır. Məlum olduğu kimi, kənd təsərrüfatında azad iqtisadi proseslərin bərqərar olmasının ən vacib meyarını sahibkarlığın inkişafı təşkil edir. Respublikamızda kənd təsərrüfatı sektorunda sahibkarlığın tərəqqisinə yönəldilmiş aqrar islahatlar Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə parlamentində qəbul olunmuş “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunları əsasında aparılmışdır. Kənd təsərrüfatında həyata keçirilən islahatlar qısa zaman dilimində sahənin tənəzzül mövqelərini ortadan qaldırmış, kənddə çoxukladlı iqtisadiyyatın formalaşmasına əlverişli şəraitin yaranmasına səbəb olmuşdur.

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək görərik ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki vasitələrə olan tələbatlarının ödənilməsi üçün dövlət vasitəsilə vacib subsidiyalaşdırma fəaliyyət yerinə yetirilir. Həmin subsidiyalaşdırma prosesində, bir qayda olaraq onlara vergi prosesində standart güzəştlərin edilməsi və elektrik enerjisindən istifadə zamanı güzəştli tariflərin həyata keçirilməsi mühüm yer tutur . Ölkəmizdə kənd təsərrüfatının inkişafı etməsinin ən əsas ünsürü əhalinin əksər hissəsinin kənddə yaşaması və bu yaşayış tərzinə uyğun olaraq maldarlıq, əkinçilik, üzümçülük, bağçılıq, balıqçılıq və s. təsərrüfat növləri ilə məşğul olmasıdır.

Bu gün kənd təsərrüfatının sahələrinə nəzər yetirsək hər sahədə böyük irəliləyişlərin olduğunu görərik. Bu inkişafda ilk öncə Ümumilli Lider Heydər Əliyevin daha sonra onun siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin mühüm islahatları sayəsində baş vermişdir.

Piralı Əliyev – Zərdab şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.