Qarabağ münaqişəsi artıq tarixdə qalıb
Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü Ermənistanın növbəti diplomatik fiaskosu adlandırmaq olar.Bu fiaskonun sübutu üçtərəfli görüşün yekunları ilə bağlı qəbul olunan birgə bəyanat və Rusiya Prezidenti Vladimir Putinin mətbuata açıqlamasında yer alan məqamlardır. Yekun sənəddə “Qarabağ” və ya “Dağlıq Qarabağ” terminin işlədilməməsini, Qarabağla bağlı bir sözün belə qeyd olunmamasını Azərbaycan Prezidenti cənab İlham Əliyevin üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” bəyanatının təzahürü kimi qəbul etmək olar.
Putinin “Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq” açıqlaması onu deməyə əsas verir ki, yekun bəyanatın mətnində Qarabağ, eləcə də bu ilin may ayında Xocalıda, sentyabr ayında isə Ermənistanla sərhəddə nəzarətə götürülən ərazilərdən geri çəkilməklə bağlı Ermənistan tərəfinin tələbləri əks olunmalı imiş.
Ermənistanın fiaskosu bununla yekunlaşmayıb. Belə ki, Paşinyanın Soçi görüşündən əvvəl Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 15-20 il müddətinə uzadılmasına razı olması ilə bağlı açıqlaması da Soçi bəyanatında yer almayıb. Aydındır ki, Paşinyan bu bəyanatı ilə ya Moskvaya yarınmaq məqsədi güdmüşdür. Putin isə üçtərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında sülhməramlı kontingent barədə hər şeyin 9 noyabr 2020-ci il bəyanatında qeyd olunduğunu, bu barədə əlavə deyiləcək bir şeyin qalmadığını bildirdi. Putinin Paşinyanın sülhməramlılarla bağlı bəyanatını şərh edərkən səsləndirdiyi fikirlər isə diqqəti cəlb edir. Belə ki, Putin sülhməramlıların taleyinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sərhədlərin delimitasiyasından asılı olacağını söylədi. Bununla da, Moskva rəsmi Bakının razılığı olmadan sülhməramlıların mandatının uzadılması barədə müzakirələrin aparılmayacağını etiraf etmiş oldu. Eyni zamanda hazırda əsas məsələnin cənab İlham Əliyevin ikitərəfli görüşdə də səsləndirdiyi kimi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək olduğunu göstərdi.
Yekun sənədin ən vacib məqamlarından biri isə dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir ki, buna da tərəflər öz razılıqlarını bildirib. Əslində, sənədin bu bəndi Praqada qəbul olunan sənədin müvafiq bəndi ilə eynidir.
Beləliklə, üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir müddəa əksini tapmadı. Odur ki, Soçi görüşünü və görüşün yekununa dair qəbul olunmuş bəyanatı Paşinyan hökumətinin növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev isə Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi. Prezident Əliyev növbəti dəfə bəyan etdi ki, özünün də dediyi kimi, “Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.
Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin müəllimi Həsənli Turanə
Şərh yazılmayıb.