Huquqaz.com

Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub

22.04.2023
1.474
Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub

Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub.

Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Qarabağ əsrlər boyu zəngin tarixi, çoxsaylı mədəniyyət abidələri, əlverişli coğrafi mövqeyi, təbii sərvətləri ilə seçilib. Məhz bu səbəbdəndir ki, Qarabağ, xüsusilə də Şuşa, nəinki Azərbaycanın, ümumilikdə Qafqazın incisi adlandırılıb. Lakin təəssüf ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində bu qədim diyarı viran qoyub, şəhərlərimizi yerlə-yeksan edib.  Ermənilər Azərbaycan torpaqları olan Qarabağda qanunsuz əməllər, ağılasığmaz vəhşiliklər törətmişlər. Onlar milli irsimizi kütləvi surətdə məhv edib, talayıb, qədim tarixi-dini abidələrimizi dağıdıb, bir qismini isə saxtalaşdıraraq erməniləşdirib. Ermənilərin törətdiyi bu vandalizmi hətta sivilizasiyadan kənar xalqlar belə törətməzdi. Erməni vəhşiliyinə ən ağır şəkildə məruz qalan şəhərimiz isə Ağdam olub. Belə ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb, yaşayış evləri, ictimai binalar, tarixi, mədəni abidələr, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri talan edilib, yandırılıb. Təsadüfi deyil ki, məhz Ağdam məruz qaldığı dağıntılara görə “ruhlar şəhəri” adlandırılır. Ümumiyyətlə, Şuşa, Laçın və qismən Kəlbəcər istisna olmaqla, düşmən işğal altında saxladığı digər şəhərlərimizdəki bütün binaları yerlə-yeksan edib. Mənfur düşmənin Qarabağı işğal altında saxladığı müddət ərzində buraya 1 milyondan artıq mina basdırması isə erməni vandalizminin növbəti təzahürüdür. Ermənilərin bu ərazilərdə törətdikləri əməllər, milli irsə, ətraf mühitə vurduqları zərər müharibə cinayətidir. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür.

Nəhayət ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını düşmən işğalından azad edərək ermənilərin Qarabağda törətdikləri bu vəhşiliklərə son qoydu. İndi isə vətəndaşlarımızın öz torpaqlarına qayıda bilməsi üçün burada əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur, şəhərlərin baş planları hazırlanır. İşğalçı Ermənistanın məhv etdiyi Qarabağı və Şərqi Zəngəzur cənab Prezidentin rəhbərliyi ilə əsl sahibləri olaraq yenidən dirçəldəcək. Bütün şəhər və kəndlərimiz qısa müddət ərzində tamamilə bərpa ediləcək, Qarabağ yenidən əvvəlki əzəmətinə qovuşacaq.

 

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

Şərhlər

Şərh yazılmayıb.