Huquqaz.com

Media rəhbərlərindən hökumətə çağırış: Tarixi ədaləti təmin edin

12.04.2023
1.229
Media rəhbərlərindən hökumətə çağırış: Tarixi ədaləti təmin edin

“Bu qədər adamı aldatdılar. Özəlləşdirmə çeklərini payladılar, sonra da dedilər ki, tədavül müddəti başa çatıb. Belə olmaz axı

Özəlləşdirilmə çeklərinin istifadəyə verilməsindən 26, tədavül müddətinin başa çatmasından isə 12 il ötür. Qanunvericiliyə görə, özəlləşdirmə çekləri qiymətli kağız olaraq “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir və bu qanunda qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmayıb. Qanunda daha bir məqam isə özəlləşdirmə payına qanunla düşən əmlak ekvivalentinin inflyasiyadan qorunmaqla 2000 ABŞ dolları həcmində müəyyən edilməsi ilə bağlıdır. Eyni zamanda özəlləşdirməyə çıxarılan dövlət əmlakının ən azı 65 faizinin dövlət özəlləşdirmə paylarını təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməsi təsbit olunub.

Buna baxmayaraq, Azərbaycan hökuməti tədavül müddətinin başa çatdığını elan edib və yüz minlərlə vətəndaş 12 ildir ki, vauçerləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Ölkəmizin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları, mədəniyyət-incəsənət xadimləri, iqtisadçılar, hüquqşünaslar, QHT rəhbərləri hökumətə çağırışlar edərək, özələşdirmə çekləri ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini bəyan edirlər.

Mövzuya dair AYNA-ya danışan media orqanları rəhbərləri də sözügedən problemin həllinin vacibliyinə diqqət çəkiblər.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması labüddür: “Sosial mediada özəlləşdirmə çeki əlində qalan vətəndaşların səhifəsi fəaliyyət göstərir. Mən də bu səhifənin izləyicisiyəm. Özəlləşdirmə çekləri ilə bağlı ölkə ziyalılarının, eləcə də çeki əlində qalan vətəndaşların müraciətlərindən xəbərdaram. Mənim və ailə üzvlərimin də özəlləşdirmə çekləri bu günə qədər qorunub saxlanılır. Hesab edirəm ki, yüz minlərlə vətəndaşın hüquqları təmin edilməli və müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməlidir”.

“Bu, dövlətin vətəndaşa ayırdığı əvəzsiz paydır və vətəndaşın hüququ var ki, bu paydan maneəsiz istifadə etsin. Qanunvericilikdə bununla bağlı məqamlar var. Orada çeklərin gələcək taleyinə də aydınlıq gətirilib. Ulu Öndər Heydər Əliyevin özəlləşdirmə çekləri ilə bağlı fərmanına və bununla bağlı qanunvericiliyə istinad olunmalı, bu xüsusda ya tədavül müddətinin artırılması, ya da kompensasiya ödənilməsi şəklində bu prosesə məntiqi yekun vurulmalıdır”, – deyə həmsöhbətimiz söyləyib.

“Pressklub TV”-nin rəhbəri, tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli də əmindir ki, bu proses böyük qanun pozuntuları ilə müşayiət olunub: “Özəlləşdirmə çekləri dövriyyəyə bvuraxılanda əhalidə böyük ümidlər oyatdı. İnsanlar inanmağa başladı ki, sovetdən qalmış dövlət əmlakının özəlləşdirilməsində onların da iştirakı təmin ediləcək. Lakin sonradan gördük ki, bu proses bir qrup işbaz və məmur oliqarxiyasının maraqlarına xidmət edir. Elə iqtisadi tryuklardan istifadə olundu ki, faktiki olaraq vətəndaşlar bu prosesdən kənarda qaldılar. Bəzi çek sahibi isə aldadıldığının fərqində idi və bu səbəbdən özəlləşdirmə paylarını qoruyub saxladılar. Çünki proses bununla bağlı fərmanda və qanunvericilikdə qeyd olunan məqamlara uyğun şəkildə aparılmadı”.

“2011-ci ildə isə tədavül müddətinin başa çatdığını bəyan etdilər. Yüz minlərlə ölkə vətəndaşı hüquqsuz duruma düşdü. Azərbaycan mətbuatı da bu prosesdə fəal iştirak etməlidir. Nazirlər Kabinetinə bununla bağlı soğrular ünvanlanmalıdır. Belə olmaz axı. Özəlləşdirmə çeklərini payladıq, sizi aldatdıq və proses başa çatdı… Məsul qurumlar özəlləşdirmə çekləri əlində qalan vətəndaşların statistikasını aparmalı və əhaliyə dəymiş zərərin ödənilməsinə qərar verməlidir”, – deyə müsahibimiz vurğulayıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də qeyd olunan prosesdə vətəndaşların aldadıldığını deyib: “Sovetlər dövründə Azərbaycanda nə qədər zavod, fabrik var idi. Kondisioner zavodu, Tütün Kombinatı və sair vardı. Hanı bu müəssisələr? Hansı ki, bu zavodların əsasən özəlləşdirmə çekləri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulurdu. Onların hamısının yerində göydələnlər inşa ediblər. Vətəndaş bu prosesin əvvəlindən aldadıldı. Özəlləşdirmə çeklərinin qiyməti heç zaman 120 ABŞ dollarını keçmədi. Məmur oliqarxiyası müxtəlif üsullarla “qara bazar”da çekləri əhalidən yığdı. Bir də onda ayıldıq ki, iş işdən keçib. Elan etdilər ki, hər şeyi özəlləşdirdik, aldıq, satdıq və artıq proses başa çatıb”.

“Nəyə başlamışdınız ki, nəyi də bitirdiniz?! Sovetdən qalma dövlət əmlakını əyri yollarla qəsb etdilər, əhalini də məcbur etdilər ki, qəpik-quruş davası aparsın. Bu gün də yüz minlərlə vətəndaş özəlləşdirmə çeklərini qoruyub saxlayır. Rusiyanın özəlləşdirmə maxinasiyalarının kopyasını gətirib Azərbaycanda tətbiq etdilər”, – deyə Əliyev qeyd edib.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də oxşar fikirdədir. O, özəlləşdirmə prosesinə məntiqi yekun vurulmasını vacib hesab edir: “Hesab edirəm ki, keçmişə yox, gələcəyə baxmaq lazımdır. Hökumət orqanları iddia edir ki, çek sahibərinin imkanı olub ki, vaxtında onları satışa çıxarsınlar. Çek sahibləri isə bildirirlər ki, bu proses qanunamüvafiq şəkildə aparılmayıb. Biz bu müzakirələri dayandırmalı və real hərəkətə keçməliyik. Hər iki tərəf öz arqumentində haqlı olduğunu iddia edir. Nəticə nədir? Nəticə odur ki, yüz minlərlə vətəndaş özəlləşdirmə çeklərindən istifadə etməyib”.

“Bunun üçün onlara yenidən şərait yaradılmalıdır. Rəsmi qurumların, iqtisadçıların, ekspertlərin iştirakı ilə komissiya formalaşdırılmalıdır. Həmin komissiya statistika aparmalı, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların siyahısını tərtib etməlidir. Bu siyahıya uyğun olaraq onların ya növbəti özələşdirmə prosesində iştirakına şərait yaradılmalı, ya da dəymiş zərər hansısa formada ödənilməlidir. Bütün hallarda bu qədər ölkə vətəndaşını taleyin ümidinə buraxmaq olmaz”, – deyə Ağayev fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Xüsusi qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Şərhlər

Şərh yazılmayıb.