Huquqaz.com

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

12.03.2023
2.105
Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.

Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz Bakı şəhərində yerləşir. Ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Həmçinin cənab Prezidentimiz 2021-ci ili “Nizami Gəncəvi ili” elan etmişdir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

Şərhlər

Şərh yazılmayıb.