Huquqaz.com

Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib

11.03.2023
2.389
Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib

Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib

Azərbaycan dövlətinin beynəlxalq arenada olan mövqeyi xarici siyasət kursumuzun uğurları ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin mükəmməl diplomatik gedişləri ölkəmizin həm regional, həm də dünya miqyaslı gücünü artırmaqdadır. Bu gün dövlətlər, müxtəlif siyasi qurumlar, iqtisadi birliklər, beynəlxalq təşkilatlarla qurulan yüksək münasibətlər və Prezident İlham Əliyevin qəbul olunan beynəlxalq nüfuzu Azərbaycanı bütövlükdə dünya siyasətinin reallaşmasında mühüm iştirakçıya çevirib.

Bütün bunların nəticəsidir ki, Bakı ardıcıl olaraq bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının son sammitindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu da bu baxımdan mühüm önəm daşıyır.

Altmış ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırkı və sabiq prezident, baş nazirin qatıldığı Bakı Forumu qlobal problemlərin həllinin araşdırılması üçün son dərəcə uğurlu platforma kimi dünyanın diqqət mərkəzində oldu. Yaxın Şərqin, Afrikanın və Qərbi Balkanların aktual məsələləri əsas müzakirə mövzusu olmaqla yanaşı, Forumda digər qlobal problemlərin də araşdırılması dünyanın daha təhlükəsiz olmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti töhfəsi hesab olunmalıdır.

Prezident İlham Əliyev Bakı Forumundakı çıxışında haqlı olaraq qeyd etdi ki, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin nəticəsi kimi Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Dövlətimizin başçısı çıxışında, həmçinin qeyd etdi ki, dünya hazırkı şəraitdə soyuq müharibənin bitməsindən sonra Şərq-Qərb qarşıdurmasının şahidlik edir. Bütün bu problemlərin fonunda Qoşulmama Hərəkatı münaqişələrin həllində, yeni yanaşmaların formalaşdırılmasında mühüm rol oynaya bilər.

Ölkə rəhbəri münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söylədi. Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi

Dövlətimizin başçısı Forumdakı nitqində yuxarıda diqqətə çatdırılan məsələlərlə bərabər, ölkəmizin beynəlxalq iqtisadi layihələrdə iştirakına da toxunaraq, Azərbaycanın bu prosesdə fəal siyasət yürütdüyünü qeyd etdi. Bu sırada respublikamızın enerji təhlükəsizliyində ciddi mövqe qazanmasını xüsusi vurğuladı.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bundan əvvəl reallaşan forumundan ötən müddətdə bir sıra önəmli iqtisadi hadisələrin baş verdiyini, Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalandığını, bu tarixi əhəmiyyətli sənədin hazırda uğurla icra olunduğunu da bildirdi.

Dövlətimizin başçısının nitqində səsləndirdiyi bu məqamla bağlı onu deyək ki, ötən ilin iyulunda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və enerji məsələləri üzrə komissar Kadri Simsonun Bakıya səfəri çərçivəsində Avropa İttifaqının təmsilçiləri tərəfindən Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalanıb. Həmin memorandumda Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin 2027-ci ildə 20 milyard kubmetrə çatdıracağı nəzərdə tutulub. Bunun üçün isə Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurəti meydana çıxıb. Bununla da ölkəmiz həm öz “mavi yanacağ”ını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı qazanıb. Eyni zamanda, bunun üçün Trans-Xəzər kəmərinin də tikintisinin zəruriliyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin çıxışında ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalandığını da bildirdi. Ölkə rəhbəri həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından xəttin çəkiləcəyini, həmin ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə aparılacağını və bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinin reallaşdırıldığını toplantı iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev daha sonra dedi: “Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq “yaşıl enerji” bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz “yaşıl hidrogen”i ixrac etməyi planlaşdırırıq…”.

X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq arenada böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin həm bu mötəbər tədbirdə çıxışı, həm də Forum iştirakçısı olan nüfuzlu siyasətçiləri qəbul edərkən ifadə etdiyi mövqe ölkəmizin öz maraqlarını qoruyaraq təmin etmək gücünü göstərmiş oldu.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən qlobal dialoq məkanına çevrilib

Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Pandemiya ilə əlaqədar obyektiv səbəblərdən bir müddət kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsa da, artıq tədricən həyat öz axarına qayıdır və Bakı şəhəri qlobal dialoq məkanı olaraq öz rolunu davam etdirir.

İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər.

Forumlarda dünyanı narahat edən aktual problemlər ətrafında geniş müzakirələr aparılır, problemlərdən çıxış yolları üçün müxtəlif fikir və təkliflər səsləndirilir. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb: “Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılırdı. Artıq münaqişə başa çatıb. Dövlətimizin başçısı qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini səsləndirdi və Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından biridir. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcəklər. Hesab edirəm ki, bundan sonra Azərbaycanın perspektiv inkişafı və dünyada artan nüfuzu haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Bakı Forumunda iştirakçıların təmsilçiliyi və saytərkibi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi müzakirəyə çıxarılan məsələlərin bu günümüz üçün nə qədər önəmli və aktual olduğunu təcəssüm etdirir. Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında bu fikir xüsusi qeyd edildi ki, Qlobal Bakı Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, İdarə Heyətinin bütün üzvlərinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.

Forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə səsləndirilən çağırışlar, ünvanlanan mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır. Yeni dünya düzəninin formalaşdığı, postpandemiya dövrünün reallıqlarının müzakirə edildiyi bir zamanda bu mövzuda keçirilən Qlobal Bakı Forumunda hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsinə, yeni yanaşmaların ortaya qoyulmasına çağırışlar edildi. Bir daha qeyd edildi ki, qarşıda ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Hazırda dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Yeni ümidlər yaradılmalı və gələcəyə – sabaha baxmalıyıq. Səhv və doğru addımların nədən ibarət olduğunu bilməliyik. 61 ölkədən 360-dək nümayəndə belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün X Qlobal Bakı Forumuna toplaşdı. İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək görərik ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edirlər. Bu, bir tərəfdən Forumun əhəmiyyətinin, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu, ondan irəli gəlir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, dünyanı narahat edən problemlərə böyük həssaslıqla yanaşır, çıxış yollarını göstərir.

Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edildi. Dövlətimizin başçısı İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki – dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. Azərbaycan Prezidenti artıq tarixə köçmüş Qarabağ münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi. Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə, məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi. Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törədilməsinə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir

Zəfərimizdən sonra Azərbaycan Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanması təklifini irəli sürdü və eyni zamanda, bu bəyanatı səsləndirdi ki, bu sənəd uzun müddət masa üzərində qalmayacaq. Ölkəmiz işğalçı Ermənistana növbəti dəfə şans verdi. Ermənistan isə hazırda bu şansı dəyərləndirib, sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərmək əvəzinə 30 illik işğal dövründə atdığı addımları təkrarlamağa səy göstərir. Ermənistan ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətini canlandırmağa çalışsa da Azərbaycan tərəfinin bununla bağlı sərt mövqeyi aydındır. Artıq Minsk qrupu tarixin arxivinə göndərilib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir.

Forumun mövzusundan da aydın olur ki, səsləndirilən çağırışlar sadəcə bir fikir olaraq deyil, gələcəklə bağlı ümidlərin yaranmasına, bu arzu və istəklərin reallıqda öz əksini tapmasına xidmət etməlidir. Azərbaycan daim dünyaya birlik, həmrəylik çağırışları ilə diqqətdə olub. Forum çərçivəsində pandemiya dövründə görülən tədbirlər fonunda Azərbaycanın qlobal həmrəyliyə verdiyi töhfələr bir daha diqqətə çatdırıldı. Azərbaycan təşəbbüsləri ilə birliyə, həmrəyliyə nail olmaqla bərabər, eyni zamanda, 80-dən artıq ölkəyə humanitar yardım göstərdi. “Peyvənd millətçiliyi”nə qarşı ilk etirazını bildirən və bununla bağlı BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı Azərbaycan oldu. Bu kimi biri-birindən mühüm addımlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasında öz sözünü deyir. Bu gün bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

X Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir

X Qlobal Bakı Forumu beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Bu platforma iqtisadi müstəvi kimi, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir.

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı X Qlobal Bakı Forumunda COVID-19 pandemiyası nəticəsində iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi kimi mövzular gələcək iqtisadi çağırışların tərkibində yer tutmaqdadır.

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev tərəfindən vurğulanan enerji təhlükəsizliyi ilə əlaqədar siyasət tədbirləri beynəlxalq müstəvidə də aktuallıq daşıyır. Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə Azərbaycanın nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə Azərbaycanın məsuliyyətli siyasət çağırışları və sair beynəlxalq ictimaiyyətin diqqətinin Bakıya yönəlməsinə səbəb olub.

Sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi “yaşıl iqtisadiyyat” siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətində ana xətlərdən birini təşkil edir: “Enerji ölkəsi kimi tanınan Azərbaycanın “ənənəvi enerji” resurslarından “yaşıl enerji”yə keçidi son bir il ərzində sürətli şəkildə həyata keçirilir. Xarici investisiya üçün cəlbedici hesab edilən yaşıl enerjiyə Azərbaycan hökuməti tərəfindən əlverişli mühit formalaşdırılıb. X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev tərəfindən Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə “yaşıl enerji” və onun ötürülməsinə dair Sazişi xatırlatması da təsadüfi deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın yaşıl enerjisinin növbəti illərdə xüsusi paya malik olması ilə əlaqədar proqnoz Prezident İlham Əliyevin yaşıl iqtisadiyyat ilə bağlı uzunmüddətli baxışlarının olmasını deməyə əsas verir. Habelə, Prezident İlham Əliyev tərəfindən nəqliyyat dəhlizləri ilə bağlı çıxışı X Qlobal Bakı Forumunun gündəliyində aktuallıq kəsb edib. Son illər Azərbaycanın Cənubi Qafqazda nəqliyyat qovşağına çevrilməsi regionun ticarət əlaqələrini daha da əlverişli fazaya gətirib çıxarmışdır. Nəqliyyat dəhlizlərindən əldə edilən gəlirlərin Azərbaycanın iqtisadi artımını dəstəkləməsini isə 2022-ci ilin statistik göstəriciləri vasitəsilə müşahidə edə bilirik”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Bakı Forumu qlobal proseslərə töhfə vermək imkanına malikdir

On ildir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz qlobal problemlərə dair müzakirələrin təşkilatçısına çevrilib. Qlobal Bakı Forumunda bəşəriyyəti narahat edən məsələlərlə bağlı ideyalar mübadilə olunur. Bu il də Forumun mövzusu olduqca vacib və aktualdır – “Yeni dünya: Çağırışlar və ümidlər”. Müzakirələrdən aydın olur ki, dünyanın nüfuzlu siyasətçiləri yeni ümidlər yaratmaq, gələcəyə baxmaq istəyirlər. Bakı platformasında həm də mövcud yanlış və doğru addımlar təhlil edilir, daha müqavimətli şəkildə irəliyə getməyin yolları axtarılır.

Qobal dünya nizamına təhdidlər fonunda siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilir.

Açılış mərasimində Prezident İlham Əliyev bir daha diqqəti Foruma olan marağa yönəltdi. Dövlətimizin başçısının da söylədiyi kimi, Qlobal Bakı Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Ümumilikdə 60 ölkədən 350 nəfər iştirakçı beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələr irəli sürür. Forumda iştirak edən nüfuzlu diplomatlar və siyasətçilər beynəlxalq arenada ən vacib məsələlərlə bağlı müzakirəyə töhfə vermək imkanına malikdirlər. Panellərdən birinin multilateralizmə həsr olunması təsadüfi deyil. Prezident İlham Əliyev bu kontekstdə diqqəti Azərbaycanın dünyanın ikinci nüfuzlu təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyinə yönəltdi. Belə ki, Azərbaycan hətta QH-ya sədrliyi başa çatdıqdan sonra da səyləri davam etdirməkdə qərarlıdır. “Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük. Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin Prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir” deyən dövlətimizin başçısı Azərbaycanın yeni dünya düzənində sülh və təhlükəsizliyə töhfəsini bir daha bəyan etdi.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir

Forum çərçivəsində münaqişələrin həlli də geniş şəkildə müzakirə edilir. Bu mənada Azərbaycanın təcrübəsi, 44 günlük müharibənin nəticələrini əsl nümunə hesab etmək olar. Ümumiyyətlə, 2020-ci ildən etibarən, yəni, son 3 ildir, Bakının ev sahibliyi etdiyi tədbirlərdə də əsas diqqət bölgədə dayanıqlı sülhün möhkəmlənməsinə yönəlib. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir nümunədir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Prezident İlham Əliyev Azərbaycandakı erməni azlığı ilə bağlı mövqeyimizi bir daha xatırlatdı. “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”.

Qlobal Bakı Forumunda verilən ən vacib mesaj bundan ibarətdir ki, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün universal dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür. Yəni, Prezident İlham Əliyevin də söylədiyi kimi, hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan Prezidentinin Qlobal Bakı Forumunda verdiyi mesajlar sülh və təhlükəsizlik məsələsinin ölkəmiz üçün son dərəcə vacib olduğunu nümayiş etdirir

X Qlobal Bakı Forumu Azərbaycan beynəlxalq nüfuzunun, dünyanı narahat edən ümumbəşəri problemlərin həllinə töhfə vermək niyyətinin daha bir göstəricisidir. Bu forumun tarixi, gündəlikdə olan məsələlərin məzmunu kifayət qədər nüfuzlu və maraqlı bir platforma kimi beynəlxalq aləmdə qəbul edildiyini söyləməyə əsas verir.

Azərbaycan Prezidentinin Qlobal Bakı Forumunda verdiyi mesajlar sülh və təhlükəsizlik məsələsinin ölkəmiz üçün son dərəcə vacib olduğunu nümayiş etdirir. Çünki dünyada baş verən mürəkkəb və ziddiyyətli proseslər fonunda dövlətlərarası etimadın gücləndirilməsi əvvəlki dövrlərlə müqayisədə daha böyük aktuallıq kəsb etməyə başlayıb. “Prezident çıxışında vurğuladı ki, biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qeyd etmək istərdim ki, Beynəlxalq münasibətlərin xarakterinə təsir göstərən ən güclü amillərdən biri qarşılıqlı etimaddır. Bu etimadı bərqərar etmək üçün bütün dövlətlər daha məsuliyyətli davranmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüf ki, bəzən bunun əksi olan addımları da müşahidə edirik. Qlobal Bakı Forumu məhz bu cür məsələlərin açıq müzakirəsinə imkan yaratdığına görə daha çox diqqəti cəlb edir.

Forumda 61 ölkədən 360-a yaxın nümayəndənin iştirak etməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu tədbirin əhəmiyyətinin zaman keçdikcə artdığını göstərir. Dörd ölkənin prezidenti, iki baş nazir, parlament sədrləri, hökumət üzvləri, sabiq dövlət və hökumət rəhbərlərinin, nüfuzlu siyasi xadimlərin iştirakı göstərir ki, Azərbaycan qısa müddət ərzində bütün dünyanın diqqətini cəlb edə bilən çox vacib bir platforma yaratmağa müvəffəq olub. Prezident İlham Əliyevin nitqində Azərbaycan dövlətinin dünyada gedən proseslərə münasibəti, sülh və təhlükəsizlik problemlərinin həllinə dair yanaşması, eləcə də Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş siyasətinin bütün elementləri diqqətə çatdırıldı. Bizim ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, bu istiqamətdə bundan sonra görə biləcəyi tədbirlərə dair aydın mesajlar verildi. Qlobal Bakı Forumu Azərbaycanın regional, eyni zamanda, qlobal əhəmiyyətli proseslərdə, beynəlxalq münasibətlər sistemində rolunun daha dolğun təqdim edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu da bu baxımdan çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumunun keçirilməsi də dünyada mövcud olan qlobal problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Prezident İlham Əliyev Forumun açılış mərasimində dərinməzmunlu çıxış edərək dünyada və regionumuzda baş verən proseslər, ölkəmizin enerji siyasəti, Qoşulmama Hərəkatı müstəvisində fəaliyyəti və digər aktual mövzularla bağlı fikirlərini ifadə edib. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, dövlətimizin başçısı Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan edib. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq.

Forumun aktual mövzularından biri də dünyada, o cümlədən Avropada enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə dəyişib. İndi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Dövlətimizin başçısının dediyi kimi, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişiklikləri ölkələrin iqtisadiyyatına, ətraf mühitinə və ekologiyasına ciddi ziyan vurur. Ona görə də, beynəlxalq ictimaiyyət bu qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.